📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyev-Paşinyan görüşündən NƏ GÖZLƏNİLİR?

2021-11-23 11:50:00

Əliyev-Paşinyan görüşündən NƏ GÖZLƏNİLİR?

İlqar Altay: "Putin Paşinyanı Avropa İttifaqının vasitəçi tərəf kimi regional sülh və sabitliyin nizamlanmasına qoşulmasına, Qərbin bu məsələyə dərindən müdaxiləsinə razılıqdan çəkindirməyə çalışır"

Elxan Şahinoğlu: "Rusiya Azərbaycanla Ermənistan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi Avropa İttifaqı ilə bölüşmək istəmir"

Samir Hümbətov: "Əliyevlə Paşinyanın Brüssel görüşü Kremlin təzyiqi olmadan, onların daha rahat dil tapmasına şərait yarada bilər"

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Şərq Tərəfdaşlığı proqramının Brüsseldə keçiriləcək sammitində görüşməyə razılıq veriblər. Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında dərc olunan məlumatda deyilir ki, şuranın rəhbəri Şarl Mişel noyabrın 19-da hər iki liderlə telefonda danışıb və regionda yaranmış vəziyyəti müzakirə edib. Həmçinin, o da bildirilir ki, iki lider regional vəziyyəti, habelə çiçəklənən və stabil Cənubi Qafqaz naminə fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq veriblər. Şarl Mişellə söhbət zamanı İlham Əliyev və Nikol Paşinyan habelə ölkələrinin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması baradə razılığa gəliblər.

Məsələnin maraqlı tərəfi ondadır ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putin də öz növbəsində, Ermənistanın baş nazirinə telefon açıb. Bununla bağlı Kremlin mətbuat xidmətinin yaydığı informasiyaya görə, Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. O cümlədən, gələcək təmaslar barədə razılıq əldə olunub.

"Avropa bu məsələnin nizamlanması işində vasitəçi olarsa, onda gərək, Rusiya da vasitəçi rolunda olsun, lakin Kreml prosesdə 3-cü tərəf kimi davranır" 

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın qənaətincə, Putinlə Paşinyanın söhbəti iki cür - pozitiv və neqativ yozula bilər. Yəni, İlqar Altay hesab edir ki, Rusiya prezidentinin məhz bu məqamda Ermənistanın baş nazirinə telefon açması Vladimir Putinin, İlham Əliyevlə Nikol Paşinyanın 15 dekabrda Brüsseldə Avropa İttifaqının təşkili və vasitəçiliyi ilə baş tutacaq təkbətək görüşü öncəsi aktivləşməsi kimi xarakterizə oluna bilər: "Bu, həm də Paşinyana regiondakı ümumi sülh sazişi, Zəngəzur dəhlizi və sərhəd məsələsini Brüsselədək heç olmasa konkret bir maketə, layihə halına gətirmək istiqamətində təzyiq kimi də dəyərləndirilə bilər. Eyni zamanda, Putinin zəngi Paşinyanı Avropa İttifaqının vasitəçi tərəf kimi regional sülh və sabitliyin nizamlanmasına qoşulmasına, Avropanın, Qərbin bu məsələyə dərindən müdaxiləsinə razılıqdan çəkindirmək anlamına da gəlir. Çünki Avropa bu məsələnin nizamlanması işində vasitəçi olarsa, onda gərək, Rusiya da vasitəçi rolunda olsun. Kreml isə bu prosesdə 3-cü tərəf kimi davranır. Bu da təbii ki, məntiqli suallar doğurur. Əgər sən - Rusiya münaqişədə tərəf tutmamısansa, sülhməramlı, neytralsansa, onda münaqişənin həllində nədən tərəf olasan? Əgər vasitəçisənsə, qoşul Avropaya, birlikdə iki qonşu ölkə arasında müharibə sonrası sülhü gücləndirin".

"Paşinyan və Putin bir-birinin mövqeyindən şübhələnir, ortaya qoyacaqları yanaşmadan narahatdırlar" 

Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasındakı telefon danışığına toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Putinin və Paşinyanın bir-birindən şübhələnmələri üçün əsasların olduğunu bildirib. Belə ki, politoloqun fikrincə, Paşinyan Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması məqsədilə Putinin yanaşmasından, Putin isə Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır: " Rusiya Azərbaycanla Ermənistan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi rəqibi Brüsselə bölüşmək istəmir. Vladimir Putin Nikol Paşinyanla İlham Əliyevi Brüsseldən öncə, bu ayın əvvəlində Moskvada görüşdürmək istəyirdi. Paşinyan qeyri-rəsmi kanallarla görüşdən imtina etdiyini Moskvaya bildirdi. Kremldə belə bir sual yarana bilər ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin müəyyənləşməsinə hazır olmaması səbəbindən Moskvadakı görüşü təxirə saldısa, İlham Əliyevlə Brüsseldə görüşməyə niyə razılığını verib?" "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, bu sualın cavabını Brüsseldəki görüş başa çatandan sonra müəyyənləşdirmək mümkün olacaq.

"Hesab edirəm ki, görüş baş tutarsa, İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq, Paşinyan isə Putinin təzyiqini üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edə bilər" 

Siyasi ekspert Samir Hümbətov isə hesab edir ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutacaq görüşü, o cümlədən tərəflər arasındakı insidentləri aradan qaldırmaq məqsədi ilə müdafiə nazirləri səviyyəsində birbaşa xəttin yaradılması barədə razılığın əldə olunması böyük əhəmiyyətə malikdir. Siyasi ekspertin sözlərinə görə, əgər bu görüş baş tutarsa, tərəflər arasında bəzi məsələlərdə razılıq əldə edilməsi daha real görünə bilər: "Həm də bu görüş Moskvanın təzyiqi olmadan, tərəflərin daha rahat dil tapmasına şərait yaratmış olar. Burada əsas diqqət çəkən bir neçə məsələ var: 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannaməsinin şərtlərinə əməl edilməsi, sərhəddə baş verən hadisələri dinc yolla həll etmək və Rusiyanın məsələyə müdaxiləsini mümkün qədər azaltmaq, tərəflər arasında belə görüşlərin mütəmadi hal alması və sülh danışıqlarını tərəflərin həm də birbaşa aparması haqqında razılığa gəlmək, sərhədlərin delmitasiya və demarkasiyası məsələsini daha da sürətləndirmək". Samir Hümbətovun qənaətincə, əgər Paşinyan bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Ankarada da keçrilməsi mümkün ola bilər: "Hesab edirəm ki, bu görüş baş tutarsa, ölkə başçısı İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq. Fikrimcə, Paşinyan da Qərbin adamı olduğu üçün Brüsseldə Putinin təzyiqini üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edə bilər".

Putinin Paşinyana verdiyi qulaqburmasından sonra Brüssel görüşündən ciddi nəticə gözləməyə dəyməz!

Gördüyünüz kimi, bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Kreml nəyin bahasına olursa-olsun dekabrın 15-ə, yəni İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşünə qədər Rusiyanın vasitəçiliyi ilə görüş keçirməyə çalışacaq və böyük ehtimalla, buna da nail olacaq. Həmçinin, Putinin təklifi ilə baş tutacaq görüşdə hər hansı razılaşmanın əldə olunması ehtimalı da kifayət qədər yüksəkdir. Söz yox ki, Rusiya bununla Qərbə Cənubi Qafqazın hələ də onun təsir və maraq dairəsində olduğunu, eyni zamanda Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində əsas söz sahibi kimi mövqeyini qoruduğunu nümayiş etdirmək niyyətindədir. Məhz elə bu səbəbdən də Vladimir Putin Brüssel görüşü öncəsi Nikol Paşinyana telefon açaraq, ona qulaqburması verib və Qərbi prosesdən uzaq tutmağı tələb edib. Heç şübhəsiz ki, Ermənistanın baş naziri də Rusiya prezidentinin tələbinə "ləbbeyk" deməklə kifayətlənib. Çünki əks halda, Kreml Paşinyanı daha ağır duruma düçar edə bilər. Odur ki, Brüssel görüşündən elə də ciddi nəticə gözləməyə dəyməz!

Vazeh BƏHRAMOĞLU