📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Elşad Təhməzov əsassız yerə polis əməkdaşları ilə mübahisə edib” – DİN-dən AÇIQLAMA

2022-03-31 16:39:00

“Elşad Təhməzov əsassız yerə polis əməkdaşları ilə mübahisə edib” – DİN-dən AÇIQLAMA

“Cəlilabad şəhər sakini olan Elşad Təhməzov 2 il əvvəl 01.03.2020-ci il tarixdə “102” Xidmətinə müraciət edərək, Hacıqabul RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili və digər iki polis nəfəri tərəfindən əsassız saxlanılaraq kobud rəftara məruz qalmasını bildirib”.

Hurriyyet.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin əməkdaş, polis mayoru Anar Qafarov bildirib.

Onun sözlərinə görə, müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, həmin gün təxminən saat 23:00 radələrində E.Təhməzov bir xanımla özünə məxsus “Toyota” markalı avtomobili Hacıqabul rayon ərazisində yolun kənarında saxlayan zaman orada xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşıblar. Polislər onlardan gecə vaxtı burada dayanmalarının səbəbini, həmçinin hər hansı bir köməyə ehtiyaclarının olub-olmadığını soruşarkən E.Təhməzov özünü aqressiv, qeyri-səmimi apararaq polis əməkdaşları ilə əsassız yerə mübahisə etməyə başlayıb.

“Xidməti yoxlama zamanı toplanan material və alınan izahatlarla polis əməkdaşları tərəfindən vətəndaş E.Təhməzova və onun yanında olan şəxsə qarşı hansısa qeyri-qanuni hərəkətlərə yol verilməsi müəyyən olunmayıb. Bununla yanaşı vətəndaşla ünsiyyətin düzgün qurulmaması səbəbindən adıçəkilən polis əməkdaşlarının daxili işlər orqanlarında qısa müddət xidmət etmələri nəzərə alınaraq onlara ciddi xəbərdarlıq edilib.

Eyni zamanda  E.Təhməzov 06.05.2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində qəbul olunub. Orada qanunvericiliyin tələbləri vətəndaşa izah edilərək polis əməkdaşlarının cəzalandırılması ilə bağlı da ona məlumat verilib. E.Təhməzovun eyniməzmunlu şikayətlərini davam etdirməsi nəzərə alınaraq o, yenidən Baş İdarəyə qəbula dəvət olunsa da müəyyən bəhanələr gətirərək gəlməkdən boyun qaçırıb. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdik ki, E.Təhməzovun DİN, həmçinin martın 30-da Nazirliyin rəhbərliyinin Lənkəran şəhərində vətəndaş qəbulu barədə səsləndirdiyi fikirlər tamamilə qərəzli, həqiqətə uyğun olmayan və polisin işgüzar nüfuzuna xələl gətirmək cəhdlərindən başqa bir şey deyil.

Qeyd edim ki, sonuncu vətəndaş qəbuluna əvvəlcədən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından olan ümumilikdə 28 nəfər yazılıb. Buna baxmayaraq Nazirliyin rəhbərliyi tərəfindən qəbula yazılmadan gələn əlavə 43 sakin də qəbul edilib. Ümumilikdə 71 sakinin polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verilib”, - deyə açıqlamada bildirilir.

Hurriyyet.az