📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ənənəvi tədrisə keçid yoluxmanın sayını artırmayacaq?

2021-09-21 09:27:00

Ənənəvi tədrisə keçid yoluxmanın sayını artırmayacaq?

Təhsil eksperti Kamran Əsədov: “Məktəblərin, universitetlərin açılması, ənənəvi tədris prosesinin bərpa olunması ona görə zəruridir ki, insanlar  haradasa yoxlanılsınlar...”      

Dünyada ənənəvi tədrisə keçən çox az sayda dövlət var ki, Azərbaycan da onlardan biridir. Azərbaycanda onlayn tədrisin təşkili kifayət qədər qənaətbəxş şəkildə həyata keçirilsə də, keyfiyyət o qədər də yüksək deyildi. Odur ki, ənənəvi tədrisə keçid daha məqsədəuyğundur...

Orta və ali məktəblərdə tədrisin başlamasına sayılı günlər qalır. Təhsil Nazirliyinin qərarı ilə sentyabrın 22-dən ibtidai, 29-dan isə yuxarı siniflər, o cümlədən  tələbələr əyani təhsil alacaqlar.

Statistikaya görə, hələ ki, ölkə əhalisinin heç 40 faizi belə vaksinasiya olunmayıb, yoluxma sayı kifayət qədər yüksəkdir. Ölüm sayı azalsa da, hətta vaksin olunanlar arasında belə təkrar yoluxaraq dünyasını dəyişənlər var. Üstəlik, sentyabrın 13-dən əyani təhsilə keçən qardaş ölkə Türkiyənin təcrübəsindən məlum oldu ki, əyani təhsil  koronavirus infeksiyasına yoluxma sayını kəskin surətdə artıra bilər. Türkiyədə artıq bununla bağlı həyəcan təbili çalınır və təkrar distant təhsilə keçidin mümkünlüyü dilə gətirilir.

Belə olan halda, Azərbaycanda ənənəvi təhsilə keçmək nə dərəcədə məntiqlidir? Axı peyvənd olunmayan valideynlərin övladları - şagird və tələbələr potensial infeksiya daşıyıcısı ola bilər və hər an həm yoldaşlarını, həm də müəllimlərini yoluxdura bilər. Üstəlik, orta və ali məktəblərin açılması ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olacaq ki, bu da öz növbəsində yoluxma sayının artımına yol aça bilər.

Mütəxəssislərin proqnozlarına inansaq, ölkə əhalisinin 80 faizi vaksinasiya olunduqdan sonra (xüsusilə də vaksinasiyanın 3-cü dozasından sonra-red.) yoluxma halları kəskin şəkildə azalacaq, ölənlərin sayı isə sıfra enəcək. Vaksinasiya prosesinin  templərini nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, ilin sonunadək ölkədə vətəndaşların böyük əksəriyyəti peyvənd olunacaq. Belədirsə, riskə gedib övladlarımızı, onlarla birgə özümüzü, yaşlı valideynlərimizi təhlükəyə atmağın nə mənası var? Əyani təhsili 3 ay ertələməklə çoxmu şey itirərik? Azyaşlı uşaqlar, yeniyetmə və gənclər üzərində eksperiment aparmaq deyilmi bu? Bəs son aylar yoluxanlar və ölənlər arasında gənclərin sayının artması  heç kəsi narahat etmir?

“Hürriyyət” sözügedən mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini təqdim edir:

“Qeyd edim ki, tədrisin bərpası ilə bağlı qərar qəbul etmək böyük məsuliyyətdir və Azərbaycan dövləti bu məsuliyyəti öz üzərinə götürərək, 22-29 sentyabrda ənənəvi tədrisi bərpa edəcək. Bu, böyük bir addımdır. Dünyada ənənəvi tədrisə keçən çox az sayda dövlət var ki, Azərbaycan da onlardan biridir. Azərbaycanda onlayn tədrisin təşkili kifayət qədər qənaətbəxş şəkildə həyata keçirilsə də, keyfiyyət o qədər də yüksək deyildi. Odur ki, ənənəvi tədrisə keçid daha məqsədəuyğundur.

Yoluxma sayına gəlincə isə, özünüz də gördünüz ki, təhsilin dayandığı müddət ərzində yoluxma ən pik həddə çatdı. Misalçün, bir ay bundan əvvəl, avqust ayında məktəblər fəaliyyət göstərməsə də, yoluxma sayı 5 mini keçmişdi.

Ümumiyyətlə, tədris prosesi yoluxmaya mənfi təsir göstərmir. Əksinə, təhsil müəssisələrinin açıq olması yoluxanların müəyyən olunub təcrid edilməsinə kömək edəcək. Bu gün məktblər açıq deyil, amma insanlar rahatlıqla restoranlara, əyləncə mərkəzlərinə gedə bilirlər, dəniz kənarında, parklarda gəzirlər. Halbuki, həmin ərazilərin heç biri mütəmadi dezinfeksiya olunmur, çox zaman karantin qaydalarına riayət edilmir. Bakı şəhərində fəaliyyət göstərən 6 iri əyləncə mərkəzində, mollarda, həmçinin paklarda aparılan müşahidə və monitorinqlərin nəticələri heç də qənaətbəxş deyil. Məktəb yaşlı uşaqlar bir-birilə ünsiyyət qurur, oynayır, həmçinin iri ticarət mərkəzlərində, marketlərdə də insanlar bir-biri ilə yaxın təmasdadır. Bu problem deyil, amma ara məsafənin gözlənildildiyi, sosial qaydalara riayət  olunduğu, dezinfeksiya işlərinin aparıldığı məktəblərdə dərs keçilməsi narahatlıq yaradır? Bu anlaşılan deyil.

Məktəblərin, universitetlərin açılması, ənənəvi tədris prosesinin bərpa olunması ona görə zəruridir ki, insanlar  haradasa yoxlanılsınlar. Bu gün 4437 orta ümumtəhsil məktəbimizdə  1, 6 milyon şagir təhsil alır. Onlar bütün günü parklarda gəzir, qonşuları, dostları ilə ünsiyyət qurur və heç kəs tərəfindən yoxlanılmırlar. Amma məktəbə gələndə onların bədən hərarətini yoxlayacaqlar, koronavirus infeksiyasının əlamələri aşkarlanan uşaqlar təcrid olunacaqlar. Təkcə orta məktəblərimizdə 151 min müəllim çalışır, ənənəvi tədris olmadığından onlar da yoxlanılmırlar. Amma məktəbə gələndə gündəlik yoxlanılacaqlar, xəstəliyin hər hansı əlaməti aşkarlandığı halda dərhal təcrid olunacaqlar”.

Təhsil eksperti düşünür ki, COVİD-19 xəstəliyinə yoluxma ictimai nəqliyyatda, toy məclislərində də baş verə bilər: “Bu gün ictimai nəqliyyatda sizinlə yanaşı oturan şəxs də koronavirus xəstəsi, yaxud infeksiya daşıyıcısı ola bilər, amma siz bundan xəbərsizsiniz. Çünki nə metroda, nə də digər  ictimai nəqliyyat vasitələrində vətəndaşları yoxlamırlar. Amma təhsil müəssisələrində mütəmadi yoxlanılacaqlar.

Necə olur ki, 150 nəfərlik toy şənlikləri, restoranlar, əyləncə mərkəzləri bizə problem yaratmır, amma 50 faizində şagird sayı 200 və ondan aşağı  olan məktəblər bizi narahat edir?

Heç bir  məktəbdə yoluxma halı  baş vermir,  proses məktəbə qədərdir. Baxın, neçə aylardır məktəblər fəaliyyət göstərmir, bəs bu qədər yoluxmaya səbəb nədir? Demək, təhsil müəssisələri yoluxmaya səbəb olmur və ya burada insanların yoluxmaya məruz qalma ehtimalı çox aşağı səviyyədədir”.

RUNA

P.S. Göründüyü kimi, təhsil eksperti ənənəvi tədris prosesinin bərpasına olduqca nikbin yanaşır. Ümid edirik ki, onun nikbin proqnozları özünü doğruldacaq. Necə deyərlər, yaşayarıq, görərik. Xeyirlisi...