Elektron uçot sisteminə keçid - Dövlət dəstəyi ehtiyacı olan hər bir ailəyə çatacaq - Fotolar
Noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb.
Hurriyyet.net xəbər verir ki, təlimlərə Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub.
Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.
Təlimlərin əsas məqsədi uçotun yeni qaydalarının izah edilməsi, məlumatların tamlığının və dəqiqliyinin təmin olunması, planşetlərdən və elektron informasiya sistemindən istifadə üzrə kadr potensialının gücləndirilməsidir. Təlimlərdə qeyd olunub ki, 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Bununla da vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış olmaq imkanı əldə edəcəklər.
Ev təsərrüfatlarının uçotu əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun və etibarlı məlumatların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uçot nəticəsində formalaşan məlumat bazası əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsinə, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilinə, dövlət dəstəyinin ehtiyacı olan ailələrə ünvanlı şəkildə yönəldilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.
Eyni zamanda, uçot məlumatları yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi, demoqrafik proseslərin öyrənilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı və regional infrastruktur layihələrinin real tələbat əsasında planlaşdırılması üçün mühüm informasiya mənbəyidir.
Uçotun “mygov” platforması üzərindən elektronlaşdırılması məlumatların keyfiyyətinin yüksəldilməsinə, dövlət informasiya sistemlərində mövcud olan məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni məlumatların təkrar tələb olunmasının azaldılmasına, uçot prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə imkan verəcək. Bu yenilik, həmçinin dövlət xidmətlərinə əlçatanlığın artırılmasına, vətəndaşların inzibati yükünün azaldılmasına və əhalinin sosial-iqtisadi vəziyyətinə dair etibarlı informasiya bazasının formalaşdırılmasına xidmət edəcək.
Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.




