📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərazi iddiaları ilə bağlı səhifə Ermənistan XİN-in saytından silinib

2024-02-13 10:06:08

Ərazi iddiaları ilə bağlı səhifə Ermənistan XİN-in saytından silinib

Hurriyyet.az "Aysor.am" portalına istinadla xəbər verir ki, erməni politoloq Serqey Melkonyan sosial şəbəkələrdəki paylaşımlarında qondarma "Dağlıq Qarabağ problemi" bölməsinin Ermənistan XİN saytından silindiyini yazıb: "Ermənistan XİN-in saytında həmişə erməni, rus, ingilis və fransız dillərində "Dağlıq Qarabağ problemi" bölməsi olub. İndi həmin səhifənin bütün dillərdəki versiyaları silinib. Əgər bu, texniki xəta deyilsə (buna şübhə edirəm), deməli Ermənistan artıq texniki və rəsmi cəhətdən Azərbaycanla həmrəydir: Dağlıq Qarabağ problemi artıq yoxdur".
"Aysor" nəşri Azərbaycan Prezidentinin nümayəndəsi Elçin Əmirbəyovun bir neçə gün əvvəl Ermənistan XİN-in saytındakı bölmə barəsində tənqidi fikirlər səsləndirdiyini də qeyd edib.
Bəlli olduğu kimi, Azərbaycan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Azadlıq" radiosuna müsahibəsində deyib: “Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir.
Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində bu ölkənin parlamentinin qəbul etdiyi qərarları, Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qarşı açıq ərazi iddiaları olan sənədləri göstərmək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram.
Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılmayıb. Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”.
Hürr Tərcüman