📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əliyev, Putin və Paşinyanın Soçi görüşü bizə nə verəcək? - EKSPERTLƏRİN MÖVQEYİ

2022-11-01 11:08:00

Əliyev, Putin və Paşinyanın Soçi görüşü bizə nə verəcək? - EKSPERTLƏRİN MÖVQEYİ

Məhəmməd Əsədullazadə: "Paşinyan Rusiyanın sülh planını qəbul edərsə, o zaman ABŞ və Avropa İttifaqını qarşısına almalı olacaq"

"Rusiyanın Qarabağ siyasətini müdafiə edənlər kor və strateji baxışları olmayan Kreml nökərləridir"

Zaur Məmmədov: "Əgər Paşinyan sülhməramlıların mandatının uzadılmasına dair hər hansı sənədə imza atarsa, onda Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq"

Asif Nərimanlı: "Soçi görüşünün Ermənistan və Rusiyanın deyil, Azərbaycanın gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür"

Kənan Novruzov: "Kreml üçün daha faydalı olan variant Bakı ilə diktə dilində danışmaq yox, diqqətli davranmaqdır, əks halda itirən özü olacaq"

Araz Aslanlı: "Prosesləri nəzarət altında saxlamağa, həll prosesini uzatmağa xidmət edən görüşlər və vasitəçiliklər Minsk Qrupunun həmsədrləri kimi ömrünü başa vurmağa məhkum olacaq"

Ötən gün Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə üçtərəfli bəyanat, nəqliyyat-iqtisadi əlaqələr və kommunikasiyaların blokdan çıxarılması məsələsi müzakirə olunub. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, rəsmi Moskva sözügedən görüşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına doğru irəliləməyə imkan verəcəyinə ümid edir.

Onu da qeyd edək ki, axar.az-da yer alan informasiyaya görə, rusiyalı politoloq Andrey Areşev məsələ ilə bağlı açıqlamasında "Cənubi Qafqaz regionunda vəziyyət partlayıcı kimidir və Kreml kompromis sülh təklif etməyə çalışır", deyə bildirib. Qarabağ məsələsinin mürəkkəb olduğunu iddia edən rusiyalı politoloqun fikrincə, xarici müdaxilə ilə daha da mürəkkəbləşir: "Odur ki, Soçidə keçiriləcək üçtərəfli görüşdə nələrin baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil".

"Soçi görüşündən öncə Xankəndidə keçirilən mitinqi Rusiya təşkil edib və bu, Brüsselin irəli sürdüyü sülh müqaviləsinə qarşı Moskvanın siyasətidir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Soçi görüşündən öncə Xankəndidə keçirilən mitinqi Rusiya təşkil edib. Onun fikrincə, bu, Brüsselin irəli sürdüyü sülh müqaviləsinə qarşı Moskvanın siyasətidir: "Bununla göstərmək istəyirlər ki, ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmir. Kim yaşamaq istəmirsə, Qarabağı tərk edə bilər. Bunu prezident İlham Əliyev də elan edib. Rusiyanın vasitəçiliyi isə Azərbaycana lazım deyil. Rusiya açıq şəkildə Azərbaycana qarşı təhdid siyasəti həyata keçirir. Rusiyanın ölkəmizdəki "5-ci kolonu"nun nümayəndələri isə utanmadan Kremlin vasitəçiliyini müdafiə edirlər. Rusiyanın Qarabağ siyasətini müdafiə edənlər kor və strateji baxışları olmayan Kreml nökərləridir".

"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən - Qarabağdan çıxarılmasını tələb etməliyik"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Soçi görüşündən sonra Qarabağdakı silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatların keçirilməsi labüd olacaq: "Rusiya və Ermənistan dəhliz yolundan buradakı silahlı erməni qüvvələrinin hərbi lojistikasını həyata keçirir. Odur ki, Azərbaycan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq üçün bu yolda post qurmalıdır. Çünki Rusiya prezidenti Vladimir Putin açıq tezislə Azərbaycana təzyiq edir. Nikol Paşinyan isə sülhməramlı qüvvələrlə bağlı siyasi oyun oynayır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, hərbi əməliyyatlar başlasa, o zaman Türkiyə də meydanda ola bilər. Odur ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən - Qarabağdan çıxarılmasını tələb etməliyik".

"Bütün bunlar Soçidə Azərbaycan əleyhinə danışıqlar prosesinin planlaşdırıldığını deməyə əsas verir"

Politoloqun qənaətincə, Soçi görüşündə Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi danışıqlar masasına çıxarılacaq: "Görünən odur ki, Vladimir Putin yeni sənəd hazırlayaraq Qarabağda sülhməramlı qüvvələrinin mandatının uzadılmasında maraqlıdır. Bildiyiniz kimi, hazırda sülhməramlı qüvvələrinin mandatının bitməsinə 3 il var. Buna görə də indidən belə bir sənədin danışıqlar prosesinə çıxarılmasına ehtiyac yoxdur. Sadəcə, Putin Qərbin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması fonunda hərbçilərinin mandatını uzatmaqla Qarabağda qalıcılığını sığortalamaq istəyir. Bu plan Ermənistanın da maraqlarına cavab verir. Məhz bu səbəbdən də Paşinyan sülhməramlı qüvvələrin mandatının uzadılması sənədinə imza atacağını qeyd edib". Politoloq bildirib ki, bütün bunlar Soçidə Azərbaycan əleyhinə danışıqlar prosesinin planlaşdırıldığını deməyə əsas verir: "Təbii ki, prezident İlham Əliyevin bu cür sənədə imza atacağı və Moskvanın bu kimi mövqeyi ilə razılaşacağı gözlənilmir. Ümumiyyətlə, Azərbaycan baxımından Soçi görüşünə ehtiyac yoxdur".

"Kremlin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan Brüssel formatına üstünlük verəcək"

Milli Cəbhə Partiyasının sədr müavini iddia edir ki, Soçi görüşü sülhə deyil, Rusiyanın Azərbaycan ərazisində etnik ermənilər vasitəsilə yenidən separatizm ocağını saxlamağa xidmət edir: "Xankəndidə təşkil edilən kütləvi etiraz aksiyaları məhz Rusiyanın Azərbaycana mesajıdır. Onu da vurğulamaq lazımdır ki, Rusiyanın sülh planı Paşinyanın siyasi maraqlarına da xidmət etmir. Odur ki, Paşinyanın "Rusiyanın planını qəbul edirəm" açıqlaması blefdən başqa bir şey deyil. Hesab edirəm ki, Qərbyönümlü siyasət aparan Paşinyan beynəlxalq izolyasiya olunan və Ukraynada məğlub olan Rusiyanın sülh planını qəbul edərsə, o zaman ABŞ və Avropa İttifaqını qarşısına almalı olacaq. Çünki o, Vaşinqton və Brüsselin irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul edib. Belə olan təqdirdə, Paşinyanın Rusiyanın sülh müqaviləsinin şərtlərini qəbul etməsi, onun ikili oyun oynaması və Qərbin siyasətinə demarş gəlmək deməkdir. Paşinyan bilir ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ problemini saxlamaqla onu hakimiyyətdən devirməyi planlaşdırır. Fikrimcə, Rusiyanın Xankəndi təşkil etdiyi etiraz aksiyaları Paşinyanın siyasətinə qarşıdır. Heç kimə sirr deyil, Rusiya bu yolla hər iki ölkəyə təzyiq etməyə çalışır". Məhəmməd Əsədullazadə hesab edir ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan Brüssel formatına üstünlük verəcək: "Çünki Rusiya batan gəmidir, batan gəmiyə isə nə Ermənistan, nə də Azərbaycan minəcək. Odur ki, Azərbaycan və Ermənistan liderləri növbəti dəfə Vaşinqtonda bir araya gələ bilərlər".

"Paşinyanın məqsədi Qarabağla bağlı qeyri-müəyyən vəziyyətin gələcəyə saxlanılmasıdır"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, Nikol Paşinyan sülhməramlıların mandatının uzadılmasına qərar verə bilməz, çünki Qarabağ Azərbaycandır: "Əgər Ermənistanın baş naziri həmin sənədə imza atarsa, onda Qərbi Zəngəzurun aqibətini düşünməli olacaq. Paşinyanın belə bir təkliflə çıxış etməsi onun necə sürüşkən və etibarsız danışıqların tərəfi olduğunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan bir şərtlə müəyyən məsələlərə baxa bilər. Müəyyən istəklərin müqabilində - Ermənistan rəsmi şəkildə Qarabağa iddiadan əl çəkir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, deməli Qarabağla bağlı daxili auditoriyanın gözündən pərdə asmaq üçün sülhməramlıların bölgədə daha 10-20 il qalması bəyanatını səsləndirir. Onun məqsədi bəllidir, yəni Qarabağla bağlı qeyri-müəyyən vəziyyətin gələcəyə saxlanılmasıdır". Bakı Politoloqlar Klubunun rəhbəri onu da əlavə edib ki, Bakı fikrindən dönməyəcək: "Əgər Soçidə Rusiya 15 bəndlik təklifindəki sonuncu Qarabağla bağlı bəndi aktuallaşdırmaq istəyəcəksə, bu, Bakının ciddi etirazı ilə qarşılanacaq. Çünki bundan əvvəl müzakirə olunan Qərbin təklifində Qarabağda yaşayan əhalinin Azərbaycana inteqrasiyasından söhbət gedir və bu versiya ilə razılaşılmışdı".

"İstisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə bağlı yekun bəyanat qəbul edilə bilər"

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Soçi görüşünün İrəvan və Moskvanın deyil, Bakının gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür: "Görüş Rusiyanın bölgədə təşəbbüsü Qərbin əlindən almağa hesablanıb və Qərbin bölgəyə girişinə Ermənistanın şərait yaratması fonunda "ruslar erməniləri yenidən "evə qaytarmaq" üçün istədiklərini verəcək" gözləntisi yaranır. Hərçənd, güclü bənd olan Bakının mövqeyi nəzərə alınmadığı təqdirdə, buna nail olmaq mümkün deyil. Rusiya Xankəndidəki mitinq ssenarisi ilə Bakıya təzyiq edə bilməyəcək. Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir və Xankəndi ətrafında siyasi-iqtisadi-hərbi üstünlüyə malik olması mövqeyini gücləndirir. Rusiyanın geosiyasi baxımdan üzləşdiyi vəziyyət də Ankara-Bakı ikilisindən uzaqlaşacaq gediş etməsini məhdudlaşdırır". Siyasi şərhçinin sözlərinə görə, görüşün əsasən üçtərəfli razılaşmaların icrası üzərində fokuslanacağı ehtimalı ön plandadır: "İstisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə bağlı yekun bəyanat qəbul edilə bilər. Bura sərhəd və kommunikasiya məsələləri də daxildir. Ümumiyyətlə, "Qarabağın" adının mümkün bəyanata daxil edilməsi ehtimalı yoxdur. İlham Əliyev 10 noyabr bəyanatının icra edilməyən – erməni qoşunların çıxarılması, Naxçıvana "maneəsiz keçid"in verilməsi – bəndləri üzərində xüsusi dayanacaq. Və Qarabağın Azərbaycanın daxili məsələsi olduğu prinsipindən çıxış edəcək".

"Rusiya anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb-qalmamasına özümüz qərar veririk və buna razı deyilik"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, Kremlin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə tələsməsinin bir sıra səbəbləri var: "Birincisi, Rusiya Avropa İttifaqının Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində təşəbbüsləri fonunda regiondakı təsir gücünün azaldığını hiss edir. İkincisi, sivil dünyadan tədricən təcrid olunan Rusiya üçün qonşuları ilə normal münasibətlərlər çox vacibdir. Üçüncüsü, şimal qonşumuz dünyada itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Elə buna görə də düşünmək olar ki, əvvəlki illərdən fərqli olaraq, Kreml bu dəfə daha səmimidir. Çünki Rusiya bölgədə sülhün alternativinin olmadığını dərk edir".

Onun sözlərinə görə, İrəvanla Bakı arasında yekun sülh müqaviləsinin imzalanacağı şübhəsizdir: "Çünki başqa yol yoxdur. Sadəcə, sual müqavilənin nə vaxt və hansı üçüncü tərəfin vasitəçiliyi ilə imzalanacağıdır. Vasitəçi kimi hələ ki, ən real namizəd Avropa İttifaqıdır. Sözsüz, moderator olmasa, ikitərəfli müstəvidə də razılıq əldə oluna bilər. Amma Rusiyanın şansları çox azdır. Bunu şimal qonşumuz özü də bilir. Ona görə indi təlaşa düşüb. Anlayır ki, gözlənilən üçtərəfli görüşdə ciddi nəticə əldə olunmasa, Cənubi Qafqaz tamamilə nəzarətindən çıxa bilər. Elə ona görə də Rusiya bu dəfə səmimi olmağa məcburdur. Bu arada, Paşinyan bildirib ki, o, sülhməramlıların Qarabağda qalma müddətinin 15-20 il müddətinə uzadılmasına razıdır. Ermənistan baş nazirinin üçtərəfli görüş ərəfəsində bu cür açıqlama verməsini təsadüfi hesab etmirəm. Fikrimcə, göstəriş Kremldən gəlib. Kremlin Paşinyanın fikirlərini dərhal reaksiya verməsi bu ehtimalı daha da artırır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, bu məsələnin müzakirəsi üçün vaxt var. Sülhməramlıların Qarabağda qalma müddətinin uzanması Rusiyanın ürəyincədur. Bu, rəsmi Moskvanın regiondakı mövcudluğunu təmin edəcək əsas faktordur. Çox güman, üçtərəfli görüşdə sözügedən məsələ müzakirə olunacaq. Moskva Qarabağdakı rus hərbçilərinin qalma müddətinin uzadılmasına, bu mövzuda razılıq əldə olunmasına çalışacaq. Beləliklə, Kreml regiondakı mövcudluğu ilə bağlı təminat əldə edə bilər".

Ekspert hesab edir ki, müddətin 15-20 il göstərilməsi də siyasi addımdır: "Ola bilsin, Kreml rəhbəri "ortaq məxrəc" kimi bu müddətinin 5 il olmasını təklif etsin. Hərçənd bu da bizim maraqlarımıza tamamilə ziddir. Fikrimcə, Azərbaycan rəsmi səviyyədə Paşinyanın sərsəm iddialarına cavab verməlidir. Beləliklə, Rusiya tərəfi də anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb-qalmamasına özümüz qərar veririk və buna razı deyilik. Bu, həm də görüş ərəfəsində Rusiya lideri üçün mövqeyimizlə bağlı siqnal olar. Rusiyanın düşündürən Ermənistan yox, öz maraqlarıdır. Moskva sadəcə, İrəvandan istifadə edir. Paşinyan bunu anlamalı və siyasi iradə göstərməlidir. Rusiya isə bilməlidir ki, daha bizim ona ehtiyacımız yoxdur. Moskva üçün daha faydalı olan variant Bakı ilə diktə dilində danışmaq yox, diqqətli davranmaqdır. Əks halda itirən özü olacaq".

"İçində olduğu çətin beynəlxalq şərait və mövcud gedişat Rusiyanın Cənubi Qafqazdakı ənənəvi siyasətini davam etdirmə imkanlarını məhdudlaşdırır və müsbət töhfəsi üçün zərurət yaradır"

"Soçi görüşü də daxil olmaqla bütün görüşlər nəticə əldə etməyə, qalıcı sülhü təmin etməyə xidmət etməlidir" deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə qeyd edib ki, prosesləri nəzarət altında saxlamağa, həll prosesini uzatmağa xidmət edən görüşlər və vasitəçiliklər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ömrünü başa vurmağa məhkum olacaq: "Azərbaycan bu cür görüşlərlə bağlı mövqeyini aydın ortaya qoymalıdır. Ermənistanın proseslərlə bağlı mövqeyində "ziqzaq"ların çox olması həm bu dövlətin strateji yanaşmasının qüsurlu olmasından, həm də dövlətin rəsmi mövqeyinin kənar qüvvələrin təsirinə çox açıq olmasından qaynaqlanır və bu, çox risklidir. Azərbaycanın mövqeyini əsasən özünün müəyyənləşdirməsi, hətta Azərbaycana ən yaxın dövlətlərin belə, bu mövqeyin müəyyənləşməsi prosesinə müdaxilə etməməsi, bu mövqeyin beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanması müsbət haldır".

Ekspert əlavə edib ki, Rusiyanın son proseslərlə bağlı mövqeyi hələ də tam aydın deyil: "İçində olduğu çətin beynəlxalq şərait və mövcud gedişat Rusiyanın Cənubi Qafqazdakı ənənəvi (mənfi mənada) siyasətini davam etdirmə imkanlarını məhdudlaşdırır və müsbət töhfəsi üçün zərurət yaradır. Amma hazırkı siyasəti buna uyğun gəlmir. Türkiyənin proseslərlə bağlı mövqeyində isə həm ölkədaxili, həm də regiondaxili proseslərə çox müdaxilə etmədən regional səviyyədə beynəlxalq hüquqa uyğun sülh üzərinə qurulmuş əməkdaşlıq modeli diqqəti cəlb edir. Amma kənar güclərin bunun reallaşmasına müqaviməti işləri çətinləşdirir. Azərbaycan və Türkiyə kənar diqtələrə müqavimət göstərəcək iradəyə və gücə malikdirlər. Sadəcə Ermənistanın işğalçılığının ortadan qaldırılması və revanşizmin qarşısının alınması baxımından bu iki ölkənin gücü yetərlidir. Amma Cənubi Qafqazda və bir qədər də geniş mənada bölgədə qalıcı sülhün əldə olunması sadəcə bu iki dövlətin iradəsiylə mümkün deyil. Proseslərə digər güclərin də müəyyən dərəcədə cəlb olunması - töhfə vermələri, ən azı önəmli güclərin bir qisminin mane olmaması - nəticənin əldə olunması baxımından vacibdir".

Vazeh BƏHRAMOĞLU