📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Elə etməliyik ki, Kreml hərbçilərini Qarabağdan çıxarmaq barədə qərar qəbul etsin" - ELXAN ŞAHİNOĞLU

2022-05-30 12:05:00

"Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var"

"Kremlin Ukraynada apardığı işğalçı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükəndirir. Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı, daha iki istiqamətdə - Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir. Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, bu, Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır: "Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsini əngəl olmaq istəmir. Əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirib. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirib. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən - Qarabağdan da çıxarmaq barədə qərar qəbul etsin: "Bu məsələnin həllində də Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rolu olacaq. Rusiyanın Suriyanı tədricən tərk etməsinin eynisinin Qarabağda həyata keçirilməsi imkanlarının müzakirə ediləcəyi istisna deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az