📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-10-26 12:46:00

"Ermənistan əlverişli şəraitdən yararlanmaq istəməsə, o zaman Azərbaycan öz maraqlarını güc yolu ilə təmin edəcək"

"Ermənistan müxalifəti xüsusilə, Robert Koçaryanın rəhbəri olduğu "Hayastan" bloku Nikol Paşinyanın Moskvada Azərbaycan prezidenti ilə danışıqlar prosesində ərazi güzəştlərinə gedəcəyi bəhanəsi ilə mitinqlərə start verib. Robert Koçaryana "Daşnaksityun" partiyasindan İşxan Saqatelyan dəstək verir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu kimi mitinqlərlə hakimiyyətə təzyiq etmək mümkün olmayacaq: "Həmçinin, bununla Koçaryan əhalinin aktiv dəstəyini ala bilməyəcək. Parlament seçkilərində Koçaryan hesab edirdi ki, ana müxalifət olaraq Paşinyana qarşı mübarizə aparacaq və konkret nailiyyətlər əldə edəcək. Parlamentdə fraksiya rəhbəri S.Ohanyanın bir neçə təxribatlara əl atması və blokun deputatlarının etirazları da səmərəli olmadı. "Hayastan" fraksiyasının bütün təxribatlarının qarşısı iqtidar partiyası tərəfindən alındı. Bununla da Koçaryanın parlament mübarizəsi fiaskoya uğradı. O, növbəti dəfə meydana qayıdır. Bu dəfə Paşinyanın ölkəsinin sülhə və iqtisadi blokadadan çıxmaq siyasətinə qarşı etiraz edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxır".

Politoloq hesab edir ki, Koçaryanın bu siyasəti, nə arxalandığı Rusiya, nə də artıq sıradan çıxmaq üzrə olan "Qarabağ klanı" tərəfindən dəstəklənəcək: "Ona görə də Koçaryanın daşnaklarla birgə fiaskoya uğramış mübarizəsi də nəticəsiz başa çatacaq. Ümumiyyətlə, regionda yeni geosiyasi reallıqlar yaranıb. Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir. Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir. Əks təqdirdə Ermənistan siyasi-iqtisadi defolta məhkum olacaq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Azərbaycanın yaratdığı yeni siyasi nizam Ermənistan üçün də yeni əlverişli şərait yaradır: "İrəvan bundan yararlanmaq istəməsə, o zaman Azərbaycan öz maraqlarını güc yolu ilə təmin edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az