Elmimizin gələcəyi naminə AMEA-nı qorumalıyıq
Son günlər AMEA ətrafında cərəyan edən hadisələr cəmiyyətdə geniş əks-səda doğurub, xüsusilə elm xadimlərinin narazılıqlarla dolu ünvanlı müraciət və yazıları diqqət mərkəzindədir. Dünya elm tarixinə möhtəşəm töhfələr vermiş, öz zəkası və qələmi ilə Azərbaycan alimini və elmini bu tarixin ləyaqətli parçasına çevirmi
ş, novator təşəbbüsləri ilə elm məsləkdaşları arasında xalqımızın başını uca etmiş Azərbaycan alimlərinin harayı ürək ağrıdır. Ömrünü, həyatını həsr etdiyi əzəmətli elm ocağının hazırda avtokrat düşüncəli birinin məngənəsində sıxılmasına təbii ki, bu zəka sahibləri biganə qala bilməzdilər və qalmadılar. Bizi ucaldan və uğurlarımızın əsasında dayanan elmimizi xilas etməliyik. Artıq susqun qala biməyəcəyimiz məqam yetişib, bu məsələdə prinsipal mövqe sərgiləyib elmimizə və alimlərimizə dəstək olmaq vətəndaş məsuliyyətimizdir.
Əzəməti ilə hər birimizi qürurlandıran elm məbədinin divarları arasında baş verənləri ürək ağrısı ilə dilə gətirib, xilas yolu axtaran şəxslərin düzgün mövqeyini qəbul etmək əvəzinə, onların hədəfə alınması, təhqir olunması ikrah hissi yaradır. Elm bəşəriyyətə, insana xidmət göstərməlidir və göstərir. Onun mahiyyətini daraldaraq cılızlaşdırmaq bəs nəyə xidmət edir? AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyev həqiqətənmi baş verənlərin mahiyyətini dəyərləndirmək iqtidarında deyil? Ömrünün bəlli yaşını yaşamış, kifayət qədər həyat təcrübəsi olan şəxsin prosesləri daha da gərginləşdirib, xoşagəlməz məcralara yönləndirmək cəhdləri başadüşülən deyil. Hamını düşmən kimi görmək, yersiz savaş açmaq məqamı deyil. Tərəzinin bir gözünə öz maraqlarını, digərinə isə elmimizin yaralarını qoyub baxmaq lazımdır. Ömrünü elmə həsr edən görkəmli alimlər, eləcə də ictimai xadimlərin narahatlıqları naməlum istiqamətdə məhvə sürüklənən Azərbaycan elmini xilas etmək üçündür. Ətrafdan gələn dəstək əslində kimin haqlı olduğunu nümayiş etdirir. Onlar yanıla bilməz, həqiqəti danmaq onlar üçün özünü danmaqdır. Bu qədər tənqidlərin olması və çıxış yolu olaraq AMEA prezidentinin istefasının istənməsi adi məsələ deyil. Vəzifəsinin icrasına başladığı gündən apardığı lüzumsuz struktur islahatları, az qala bütün qərarların mərkəzləşdirilməsi, elm adamlarının sıxışdırılması, küsdürülməsi, Elmlər Akademiyası daxilində intriqaların pik həddə çatdırılması artıq bu müqəddəs elm ocağının divarlarını çoxdan aşıb, yerli-yersiz kuluarlarda müzakirə olunur. Elm adamlarını, xüsusən gənc alimləri özünə cəlb etmək əvəzinə daha da uzaqlaşdırır. Ramiz Mehdiyevin rəhbərliyi dövründə Elmlər Akademiyası daha çox intriqalar, şəxsiyyətlərarası söz savaşları, maliyyə qalmaqalları ilə yadda qalıb. Bəs elmi simpoziumlar, kitab nəşri və təqdimatları, dünya elminə töhfələr, samballı elmi araşdırma və ixtiralar nə vaxt olacaq? Bütün inkanlarına baxmayaraq, niyə AMEA bir qurum olaraq elmin nəsillər arasında qırılan bağları ilə bağlı narahat deyil? Namizədlik və Doktorluq dissertasiyalarının sayı, xüsusən doktorluq dissertasiyası üzrə elmi işlərin sayının azlığı nə üçünsə AMEA rəhbərliyini çox da narahat etmir, belə olmasaydı bu yolda alimlərin qarşısına sədd çəkən süni maeələrin aradan qaldırılması istiqamətində ən azı müzakirələr aparmaq, əməli işlər görmək üçün real addımlar təklif olunardı. Lakin nə əməli addım var, nə də narahatlıq. Bunca lüzümsuz söz söhbətlərin olduğu müstəvidə təbii ki, yaradıcılığa yer yoxdur. Ləngər vuran gəmidə qərar tutmaq asan deyil.
Son baş verənlər elmimizin gələcəyini zərbə altına qoyaraq elmə həvəs göstərənləri tərəddüd içində saxlayır. Tarix üçün qısa görünən bu bir neçə il razılaşaq ki, nəsillər arası zənciri qıraraq dərin boşluq yarada bilər. Özü də tez sağalda bilməyəcəyimiz. Qurbansa bizik, elmimizdir, gələcəyimizdir.
Dünya elminə Yusif Məmmədəliyev, Ziya Bünyadov, Həmid Araslı, Tahir Budaqov və s. bu kimi onlarca zəkalı alim bəxş etmiş ocağın göz görə-görə söndürülməsinə müşahidəçi qalmaq olmaz. Elmimizin gələcəyi naminə AMEA-nı qorumalıyıq!
milli.az