Əlişir Usmanov Moskva çayını da bölüşdürüb?
Rusiyanın tanınmış milyarderi Əlişir Usmanovun Moskva çayının sahilində yerləşən 50 hektarlıq qiymətli torpaq sahəsini şəxsi mülkiyyətinə keçirdiyi iddia olunur. Araşdırmada torpaq əməliyyatlarının arxasında dövlət bankı və Moskva meriyasına məxsus şirkətin də adı çəkilir.
Hurriyyet.net Rusiyanın Rucriminal.info saytına istinadən xəbər verir ki, jurnalistlərin əldə etdikləri sızdırılmış məlumatlara əsasən, Usmanov Moskva ətrafındakı Kuntsevo ərazisində yerləşən 500 343 kvadratmetrlik torpaq sahəsini 2021-ci ilin oktyabrında öz adına rəsmiləşdirib.
Torpağın kadastr dəyəri 1,9 milyard rubl təşkil edir. Bazar qiymətinin isə bundan xeyli yüksək olduğu bildirilir.
Araşdırmaya görə, Usmanovun təxminən 20 hektarlıq şəxsi malikanəsi Moskva çayının qarşı sahilində yerləşir. Yeni torpaq sahəsinin alınmasından sonra milyarder faktiki olaraq çayın hər iki tərəfində geniş ərazilərə sahib olub.
Sayt bu vəziyyəti Usmanovun paytaxtın əsas su arteriyasının bir hissəsini də öz mülkləri arasında saxlaması kimi xarakterizə edir. Məlumata görə, həmin torpaqlar əvvəllər dövlətə məxsus VTB bankının mülkiyyətində olub. Bank onları iş adamı Sergey Puqaçovun borclarının tənzimlənməsi nəticəsində əldə edib. 2021-ci ildə torpaqların satıldığı bildirilsə də, alıcının kimliyi açıqlanmamışdı.
Araşdırmada iddia olunur ki, Usmanov əvvəlcə çayın başqa hissəsindəki torpaq sahəsini VTB-yə verib, əvəzində isə öz malikanəsinin qarşısındakı ərazini əldə edib. Sonrakı illərdə VTB-nin əlində qalan üç qonşu torpaq sahəsi əvvəlcə “SZ Qals-Maslovo” şirkətinə, 2023-cü ilin dekabrında isə “Mərkəzi Yanacaq Şirkəti”nə (ÇTK) satılıb.
Maraqlıdır ki, sonuncu şirkət Moskva meriyasına məxsusdur.