Ərdoğan-Putin görüşündə NƏ KİMİ NƏTİCƏLƏR ƏLDƏ OLUNACAQ?
Vaqif Abdullayev: "İstisna deyil ki, Putinin Türkiyə səfərində taxıl sazişi, Qara dənizin humanitar tranzitlərə açıqlığı və s. məsələlər əsas diqqət mərkəzində olacaq"
Fuad Qəhrəmanlı: "Türkiyə-Rusiya münasibətlərindəki soyuqluq davam edərsə, Kreml Bakı ilə münasibətlərdə Ankara faktorunu daha az nəzərə almaqla, regionda gərginliyi artırmaq istəyəcək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini bu ay ərzində ölkəsinə səfərə dəvət etməyi planlaşdırır. Hələlik səfərin dəqiq tarixi bəlli olmasa da, axar.az-da yer alan informasiyaya görə, Ərdoğan Putinə Ukrayna üzrə sülh danışıqlarının bərpasını təklif etmək niyyətindədir. O da qeyd olunur ki, Türkiyə prezidenti münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qalibin, sülh prosesində isə uduzanların olmayacağı tezisini təkrarlayacaq. Türkiyə mediası isə iddia edir ki, Putinin səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Zəngəzur dəhlizi, taxıl sazişinin bərpası, Suriyadakı durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Bu arada, mövzu ilə bağlı mövqeyini ifadə edən rusiyalı politoloq Andrey Piontkovski hesab edir ki, Putin Ukraynaya qarşı müharibəni şərəfli formada, yəni "heç-heçə" ilə başa vurmağa razı deyil. Piontkovski deyib: "Bu günlərdə Rusiyanın tanınmış casusu Tom Qremin qeyri-rəsmi formatda Putinlə danışığı barədə "Second Track" adlanan qrup tərəfindən qalmaqallı materiallar dərc olundu. Qrem Putinlə Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyə çalışıb. Ona işğal edilmiş ərazilərin böyük hissəsinin işğalçı ölkənin tərkibində qalması, əvəzində Rusiyanın atəşi dayandırması təklif edilir. Putin isə razılaşmır, halbuki bütün ətrafı məhz bu barədə düşünür. O, başa düşür ki, onun üçün bu, hakimiyyətin itirilməsi ilə nəticələnəcək". Rusiyalı politoloqun iddiasına görə, Putin daxili problemlər səbəbindən Türkiyəyə səfərə getməyəcək: "Putin Ərdoğanın yanına oxşarını göndərməyə utanacaq, amma özü də Türkiyəyə getməyəcək. Bu onun təhlükəsizlik məsələsindəki davranışından da görünür. Bundan əlavə, onun indi çoxlu daxili problemləri var".
"Türkiyə-Rusiya və Azərbaycan-Rusiya strateji müttəfiqliyi ən çox Ermənistanı və dünya erməni lobbisini qıcıqlandırır, hər vəchlə bu 3 ölkə arasında isti münasibətləri pozmaq üçün təxribatlara cəhd olunur"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin qənaətincə, Putinin Türkiyəyə planlaşdırılan səfəri mürəkkəb geosiyasi şəraitdə rezonans doğura biləcək xarici səfər kimi də qiymətləndirilə bilər: "Əvvəla, Avropa və ABŞ tərəfindən siyasi eskulasiyaya məruz qalmış və barəsində Haaqa məhkəməsi tərəfindən həbs qərarı çıxarılmış Rusiya prezidentinin Türkiyə kimi regionun güc qütblərindən birinə yola çıxması birmənalı qarşılanmayacaq. NATO ölkəsi və Qərbin yaxın strateji müttəfiqi olan Türkiyənin bu səfərə xoş baxması dünya siyasətində Rusiya faktorunun qəbuledilən olmasına işarədir. Eyni zamanda, mürəkkəb bir dönəmdə bu səfər planı Putinin siyasi cəsarətinin nümunəsidir. Ən əsası isə bu, Putinin qardaş ölkəyə, lideri Ərdoğana dərin etibar və etimadından doğan siyasi reallıqdır. Putinin Ərdoğan haqqında söylədiyi bir ifadə də onun Türkiyə barədə münasibətini təsvir edir. Putin qeyd edir ki, Türkiyə prezidenti güclü lider və hər zaman sözünü tutan şəxsiyyətdir: "Ərdoğan heç vaxt üçüncü ölkələrin öz maraqlarını rəhbər tutmalarına imkan vermir. O, etibarlı tərəfdaşdır. Bizim münasibətlərimizin ən mühüm xüsusiyyəti də etibarlılıq və sabitlikdir". Bu fakrın özü bir daha Putinin fundamental siyasi keyfiyyətlər sırasında etibarlılıq və sabitliyə xüsisi önəm verməsinin göstəricisidir. Həmçinin, onun Türk dünyasına möhkəm inam və etibarının, Türkiyə ilə yanaşı, Azərbaycana da xüsusi etimadının dəfələrlə şahidi olmuşuq. Putin vaxtilə Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi və Rusiya ilə mehriban qonşuluq siyasəti qurmasını yüksək dəyərləndirərək qeyd etmişdir ki, bizim səmimi münasibətlərimizin kökündə Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsi dayanır. Bu mükəmməl təcrübə kursunun prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi də Rusiya lideri tərəfindən hər zaman təqdir olunmaqdadır".
Professor əlavə edib ki, son 20 ildə prezident İlham Əliyevin uzaqgörən xarici siyasət arxitekturası regionda sülh və geniş əməkdaşlıq formatının şaxələnməsini, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycan-Rusiya dostluğu fonunda üçtərəfli əlaqələrin dinamikasına tükənməz impulslar verib: "Bunun nəticəsidir ki, Türkiyə və Rusiyanın Cənubi Qafqaz siyasətinə baxışları sabitləşdirici tənzimləyici və bərabər əməkdaşlıq formulu əsasında irəliləyir, Moskva və Ankara regional məsələlərin həllində Bakının strateji maraq və prinsiplərini nəzərə alır. Cənubi Qafqazda baş verən son proseslərin fonunda, ələxus da Qarabağ münaqişəsinin tənzimlənməsində də bunu qabarıq görə bilərik". Siyasi elmlər doktorunun sözlərinə görə, bir çox qlobal və regional məsələlərdə Putin və Ərdoğanın üst-üstə düşən strateji maraqlar mürəkkəb coğrafiyada yerləşən və mürəkkəb geosiyasi proseslərdə diqqət mərkəzində olan Azərbaycan üçün də dayanıqlı siyasi təminat deməkdir: "Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edən Rusiya qardaş Türkiyə ilə birlikdə bölgədə sülh və əməkdaşlıq proqramlarının həyata keçirilməsi, Zəngəzur dəhlizinin yaradılması istiqamətində eyni fəal mövqe nümayiş etdirir ki, bu da Azərbaycan-Türkiyə-Rusiya formatının müasir simasını əks etdirir. Həmçinin, Azərbaycan və Türkiyənin liderliyi ilə formalaşan Türk dövlətləri ittifaqı həm də Rusiya ilə sıx inteqrasiya şəraitində möhkəmlənir. Məhz bütün bu siyasi gerçəkliklərin nəticəsidir ki, Türkiyə-Rusiya və Azərbaycan-Rusiya strateji müttəfiqliyi ən çox Ermənistanı və dünya erməni lobbisini qıcıqlandırır, hər vəchlə bu 3 ölkə arasında isti münasibətləri pozmaq üçün təxribatlara cəhd olunur. Türkiyədə prezident seçkiləri dövründə Ərdoğanın əleyhinə ABŞ və Avropada çirkin iftira kampaniyalarının təşkilində də dünya erməniliyi xüsusi canfəşanlıq edirdi. Reallıq budur ki, kiminsə istəyib-istəməməsindən asılı olmayaraq Rusiya və Türkiyə hazırda ən yaxın strateji tərəfdaşdır və bir çox qlobal çözümlərdə aktiv aktorlardır. Yaxın və Orta Şərqdə baş verən münaqişlərin, gərginlik ocaqlarının, xüsusilə də Suriya və Liviyada qanlı qarşıdurmaların həllində Rusiya-Türkiyə dialoqlarının faydasının şahidi olmuşuq. Eləcə də, Ukrayna münaqişəsi ilə əlaqədar Qara dəniz bölgəsində humanitar böhranların da uğurlu çözümündə Ərdoğanın nadir liderlik istedadının xüsusi rol oynadığını görmüşük, Qərbin həll edə bilmədiyi taxıl sazişini məhz Ərdoğan Putinlə razılaşdıraraq bəşərriyəti aclıq və fəlakətdən qurtardı".
İndi də bu məsələnin yenidən həllində Türkiyəyə xüsusi güvənin mövcud olduğunu vurğulayan Vaqif Abdullayevin fikrincə, istisna deyil ki, Putinin Türkiyə səfərində taxıl sazişi, Qara dənizin humanitar tranzitlərə açıqlığı və s. məsələlər əsas diqqət mərkəzində olacaq: "Təbii ki, Rusiya ilə Türkiyənin, eləcə də Azərbaycanın bu qədər sıx siyasi yaxınlığını qısqananlar və buna müxtəlif rəng qatanlar da az deyil. Ancaq heç vaxt reallığı unutmamalıyıq ki, Rusiya regionun güc qütblərindən biridir və geosiyasi proseslərdə dominant rolunu inkar etmək ağılsızlıq olardı. Bu baxımdan, Rusiya-Türkiyə münasibətlərinin daha hərarətli olması Azərbaycan üçün yalnız müsbət nəticələr vəd edir".
"Rusiya Moskva Azərbaycana təzyiqləri artırmaqla həm də Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zəiflətməyə çalışır"
Siyasi şərhçi Fuad Qəhrəmanlı isə bildirib ki, Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan soyuqluq davam edəcəyi təqdirdə bizim regionumuzda da öz təsirini hiss etdirəcək. Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Türkiyənin strateji məsələlərdə Qərblə bir mövqedən çıxış etməsi və Rusiyanın gözləntilərinə cavab verməməsidir: "Türkiyənin Ukraynaya silah tədarükü, Moskva ilə razılaşmanı pozaraq Azov döyüşçülərini geri qaytarması, İsveçin NATO üzvlüyünə razılıq verməsi Putini məyus edib və o, indi başa düşür ki, Türkiyəni Qərb blokundan ayırmaq üçün Ərdoğana etdiyi jestlər boşuna gedib. Xüsusi ilə də seçki ərəfəsində Türkiyənin 20 milyard dollardan artıq qaz borcunun bir il ertələnməsi seçki ərəfəsində Putinin Ərdoğana göstərdiyi yardım kimi qəbul edilirdi. Ancaq bütün bunlara baxmayaraq, bu gün Putin hesab edir ki, Türkiyə Qərb-Rusiya qarşıdurmasından faydalanaraq, Moskvanın maraqlarını nəzərə almadan mövcud situasiyadan daha çox öz xeyrinə istifadə etməyə çalışır. Ona görə də bugünlərdə Putin Türkiyədə qaz paylayıcı rezervuarın (qaz habı) qurulması ilə bağlı öz vədindən geri çəkilməklə, Türkiyəni son addımlarına görə bir növ cəzalandırmaq istəyir".
Siyasi şərhçi qeyd edib ki, Rusiya Qaradənizdəki taxıl anlaşmasından çıxmaqla Türkiyənin bu məsələdə əldə etdiyi iqtisadi faydanı və geosiyasi önəmi də sual altına almağa çalışır: "İki ölkə başçısının son telefon danışığında isə Ərdoğanın taxıl anlaşmasının bərpası ilə bağlı təklifi hələ ki, qəbul edilməyib. Gözlənilir ki, Rusiya bundan sonra Qarabağda erməni separatçılarının əli ilə Azərbaycana qarşı təzyiqləri daha da artırsın. Bugünlərdə Xankəndidəki bir qrup erməninin Laçın sərhəd buraxılış məntəqəsinə yürüş edəcəyi ilə bağlı xəbərlər də bu konteksdə nəzərdən keçirilməlidir. Düzdür, Rusiya onsuz da Qərbin sülh təşəbbüslərini pozmaq üçün davamlı olaraq bölgədə gərginlik yaradan hansısa təxribatlar təşkil edir. Ancaq indi bu təxribatlar edilərkən Azərbaycanın maraqlarının açıq şəkildə təhdid olunması, hədəf alınması diqqəti cəlb edir. Bu baxımdan, son zamanda Paşinyana artan təzyiqlər üzündən onun sülhə xidmət etməyən, əvvəlki ritorikasından fərqlənən açıqlamaları da Rusiyanın regionumuzda gərginliyi artırmaq, sülh prosesini iflasa uğratmaq səylərini gücləndirməsinin nəticəsidir. Xüsusi ilə də Ermənistanın humanitar yardım karvanı adıyla, əslində Laçın dəhlizini özünün sərbəst istifadəsinə açıq hala gətirmək cəhdinin arxasında da, Rusiyanın və erməni diasporasının birgə maraqları durur. Rusiya bu cür təxribatlarla təkcə Qərbin vasitəçilik etdiyi sülh prosesini pozmur, həm də Azərbaycanı beynəlxalq aləmlə qarşıdurmaya sövq edib zəiflətməyə, beləliklə də Türkiyənin Cənubi Qafqazda təsir və güclənmək imkanlarının qarşısını almağı hədəfləyir. Ona görə də gözlənilir ki, Rusiya qarşıdakı dönəmdə Azərbaycanla münasibətlərdə Türkiyə faktorunu daha az nəzərə almaqla, regionda gərginliyi artırmaq istəyəcək. Bu yolla Moskva Azərbaycana təzyiqləri artırmaqla həm də Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zəiflətməyə çalışır".
Vazeh BƏHRAMOĞLU