📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elman Nəsirov: "ATƏT-in Minsk Qrupu reanimasiya vəziyyətindədir, süni tənəffüs aparatına qoşulub"

2021-10-01 10:45:00

Elman Nəsirov:

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçü - ABŞ, Fransa və Rusiya nüvə dövlətidir. Belə çıxır ki, münaqişənin həlli ilə yalnız nüvə dövlətləri məşğul ola bilər. Ona görə də müsəlman dövləti olan Pakistanı da bu prosesə cəlb etəklə balansı qorumaq olar. Həmçinin Pakistan da nüvə dövlətidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Parlament üzvü bildirib: “ATƏT-in Minsk Qrupu tibbi dildə desək, hazırda reanimasiya vəziyyətindədir, süni tənəffüs aparatına qoşulub. İndi Minsk Qrupunu yenidən canlandırmaq istəyirlər. Ermənistan ciddi cəhdlə çalışır ki, post-münaqişə dövründə həllini gözləyən məsələlərlə məhz ATƏT-in Minsk Qrupu məşğul olsun. Ermənistan digər tərəfdən də deyir ki, biz bölgədə iqtisadi əməkdaşlığı və kommunikasiyaları, eyni zamanda təhlükəsizliyi təmin etmək və sülh sazişi imzalamaq istəyirik, lakin bundan öncə "status" məsələsi gündəmə gətirilsin. Sanki Minsk Qrupunu yalnız "status" məsələsi ilə məşğul olması üçün dirçəltmək istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib, sonuncu müsahibələrinin birində yenə də vurğulayıb ki, status məsələsi yoxdr, tamamilə bağlanıb. Dövlət başçısı qeyd edib ki, biz vaxtilə Dağlıq Qarabağın muxtariyyəti üçün Ermənistana təklif etmişdik, amma onlar razı olmadılar və müstəqillik istədilər. İndi isə Ermənistan muxtariyyət fikrindədir, amma gecdir, münaqişə həllini tapıb və muxtariyyət olmayacaq. Həmçinin Prezident İlham Əliyev deyib ki, əgər ATƏT-in Minsk Qrupu, doğrudan da, Azərbaycan-Ermənistan münasibətlərində rola sahib olmaq istəyirlərsə, iki ölkə arasında etimadı bərpa etmək üçün çalışmalı, kommunikasiya məsələlərinin həlli istiqamətində işlər aparmalıdırlar. Misal üçün, Zəngəzur dəhlizinin açılmasına kömək etsinlər. Daha statusdan danışmaq əbəsdir, gülüncdür”.

E.Nəsirov əlavə edib ki, Minsk Qrupunun həmsədr dövləti olan ABŞ-ın səfirinin Ermənistanda "Dağlıq Qarabağ xalqı və onun müqəddəratı" ifadəsini işlətməsi absurddur: “Həmçinin Fransanın Prezidenti Emmanuel Makron da bütün dövrlərdə Ermənistanı açıq şəkildə müdafiə edib. Ona görə də təklif edirəm ki, Fransa, ümumiyyətlə, Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır. Türkiyə ilə əvəzlənmə aparıla bilər, çünki Türkiyə prosesin tənzimlənməsində yaxından iştirak edib. Yox, əgər ciddi müqavimət olarsa, o zaman “B” planını icra etmək olar. Balansı qorumaq üçün müsəlman dövləti olan Pakistanı bu prosesə cəlb etmək mümkündür, çünki Pakistan da nüvə dövlətidir. Post-münaqişə dövründə Pakistan da problemlərin həlli ilə məşğul olar”.