“Epşteyn intihar etməyib, öldürülüb...” - İlginc TƏFƏRRÜAT
2019-cu ildə həbsxana kamerasında ölü tapılan maliyyəçi Ceffri Epşteynin ölüm səbəbi ilə bağlı yeni və səs-küylü versiya irəli sürülüb.
Musavat.com xəbər verir ki, amerikalı məhkəmə eksperti Maykl Friman BBC-yə açıqlamasında Epşteynin intihar etmədiyini, əksinə, arxadan boğularaq qətlə yetirildiyini iddia edib.
Yetkinlik yaşına çatmayan qızları çox cinsi istismar etməkdə təqsirli bilinən Epşteyn 2019-cu ildə həbsxana kamerasında ölü tapılmışdı. Professor Friman Epşteynin cəsədini özü müayinə etməsə də, ölümü ilə bağlı məhkəmə-tibbi sənədləri araşdırıb. O, tapıntılarını BBC ilə bölüşərək bildirib ki, Epşteynin arxadan boğularaq öldürüldüyü ehtimal olunur.
Professor hesab edir ki, Epşteyn evdə hazırlanmış iplə boğularaq öldürülüb və sonra eyni iplə yatağında asılıb. Friman bildirib ki, mövcud dəlillər Epşteynin hücuma məruz qaldığını, o cümlədən sol çiynindəki qançırlar və üzünə zərbə endirildiyini göstərən xəsarətlər olduğunu göstərir. O, Epşteynin boynundakı ip izlərinin üzərində də dırnaq izlərinin göründüyünü söyləyib.
“Epşteynin bədənindəki xəsarətlər intihar motivi ilə uyğun gəlmir. Buna görə də, onun ölümü yalnız qətl kimi izah edilə bilər”, — deyə professor qeyd edib. Onun sözlərinə görə, əgər Epşteyn həqiqətən də asılaraq ölübsə, müstəntiqlər ona özünün asılmış vəziyyətdə çəkilmiş şəkillərini göstərməli idilər.
Digər tərəfdən, yeddi il əvvəl Epşteynin cəsədini müayinə edən məhkəmə-tibb eksperti rəsmi olaraq onun bədənindəki xəsarətlərin intiharla uyğun olduğu qənaətinə gəlmişdi. O, mərhumun bədənində təcavüzkara qarşı müdafiə zamanı yarana biləcək heç bir xəsarət tapılmadığını söyləmişdi. Cəsədi müayinə edən ekspert ABŞ Ədliyyə Nazirliyinə bildirib ki, bədənindəki xəsarətlər onun qətl nəticəsində deyil, asılaraq öldüyünü göstərir. O, həmçinin bildirmişdi ki, Epşteynin bədənində təcavüzkardan özünü müdafiə etməyə çalışsaydı baş verə biləcək heç bir xəsarət yoxdur.
BBC Dr. Sampsondan Frimanın açıqlaması ilə bağlı şərh istəyib və cavab gözləyir.
ABŞ Ədliyyə Nazirliyi Epşteynin ölümü ilə bağlı araşdırmada bildirib ki, onu kamerasında asılmış vəziyyətdə tapan həbsxana gözətçisi dərhal həmkarını köməyə çağırıb. Daha sonra hər iki şəxs Epşteyni yerə uzadıb və ürək-ağciyər reanimasiyası etməyə çalışıb. Nazirliyin məlumatına görə, Epşteyn ölümündən bir ay əvvəl intihar edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən qısa müddətə xüsusi nəzarət altına alınıb.
Maykl Friman ABŞ-ın bir neçə ştatının baş prokurorunda məhkəmə-tibb eksperti kimi çalışıb. O, 2020-ci ildə Minneapolisdə polis əməkdaşlarının əlindən ölən Corc Floyd da daxil olmaqla, həbsdə ölən insanların ölüm səbəblərinin müəyyənləşdirilməsində iştirak edib.
Friman Epşteynin ölümü ilə bağlı tibbi qeydləri qardaşı Mark Epşteyndən əldə edib. O, materialları bir il ərzində öyrənib və bazar ertəsi günü London Universitet Kollecində tədqiqatının nəticələrini təqdim edib. Daha sonra o, tapıntıları barədə BBC-də danışıb. Mark Epşteyn qardaşının qətlə yetirildiyinə inanır. Professor Friman sənədləri qərəzsiz, heç kimin təsiri altına düşmədən araşdırdığını və Mark Epşteynin bu iş üçün ona pul ödəmədiyini söylyib. Eyni zamanda, onun tədqiqatı hələlik digər mütəxəssislər tərəfindən müstəqil qiymətləndirmədən keçməyib.
Epşteyni kimin öldürdüyü soruşulduqda, Friman belə cavab verib: “Mən bu barədə heç nə bilmirəm. Bu barədə heç bir fərziyyəm yoxdur. Çünki araşdırmamın məqsədi qətli kimin törətdiyini müəyyən etmək deyil”.
Ekspertdən onun ifadələrinin sui-qəsd nəzəriyyələrinə yaxın hesab edilə biləcəyi soruşulduqda, o, belə cavab verib: “Sözümə inanmaq məcburiyyətində deyilsən. Hər kəs mövcud dəlilləri özü araşdırıb öz nəticəsini çıxara bilər. Əgər mən sadəcə onun qətlə yetirildiyini deyirəmsə, onda harada səhv etdiyimi sübut edin. Mən digər fikirləri eşitməyə açığam. Çünki mən aliməm və həmişə digər insanların sağlam dəlillərə əsaslanan fikirlərini eşitməyə açığam”, — deyə ekspert bildirib.
Ceffri Epşteyn əvvəlcə 2008-ci ildə yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunmuşdu. Lakin o, təqsirini təsdiq edən sənədin bir hissəsi olaraq cəmi 13 ay həbs cəzasına məhkum edilmişdi. On bir il sonra Epşteyn uşaq cinsi istismarı qurbanlarının genişmiqyaslı şəbəkəsini idarə etməkdə ittiham edildi və bu ittiham əsasında illərlə həbs cəzasına məhkum edilə bilərdi.