Əliyevlə Paşinyanın Brüssel görüşündən nə gözlənilir?
Mübariz Göyüşlü: "Paşinyan bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayıb problemi bitirmək, digər yandan daxildəki və Qarabağda ekstremistlərin istəklərini təmin etmək istəyir"
Elxan Şahinoğlu: "Rusiya Avropa İttifaqının Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq"
Kənan Novruzov: "Rusiya-Ukrayna savaşı Ermənistanı narahat edir və ona görə də indidən başına çarə qılmaq istəyir"
Bugünlərdə, daha dəqiq desək, aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Onu da qeyd edək ki, martın 30-da Avropa İttifaqı Brüsseldə Ermənistan və Azərbaycanın yüksək vəzifəli rəsmilərinin görüşünü də təşkil etmişdi. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev arasında baş tutan həmin görüşdə iki ölkə arasındakı münasibətlərdə bir sıra məsələlərin həlli yollarını tapmaq məqsədilə birgə səylər, o cümlədən siyasi və təhlükəsizliyə dair vəziyyət müzakirə olunub.
"Əgər Ermənistanın siyasi rəhbərliyi özündə güc və iradə tapıb ciddi addımlar atarsa, tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması, əlaqələrin qurulması mümkün prosesə çevriləcək"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, Brüssel görüşü öncəsi Azərbaycanın aidiyyatı rəsmi qurumları və şəxslərinin Ermənistanın etməli olduqlarını dəqiqliyi ilə açıqladıqlarını deyən siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Nikol Paşinyan bir tərəfdən Rusiya ilə münasibətləri saxlamaq, digər tərəfdən Qərblə sıx əlaqələr qurmaq istəyir: "Artıq Azərbaycan öz şərtlərini təqdim edib. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı sülh təşəbbüskarı və tərəfdarı olduğunu göstərir, ədalətli yanaşma sərgiləyir. Ermənistanda isə II Qarabağ müharibəsindən sonra xaotik durum davam edir. Nikol Paşinyan bir tərəfdən Rusiya ilə münasibətləri saxlamaq, digər tərəfdən Qərblə sıx əlaqələr qurmaq istəyir. Bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayıb problemi bitirmək, digər yandan daxildəki və Qarabağda radikalların, ekstremistlərin istəklərini təmin etmək istəyir. Təbii ki, bu da Ermənistanın daxili, xüsusən də xarici siyadətində özünü göstərir. Qərarsızlıq, problemi həll etmək deyil, onu uzatmaq Paşinyan üçün prioritet siyasi prosesə çevrilib. Arabir silahla güc göstərmək istəyən ermənilər dəmir yumruğun zərbəsini hiss edir və sakitləşirlər. Ermənistandan fərqli olaraq Azərbaycan birxətli, birmənalı, davamlı xarici siyasət yürüdür. Rəsmi Bakı münaqişənin bitdiyini, bundan sonra sülh, bir-birinin suverenliyini tanımaq, əlaqələr qurmaq, dinc yanaşı yaşamaq prinsipini açıqlayıb və ona sadiqlik göstərir".
Siyasi şərhçi hesab edir ki, əgər Ermənistanın siyasi rəhbərliyi özündə güc və iradə tapıb ciddi addımlar atarsa, o zaman tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması, əlaqələrin qurulması mümkün prosesə çevriləcək: "Əks təqdirdə proses uzanacaq, itirən tərəf isə yenə də əsasən Ermənistan olacaq".
"Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa bağçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir"
"Hürriyyət"in məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Azərbaycan-Ermənistan danışıqlarını mümkün qədər Rusiyanın inhisarından uzaqlaşdırmaq lazımdır: "Buna görə də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşünün Brüsseldə təşkili hər iki tərəf üçün faydalıdır. Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var. Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa bağçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl, Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır. Elə Bakıda olan İtaliyanın xarici işlər nazirinin əsas müzakirə mövzusu daha çox Azərbaycanın qazının köhnə qitəyə nəqlidir".
Politoloq həmçinin, onu da qeyd edib ki, Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil: "Rusiya prezidenti bugünlərdə həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri ilə telefonla danışıb. Böyük ehtimalla, Brüsseldən sonra növbəti görüş Rusiya ərazisində keçiriləcək. Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı apardığı müharibədən əvvəl ABŞ və Avropanı sözdə də olsa, "tərəfdaşlar" adlandırırdı, indi isə sanksiyalara görə "dost olmayan dövlətlər" ismini seçib. Kreml "dost olmayan Brüsselin" Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq. Bütün hallarda danışıqlar bölgədə həqiqi sülh istəyən ölkələrdə aparılmalıdır. Bu Brüssel də ola bilər, Tiflis də. Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki, İrəvan qonşu dövlətlərin ərazi bütövlüklərini tanımağa hazır olsun".
"Moskvanın Brüssel görüşünün konstruktiv keçməməsindən ötrü xüsusilə İrəvana təzyiq göstərməsi mümkündür"
İrəvanın Bakı ilə əlaqələri normallaşdırmaq cəhdinin səbəblərindən danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, Rusiya-Ukrayna savaşı Ermənistanı narahat edir və ona görə də indidən başına çarə qılmaq istəyir: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bir daha təsdiqləyib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionla birgə keçirdiyi brifinqdə deyib. Son vaxtlar Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan da oxşar açıqlamalar verir. Əslində, bu, təəccüblü deyil. İrəvanın Bakı ilə əlaqələri normallaşdırmaq cəhdinin iki əsas səbəbi var. Birincisi, Ankara ilə diplomatik münasibətlərin bərpası istiqamətində atılan addımlardır. İkincisi isə Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş Ermənistanı narahat edir. Hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, Ermənistanın vəziyyəti bir az da ağırlaşacaq. Əgər Kreml məğlub olsa, İrəvan öz "çətirini" itirəcək. Əks halda isə Paşinyan hakimiyyətinə təzyiqlər bir az da artacaq. Əlbəttə, bu, qismən Qərbə meyilli mövcud iqtidar üçün arzuolunan deyil. Odur ki, Ermənistan indidən başına çarə qılmaq istəyir".
Ekspertin fikrincə, nəzəri baxımdan, Brüsseldə tərəflər arasında müəyyən razılıqların əldə olunması mümkündür: "İndi bunun üçün münbit geosiyasi şərait var. Amma nəzərə almaq lazımdır ki, razılığın əldə olunması Rusiyanın regionla bağlı maraqlarına cavab vermir. Bir neçə gün əvvəl Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı da bu kontekstdən qiymətləndirilməlidir. Moskvanın Brüssel görüşünün konstruktiv keçməməsindən ötrü xüsusilə İrəvana təzyiq göstərməsi mümkündür. Düzdür, Rusiyanın imkanları getdikcə azalır. Amma Kreml hələ də Ermənistan üzərində təziq gücünə malikdir. Ən azından ona görə ki, ölkədə Rusiyanın hərbi bazası var. Həmçinin, daxildə çaxnaşma yaratmaq üçün "Qarabağ klanı"ndan da istifadə edilə bilər. Bəlkə də Rusiyanın bir az da zəifləməsini gözləmək olar. Hərçənd, savaş başa çatandan sonra indiki fürsətlər əldən çıxacaq".
Hazırda Paşinyanın sülh müqaviləsinin imzalanması üçün tələsdiyini vurğulayan ekspert hesab edir ki, buna baxmayaraq, Brüsseldə keçiriləcək görüşdə tərəflər arasında hansısa sənədlərin imzalanacağı gözlənilmir: "Amma yəqin ki, regionun taleyi ilə bağlı ciddi müzakirələr aparılacaq. Həmçinin, gələcək əlaqələrdə "yol xəritəsi" rolunu oynaya biləcək razılıqların əldə olunması mümkündür. Bu, xüsusilə erməni terrorçularının Qarabağdan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi mövzusunda ola bilər. Eyni zamanda, yekun sülh müqaviləsinin tezisləri barədə fikir mübadiləsi aparılması da istisna deyil".
Vazeh BƏHRAMOĞLU