Ər-Riyad görüşündən İrana sərt mesajlar - Bakı isə Naxçıvanla bağlı cavab gözləyir
Yaxın Şərqdə sürətlə dərinləşən gərginlik fonunda Ər-Riyad şəhərində keçirilən ərəb və islam ölkələrinin xarici işlər nazirlərinin məsləhətləşmə görüşü regionda formalaşan yeni siyasi xəttin konturlarını üzə çıxarıb. Görüşün yekununda qəbul edilən birgə bəyanat İran üzərində təzyiqin artdığını və onun getdikcə daha geniş koalisiya tərəfindən tənqid hədəfinə çevrildiyini göstərir.
Toplantıda Səudiyyə Ərəbistanı, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin iştirakı ilə formalaşan geniş platforma faktiki olaraq regionun əsas siyasi aktorlarının ortaq mövqeyini əks etdirir.
Birgə bəyanatda İranın region ölkələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar qətiyyətlə pislənir. Sənəddə açıq şəkildə qeyd olunur ki, bu zərbələr yalnız hərbi hədəflərlə məhdudlaşmayıb, eyni zamanda yaşayış məntəqələrini, mülki infrastrukturu, neft və su obyektlərini, hava limanlarını, hətta diplomatik nümayəndəlikləri də əhatə edib.
Nazirlər vurğulayırlar ki, belə hücumlar heç bir halda əsaslandırıla bilməz və dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ tam legitimdir.
Bəyanatda İrana açıq çağırış edilir: hücumlar dərhal dayandırılmalı, beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə əməl olunmalıdır. Ən diqqətçəkən məqamlardan biri isə gələcək münasibətlərin birbaşa Tehranın davranışından asılı olacağının vurğulanmasıdır. Bu isə İranın diplomatik manevr imkanlarının daraldığını göstərir.
Sənəddə həmçinin BMT Təhlükəsizlik Şurasının 2817 (2026) saylı qətnaməsinin icrası tələb olunur və Hörmüz boğazı ilə Bab əl-Məndəb boğazı kimi qlobal enerji və ticarət arteriyalarında təhlükəsizliyin təmin olunmasının vacibliyi xüsusi qeyd edilir. Bəyanatda İranın regiondakı silahlı qruplara dəstəyi də kəskin tənqid edilir. Bu kontekstdə Livan xüsusi olaraq qeyd olunur. Nazirlər Livanın təhlükəsizliyi və sabitliyinə dəstək ifadə etsələr də, silahların yalnız dövlət nəzarətində olmasının vacibliyini vurğulayırlar. Eyni zamanda, İsrail tərəfindən Livan ərazisinə edilən hücumlar da pislənir ki, bu da balanslı mövqe nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.
Görüşdə Ceyhun Bayramovun çıxışı Azərbaycanın bu prosesdəki mövqeyini açıq şəkildə ortaya qoyub. Nazir bildirib ki, Bakı İranın Naxçıvanla bağlı insident üzrə hərtərəfli araşdırma aparacağına dair verdiyi vədlərin yerinə yetirilməsini gözləyir.
Xatırladaq ki, martın 5-də İran ərazisindən uçan pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikası ərazisində infrastruktura zərbələr endirib. Nəticədə 4 mülki şəxs xəsarət alıb, kritik infrastruktur, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı ciddi ziyan görüb.
C.Bayramov vurğulayıb ki, Azərbaycan bu hadisəyə operativ və qəti reaksiya verib və ölkə öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumaqda qərarlıdır. Azərbaycan XİN başçısı çıxışında daha geniş kontekstdə də xəbərdarlıq edib. Onun sözlərinə görə, Yaxın Şərqdə eskalasiya artıq ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq regional və qlobal risklər yaradır. Mülki əhali və infrastruktur üçün təhlükələr artır, münaqişənin coğrafiyası isə genişlənir.
Bu isə o deməkdir ki, mövcud gərginlik nəzarətdən çıxarsa, təkcə region üçün deyil, qlobal təhlükəsizlik sistemi üçün də ciddi sarsıntılar yarana bilər.