📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ELMİ AVTORİTARİZMƏ QARŞI DİRƏNİŞ - Sərdar Cəlaloğlu yazır

2022-01-25 10:32:00

ELMİ AVTORİTARİZMƏ QARŞI DİRƏNİŞ - Sərdar Cəlaloğlu yazır

Ümid edirəm ki, tezliklə plazma ilə bağlı apardığı fundamental yeni elmi nəticələrinə görə Becan bəyi də Nobel lauaretları sırasında görəcəyik

Elmi inkişafin qarşısında duran ən böyük maneələrdən biri elmi avtoritarizmə tabe olmaqdır. Bəşəriyyətin dahi kimi qəbul etdiyi, ən yüksək titul və mukafatlar almış bir alimin əleyhinə çıxmaq bir tirana qarşı baş qaldırmaq qədər çətin, həm də çox şərəfli bir işdir. Belə alimlərdən biri də bu gün qardaş Türkiyədə elmi və pedaqoji fəaliyyətlə məşğul olan, Türkiyə elmi dairələrində yüksək mövqeyə və nüfuza malik Becan İbrahimoğludur(Fərzəliyev).

Becan bəyin ən ciddi əsərlərindən biri “Saf maddələrin faz diaqramlarında kritik konumlar” adlı kitabıdır. Mən bu kiçik rəydə onun həmin kitabda şərh edilən dünya elminə gətirdiyi yeniliklər haqqında, qısa da olsa, məlumat vermək istəyirəm.

Becan İbrahimoğlu

Haşiyə çıxım ki, müasir fizika elminin həvəslə və hərtərəfli öyrəndiyi makrofizika özündə maddənin 4 aqreqat halını təqdim etsə də, nədənsə əksər fiziklər daha çox maddənin 3 halına - bərk, maye və qaz halına diqqət etmişlər. Maddənin plazma halı uzun illər diqqətdən kənarda qalmış, elmi modelləşdirmələrdə, diaqram təsvirlərdə bir qayda olaraq maddənin 3 halından bəhs olunmuşdur. Baxmayaraq ki, maddənin plazma halından xalq təsərrüfatının ən müxtəlif sahələrində - biologiyadan tutmuş astrofizikayadək, təbabətdən hərbə qədər hər yerdə tətbiq oluna və bəşəriyyətə nəhəng xeyirlər verə bilər. Son illər ən qabaqcıl alimlərin məhz plazmanı öyrənməsinin vüsət alması da bu potensial imkanlarla bağlıdır.

Plazmanın öyrənilməsinin yaxın gələcəkdə fizikanın digər sahələri kimi inkişaf edib, ayrıca bir sahənin - plazmotikanın meydana çıxması ilə nəticələnəcəyinə inanıram.

Plazmanın əhəmiyyəti onunla bağlıdır ki, maddi mövcudluğun entremumunun hər iki statik kritik nöqtəsindən plazmaya keçid baş verir. Yəni plazma həm başlanğıc, həm sondur. Belə ki, istilik axınının azalması istiqamətində plazma digər aqreqat hallarına, bunun əksinə, istiliyin artması ilə başqa aqreqat halları plazmaya keçmiş olur.

Bu sahədə ən cox diqqəti çəkən məqam isə aqreqat hallarının birindən digərinə keçiddə baş verən hallardır. Bu nöqtələr yeni nizama keçidi təmin edən xaotik hallardır, hansı ki, xaosdan nizama keçidlə yeni hal meydana çıxır.

Becan bəyin elmi nailiyyətlərini təsəvvür etmək üçün, geniş oxucu kütləsinə aydın olsun deyə, “plazma nədir” sualına qısa cavab vermək lazımdır. Plazma maddənin klassik dörd halından biri olub, ionlaşmış qazdan ibarətdir. Adi qazdan fərqli olaraq, ionlaşmış qaz özündə sərbəst elektronlar, müsbət və mənfi ionlar saxlayır. Başqa sözlə, plazma yüklənmiş istənilən hissəciklərdən təşkil oluna bilər. Plazma qazların  olduqca yüksək dərəcədə qızması ilə əldə edilir. Plazmada olan hissəciklər hərəkətli olduğundan, elektrik cərəyanını keçirir.

Plazmanın öyrənilməsində süni plazmaların yaradılması da mühüm əhəmiyyət kəsb edib. Bura lyuminesset və neon lampalar, plazmalı raket mühərrikləri, plazma lampaları, maddəni lazer şüası ilə şüalandırma, televizor monitorları və ekranları və s. aiddir. Plazmanın öyrənilməsi hətta süni günəşin yaradılmasına kimi yeni elmi nəticələr əldə etməyə gətirib çıxarıb.

Bu da plazmanın nə qədər geniş istifadə imkanları olduğunu göstərir.

Plazmanın 3 əsas keyfiyyəti ayırd edilir:

1. Kifayət qədər sıxlıq - yüklənmiş hissəciklər kifayət qədər bir-birinə yaxın olmalıdır ki, onlardan hər biri yaxın yerləşmiş yüklü hissəciklərin tam sistemi ilə qarşılıqlı təsirdə ola bilsin.

2. Daxili qarşılıqlı təsirin prioritetliyi - debaev ekranlaşdırmanın radiusu plazmanın xarakter ölcüləri ilə müqayisədə kiçik olmalıdır. Bu kriteriya onu göstərir ki, plazma daxilində baş verən qarşılıqlı təsir onun  səthinin nəzərə alınması vacib olmayan effektləri ilə müqayisədə daha əhəmiyyətlidir.

3. Plazma tezliyi - hissəciklər arasında toqquşmanın orta vaxtı plazma dalğalanmalarının periodlari ilə müqayisədə böyük olmalıdır. Bu şərtə əməl edildikdə, plazmanın elektrodinamik xüsusiyyəti molekulyar kinetik xüsusiyyətlərdən üstünlük təşkil edir. İki cür plazma əldə edilir: aşağı temperaturlu plazma –millyon °C Kelvin-dən aşağı və yüksək temperaturlu plazma milyon °C Kelvin və ya ondan böyük temperaturlu. Müxtəlif maddələr plazma halına müxtəlif temperaturlarda keçir. Bu da maddələrin atomlarının xarici elektron köynəyinin quruluşu ilə izah edilir. Belə ki, atom nə qədər asanlıqla elektron verirsə, bir o qədər aşağı temperaturda plazma halına keçir.

Plazma qaz halına oxşasa da, ondan müəyyən həcmin və formanın olmaması ilə fərqlənir.

Plazmanı qazlardan fərqləndirən əsas əlamətlər elektrik keçiriciliyinin həddən artiq yüksək olması, hissəciklərin sortlarının qazlardan fərqli olaraq iki, üç və daha çox olması, sürətə görə bölünmənin qeyri-maksvel olması, qarşılıqlı təsirin kollektiv (qrup) halında olmasıdır.

Mürəkkəb plazma təzahürləri - plazmanın vəziyyətini təsvir edən əsas bərabərlik nisbətən sadə olsa da, bəzi hallarda real plazmanın davranışlarına adekvat şəkildə əks etdirə bilmir. Mürəkkəb sistemlərə xas belə effektlərin əmələ gəlməsi - sadə modellərin təsvirində onlardan istifadə etmək üçündür. Plazmanın real vəziyyəti ilə onun riyazi təsviri arasında ən güclü fərq odur ki, plazma bir fiziki fəziyyətdən digərinə keçidin sərhəd zonalarında müşahidə olunur. Burada plazma hamar riyazi funksiyalardan istifadə və ya ehtimal yanaşmanın tətbiqi ilə təsvir oluna bilməz. Plazmanın formasının spontan dəyişilməsi kimi effektlər plazmanın təşkil olunduğu yüklü hissəciklərin qarşılıqlı təsirinin mürəkkəbliyinin nəticəsi kimi meydana çıxır. Belə təzahürlər ona görə maraqlıdır ki, nadir hallarda və dayanıqsız olaraq meydana çıxır. Bu effektlərdən çoxu əvvəlcə laboratoriyada öyrənilmiş, sonra Kainatda aşkarlanmışdır.

Maddələrin öyrənilməsinin bir üsulu da modellşdirmə və ya qrafik təsvirlərdir, hansı ki, qrafik təsvirlərin düzgünlüyü öyrənilmənin predmetdən daha dəqiq bilgilər əldə etməyə imkan verir.

Becan bəyin elmə gətirdiyi yeniliyi anlamaq üçün həm də quruluşun ekstremum qanunları haqqında təsəvvürə malik olmaq lazımdır. “Ekstremum” latın dilində hüdudi mənasını verir, riyaziyyatda verilən çoxluqda funksiyanın maksimal və minimal əhəmiyyətini bildirir. Ekstremumun çatdığı nöqtə ekstremum nöqtəsi adlanır. Əgər ekstremum minumum nöqtəyə çatırsa, minumum nöqtə, maksimuma çatırsa, maksimum nöqtə adlanır. Eksteremumun tapılması vəzifəsi insan biliyinin bütün sahələrində - avtomatik idarəetmədə, iqtisadiyyat problemlərində, biologiyada, fizikada və s. meydana çıxır. Elmdə quruluşun ekstremum qanunları aşkar edilmişdir. Bu qanun belə ifadə edilir:  {\displaystyle \tau \omega _{pl}\gg 1.}Sistemin quruluşunun ekstremal saxlanılması və ya dəyişilməsi bu sistemi təsvir edən energetik funksiyaların ekstemumuna uyğundur. Bu qanuna {\displaystyle {r_{D} \over L}\ll 1.}qarşılıqlı təsir prosesində  nizamlanmış hərəkətdən nizamlanmamış hərəkətə və əksinə keçidlər, həmçinin hərəkətin dəyişilməsinin keçirilməsi, oyanmanın keçidi, bir predmetdən digərinə və ya predmetin bir hissəsindən digər hissəsinə aktivliyin ötürülməsi, bir obyektin digər obyektə çevrilməsi, o cümlədən maddənin bir haldan digərinə keçid prosesləri tabe olur.

Beləliklə, bu qısa şərhdən aydın olur ki, plazma, onun maddənin digər hallarına keçidinin diaqram təsviri elm üçün müstəsna əhəmiyyət kəsb edir. Becan bəyin fizika elminə gətirdiyi yenilik də məhz bundan ibarətdir, hansı ki, o, öz elmi baxışlarını dünyanın bir çox elmi məcmuələrində, o cümlədən Amerikanın nüfuzlu “CHEMİCAL PHİSİCS”, “HİDROGEN ENERGY” jurnallarında cap etdirmiş və sonradan öz tədqiqatlarını “Saf maddələrin faz diqramlarında kritik konumlar” adlı kitabda geniş elmi şərh etmişdir.

Qeyd edim ki, Becan bəyin bu kitabının elmi əhəmiyyəti nəzərə alınaraq, Türkiyə Təhsil Nazirliyi tərəfindən həmin kitabın yuxarı sinif və ali məktəblərdə tədris edilməsi qərara alınmışdır. Becan bəyin tədqiqatlari bir çox ölkələrdə, o cümlədən qardaş Ukrayna elmi dairələrində də ciddi rezonans doğurmuşdur. Becan bəyin plazma ilə bağlı elmi fikirləri yalnız nəzəri səviyyədə qalmamış, o, öz nəzəri baxışlarını həm də təcrübələr yolu ilə sübut etmişdir.

Becan İbrahimoğlunun tədqiatlarının bir əhəmiyyəti də hidrogenlə bağlıdır. Hidrogen bir tərəfdən özündən ən asan elektron verən element olduğundan, plazma halına daha aşağı temperaturda keçməsi ilə plazma halının öyrənilməsində, digər tərəfdən bir element kimi digər elementlərdən müstəsna xüsusiyyətlərə malik olduğundan, təcrübədə ondan istifadə mühüm əhəmiyyət kəsb edir.

Becan bəy kitabında üzərində xüsusi təcrübi tədqiqatlar apardığı hidrogenin təzyiq və istilikdə xüsusi davranışlarını, süperkritik alovlanma bölümünü və faz diaqramını müəyyən etmişdir.

Becan İbrahimoğlu faz diaqramlarını - maddənin aqreqat hallarının temperatur və təzyiq asılılığında dəyişilmələrini əks etdirən və elmdə mövcud olan ənənəvi diaqram təsviri tamamilə alt-üst edən yeni diaqram təklif etmişdir, hansı ki, klassik - maddənin 3 halını təsvir edən diaqramdan fərqli olaraq, maddənin məlum dord halını təsvir edən diaqram kimi meydana çıxmışdır. Bu diaqramda hər bir halın  eksteremumunun krtitik statik nöqtələri və bu nöqtələrdə baş verənlər təsvir edilmişdir. Becan bəy bu diaqramı təsvir edilənlərin təcrübi sübutu üçün xüsusi təcrübi cihaz yaratmış və həmin cihazda benzol üzərində  500 °C Kelvin-də və 2500 atmosfer təzyiqdə təcrübələr aparmış, bunun əsasında benzolun faz diaqramını təsvir etmişdir.

Qeyd etmək lazımdır ki, plazmanın öyrənilməsi sahəsində indiyədək bir çox alim Nobel mükafatı almışdır. Becan bəyin təklif etdiyi yeni faz diaqramı bu sahədə daha dərin və yeni bilgilər əldə etməyə imkan verir. Ümid edirəm ki, tezliklə plazma ilə bağlı apardığı fundamental yeni elmi nəticələrinə görə Becan bəyi də Nobel lauaretları sırasında görəcəyik.

Sərdar CƏLALOĞLU

Redaksiyadan: Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Becan İbrahimoğlu 1946-cı ildə Azərbaycanda anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq, Maşınqayırma ixtisası üzrə təhsil alıb. 1979-1982-ci illər arasında aspiranturada oxuyan B.İbrahimoğlu, 1991-ci ildə elmi işini müdafiə edərək, Azərbaycan Politexnik İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb.

Becan İbrahimoğlu 1990-cı ildə Naxçıvan MR-in millət vəkili, 1991-92-ci illərdə Naxçıvanın Baş naziri vəzifəsini daşıyıb.

1994-cü ildən Türkiyənin Qazi Universitetində fəaliyyətə başlayıb. 2010-cu ildə qardaş ölkədə “Anadolu Plazma Texnoloji Mərkəzi”ni quraraq, bu sahədə öz töhfələrini verməyə başlayıb.

2021-ci ildən Ankara Bilim Universitetində çalışmağa başlamaqla yanaşı, Ukrayna Ekmlər Akademiyasına da üzv seçilib.

120-dən çox elmi məqalənin, 18 patentin müəllifidir.

Hazırda 2 övladı və 3 nəvəsi ilə birgə Ankarada yaşayır.