📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əli Vəliyev Nəbi obrazı yaradıb ki, İsfəndiyar bəyin qəhramanlığı tarixdə qalsın”

2021-12-28 13:26:00

“Əli Vəliyev Nəbi obrazı yaradıb ki, İsfəndiyar bəyin qəhramanlığı tarixdə qalsın”

İlham Hüseynov: “Bu, o demək deyil ki, Əli Vəliyev hansısa Nəbini nəzərdə tutub, sadəcə bir obraz yaradıb, adını Nəbi, xanımına da Həcər adı qoyub”

“Təəssüf doğuran odur ki, istər çar Rusiyası dövründə, istər sovet dövründə bizim həqiqi tariximizi yazmağa ixtiyarımız olmayıb”

Hələ rus imperiyası zamanlarından qaçaqlar xalqın yaddaşında haqsızlıqla mübarizə simvollarından biri kimi qalıb. Haqq-ədalət uğrunda mübarizənin təmsilçilərindən biri də Qaçaq Nəbidir. Müsahibimiz İsfəndiyar bəyin nəslindən olan İlham Hüseynovla müsahibəmizdə son vaxtlar Qaçaq Nəbi ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirməyə çalışdıq.

- Yazıçı Əli Vəliyev nə vaxtsa İsfəndiyar bəyin fəaliyyətinin Nəbinin adı ilə qələmə verilməsini bu cür izah edib?

-O zaman mənim əmim bu məsələyə görə yazıçı Əli Vəliyevin üzərinə gedib məsələyə görə. Əli Vəliyev də qonşu kənddən idi, İsfəndiyar bəyi şəxsən tanıyırdı. O zaman mən uşaq idim, amma əmimin Bakıya Əli Vəlievlə görüşmək, etirazını bildirmək üçün gəldiyini bilirəm. O zaman Əli Vəliyev əmimə deyib ki, mən Nəbi obrazını yaratmışam ki, İsfəndiyar bəyin qəhramanlığı tarixdə qalsın, mən İsfəndiyar yaza bilməzdim, bu adla yazmışam. Amma bu o demək deyil ki, Əli Vəliyev hansısa Nəbini nəzərdə tutub. O, sadəcə bir obraz yaradıb, adını da Nəbi qoyub, xanımına da Həcər adı qoyub. Şeir qoşmaq üçün gərək elə ad qoyasan ki, ona mahnı da qoşanda nəqarətlər düz gələ. Bu baxımdan, ədəbi asanlıq baxımından Nəbi-Həcər İsfəndiyar-Şahbəyim adlarından daha rahatdır. Yazıçıların, şairlərin təxəyyülündə bunlar hamısı nəzərə alınır. Mən belə düşünürəm. Amma insanlar fikriləşirlərsə ki, yəqin bu Nəbi mənim kənddəki qonşum Nəbidir, ya bəziləri deyirsə ki, mənim xalam var, Həcərlə rəfiqə olub, bu məsələyə bələdik, tanıyırdıq, Nəbinin xanımı idi, bunlar söz-söhbətdir. Amma mənim verilişə çıxamqla demək istədiyim bu idi ki, ay qardaşlar, bu yazıçı təxəyyülüdür, əsas qəhrəman İsfəndiyar bəy adlı kişi olub. Başqa bir adamdan söhbət getmir. Bunun da sübutu budur ki, Boz at, Aynalı tüfəng o zonada heç kimdə olmayıb, İsfəndiyar bəydə olub.

-Yəni belə düşünürsün ki, Aynalı tüfəng o dövrdə kasıb, sıradan olan bir adamda ola bilməzdi...

-Təbii ki. Aynalı tüfəng aztapılan bir silah idi. Hər adam onu əldə edə bilməzdi. Həcər, Nəbi üstündə gileylənməyin də mənası yoxdur. Bu adamlar bədii əsərin qəhramanlarıdır, real həyatda olmayıblar.

-İlham bəy, bəs Həcər obrazının filmdə göstərilən xüsusiyyətləri İsfəndiyar bəyin xanımlarında olubmu?

-Ümumiyyətlə filmdə çəkilənlər yazıçı təxəyyülüdür, o dövrün tələbinə görə yazılıb. Nə də buna görə kimsə yazıçıdan incimir. Təəssüf doğuran odur ki, istər çar Rusiyası dövründə, istər sovet dövründə bizim həqiqi tariximizi yazmağa ixtiyarımız olmayıb. Söhbət təkcə İsfəndiyar bəydən getmir. Tariximizdə çox boşluqlar yaranıb. Bundan başqa qeyd edim ki, o dövrdə bütün xanımlar at da çapa bilirdi, tüfəng də ata bilirdi. Türklərdə bu dəbdə olub. Amma İsfəndiyar bəyin xanımı ilə birgə qaçaq düşməyi doğru deyil. İsfəndiyar bəyin iki xanımı olub - Şahbəyim xanım və Sədət xanım. İsfəndiyar bəyin Həcər adlı xanımı olmayıb. Bu xanımlar da öz evində, uşaqlarının üstündə olub. Kənddən heç kim çıxmayıb. İsfəndiyar bəyin aid olduğu dörd qardaşın - Əbil bəy, Səməd bəy, Kərim bəy, Hüseyn bəyin bəlkə 30-40 cavan oğlu olub, onların hərəsinin 10-12 uşağı olub. Hətta Əbil bəyin dörd oğlu 1905-ci il erməni-müsəlman müharibəsində, bir oğlu çar Rusiyasının Fin müharibəsində həlak olub. Yəni bunlar çox olublar. İsfəndiyar bəyin evdə olmaması o qədər də qorxulu olmayıb. Qohum-əqrabası çox olub. Nəsil də yalnız kəndin içində bir-birinə qız verib, qız aldığı üçün sıx qohumluq da olub. Hazırda Türkiyədə, İranda, Ukraynada da qohumlarımız var. Ukraynanın Odessa şəhərindəki qohumumuzu tapmışıq. O da İsfəndiyar bəyin bacısı oğludur. Türkiyəyə, İrana gedən qohumlarımız da Rusiyanın təqibindən qaçdılar. İsfəndiyar bəyin tutulmasının səbəbi də onlar oldu. 30-cu illərdə kolxozlaşma başlayanda ki, bəyləri, mülkədarları qolçomaq adıyla tuturdular, hökumət də İsfəndiyar bəyə siyahı göndərirlər ki, bu adamlar həbs olunmalıdır. İsfəndiyar bəy də görür ki, bu adamlar onun əmisi uşaqları, dayısı uşaqları, qardaşı olublar, başa düşür ki, bu quruluş onları məhv edəcək və o qohumlarının ölkədən çıxmasını təşkil edir, amma özü tutulur. O dövrdə sərhədi keçmək elə bir problem deyildi. Xocahan kəndi ətrafında böyük Xocahan bazarı vardı, ətraflardan - Cənubi Azərbaycanın Qubadlıya yaxın yerlərindən, Türkiyədən o bazara gəlirdilər. Yəni o zaman sərhəd indiki kimi qorunmurdu. Həmin qohumlardan bəzilərinin ünvanını bilirik, amma get-gəlimiz yoxdur. Yaşlı insanlar dünyasının dəyişdi, köklər itdi. Qohumlardan yalnız Ukraynadakı qohumumuz İsfəndiyar bəyin bacısı oğlu Musa kişini 55 ildən sonra 1988-ci ildə Qubadlıya Xocahan kəndinə gətirə bildim. Kənd ağsaqqallarından Musa kişinin uşaqlıq dostunu tapdıq. Bu adam baytar həkimi idi. Bir-birini tanıdılar. Mağar quruldu, bütün kənd yığıldı o mağara. Heyif ki, çəkiliş etmədim. Musa kişi orada çox adamı tanıdı.

Bir məzəli epizod deyim. Bir kor qadın gətirdilər, Nübar adında. Dedilər, bir kor qadın var, Nübar adlı, səni görmək istəyir. Musa kişi dedi, uşaqlıq yoldaşımdı, qoy gəlsin. Nübarı gətirdilər içəri, Musanı görmür axı, soruşur Musa hardasan? Musa kişi dedi, burdayam. Gəlib onu qucaqladı, dedi, "canın yanmasın, gözlərin niyə tutulub? Hüseyn yaşayır?" Belə deyəndə yerdən camaat dedi ki, bunun ərinin adı Hüseyn deyil, Məmməddir. Musa kişi dedi, nə danışırsınız, bunu Hüseyn götürüb qaçmışdı. Nübar xala dedi, siz bilmirsiniz, mənim birinci ərimin adı Hüseyn olub. Orada o qədər məzəli, şən anlar yaşandı ki...

Bu yaxınlarda Musa kişinin Ukraynadakı oğlunun gəlişini gözləyirik. Əhalinin işğaldan azad olunmuş torpaqlara qayıdışını gözləyir.       

-Aydındır. Amma, məncə, İsfəndiyar bəy haqda dediyiniz dəftərləri üzə çıxarmaq, mənbə kimi müraciət etmək olar. Hətta onun əsasında film də çəkmək olar.

-25 il çəkdiyimiz müsibətlərə görə, ancaq gündəlik həyatımız üçün mübarizə apardıq. Azərbaycandakı arxivlərdə heç bir şey tapmadıq. Bizə dedilər ki, Tiflisdəki arxivlərdən nəsə tapmaq olar. O zaman Tiflis Zaqafqaziyanın mədəniyyət mərkəzi hesab olunurdu. Əgər biz Tiflisdəki arxivlərdən nəsə tapsaq, həmin dəftərlərlə bir araya gətirib, ssenaristin köməyilə əsl tarixi qəhramanımızı üzə çıxara bilərik.

-Bəs, İsfəndiyar bəyin davamçıları, övladları varmı?

- Belə var ki, İsfəndiyar bəyin qızı Törə xanım vardı, onun da bir oğlu var idi, Natiq həkim, Sabunçu xəstəxanasında lazer cərrahiyəsi bölməsində cərrah işləyirdi. O da rəhmətə gedib. Onun da övladı var, amma, məncə, onlar bizdən az bilirlər, çünki gəncdirlər. Yaşlı nəsil o zamankı yaşlıları, ağbirçəkləri gördüyü, onların dediyi yaddşalarına həkk olunduğu üçün daha çox bilirlər. Mənim övladlarım da çıxış etdiyim verilişə baxdıqdan sonra dedilər ki, heç biz bilmirdik bunları. İnsan yaşlandıqca daha çox keçmiş xatirələri xatırlayır, cavanlar bunları bilmir. Mən özüm də Qubadlının Xocahan kəndində doğulmamışam, nəslimiz oradandır.

-İsfəndiyar bəyin taleyi necə sonuclanıb?

-İsfəndiyar bəy 1937-cı ildə sovet hökuməti tərəfindən Bayılda güllələnib. Onun cənazəsi də ailəsinə verilməyib. Bu hadisədən sonra nəslimizi Xocahan kəndindən Şamaxı rayonuna sürgün ediblər. Böyük bir nəsildən mənim atam və əmim qalıb. Onlar da o dövrdə gənc olublar. Nənəm danışardı ki, “Allahın yastığını da götürməyə imkan vermədilər”. Nəslimizi gətirib Şamaxıda hansısa bəyin anbarı olmuş binaya töküblər. Qonum-qonşu kömək edib, 1941-45-ci il müharibəsinə qədər yaşayıblar. Əmim müharibəyə getdiyinə görə onlara hörmət olaraq Qarabağa qayıtmağa icazə veriblər. Amma Qubadlıya yox, əmim Şuşaya, atam Ağdama qayıda bilib. Biz, atamın övladları, ümumiyyətlə, Qubadlının Xocahan kəndində yaşamamışıq. Mən İsfəndiyar bəy haqda əmimin danışıqlarından öyrənmişəm. İsfəndiyar bəy qaçaq düşəndə əmimin 18-20 yaşı olub. Onun bütün əziyyətini əmim çəkib - meşədən İsfəndiyar bəylə əlaqəni təmin edən əmim olub. Əmim də xatirələrini dəftərlərə yazıb.

Sovet hökuməti qurulanda İsfəndiyar bəyə bəraət veriblər. Həm də onu Qubadlı zonası üzrə "uyezd naçalniki" vəzifəsinə, indiki dillə polis rəisi qoyublar. İsfəndiyar bəyin bacısı Fİzzə xanımla da bu əmim ailə qurub. Hurriyyət Tv-də mənimlə birgə iştirak edən də də həmin əmimin nəvəsi Elçin idi. O zaman Xocahan kəndinə gedəndə məlum oldu ki, İsfəndiyar bəyin atası Məmmədhəsən bəyin evi kənd məktəbinin binasına çevrilib.

-İlham bəy, qeyd etdiniz ki, siz Ağdamdansınız. Oraya qayıdacaqsınızmı?

-Əlbəttə, həsrətlə gözləyirəm ki, minadan təmizlənsin, mütləq qayıdacağam. Tək mən yox, çox adam ora qayıdışın həsrətindəyik. Mənim yaşda olanlar daha çox buna can atır, çünki ömrümüz keçir.       

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA