📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan-Putin görüşündən nə gözlənilir?

2021-09-28 10:20:00

Ərdoğan-Putin görüşündən nə gözlənilir?

Qabil Hüseynli: "Ərdoğan Putinlə görüşərkən, Qarabağ məsələsi Suriya qədər əhəmiyyətli məsələ olacaq. Hətta ola bilsin ki, Suriyadan da önəmli olan məsələdir"

Sentyabrın 29-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlı qapılar arxasında görüş keçiriləcək. Şübhəsiz ki, Türkiyə və Rusiya prezidentlərinin Soçidə planlaşdırılan görüşü region üçün böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, hər iki lider hazırkı əlaqələrdən məmnun olduqlarını dəfələrlə bəyan ediblər. Sözsüz ki, Türkiyə və Rusiya liderlərinin görüşündən sonra, Azərbaycan-Ermənistan münasibətlərində də yeni addımların atılacağı gözləniləndir.

“Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır”, - dyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq: “Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə, İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq”.

Ərdoğan əlavə edib ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: “Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuyla bağlı "Hürriyyət"in əməkdaşının suallarını cavablandırıb. “Putin-Ərdoğan görüşündən nə gözləntiləriniz var” sualını cavablandıran politoloq bildirib: “Bu görüşün nəticəli olacağına inanıram. Çünki həm Türkiyə tərəfdən, həm də Rusiya tərəfdən müsbət mesajlar verilməkdədir. Hətta Peskov Türkiyə ilə Rusiya arasındakı münasibətlərin qarşılıqlı etimad yaradan münasibətlər olduğunu söyləyib. Rəcəb Tayyib Ərdoğan da Baydenlə görüşündən sonra jurnalistlər üçün olan mətbuat konfransında Rusiya və Prezidentinin ünvanına çox tərifli fikirlər söylədi. Bununla da Türkiyə-Rusiya münasibətlərinin kifayət qədər möhkəm və perspektivli olduğunu göz önünə qoydu”.

Rəsmi informasiyalara görə, görüşdə əsas Suriya məsələsi müzakirə olunacaq. Necə düşünürsünüz, bu görüş zamanı həqiqətənmi Qarabağ məsələsi diqqətdən kənarda qalacaq?

Qabil Hüseynli hesab edir ki, Ərdoğan-Putin görüşünd Qarabağ məsələsi Suriya qədər əhəmiyyətli olacaq: “Bunu zənn etmirəm. Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının sessiyasına gedərkən, hava limanında jurnalistlərə verdiyi müsahibədə də Qarabağ və Azərbaycan-Ermənistan arasındakı münasibətlərə ciddi şəkildə toxunub. Türkiyə tərəfinin Soçi gündəmi ilə bağlı səsləndirdiyi fikirlərdə birinci növbədə İdlib məsələsi və Suriyadakı demokratik müxalifətin nailiyyəti məsələsi gündəmdə olsa da, amma Qarabağ məsələsi Türkiyənin bir nömrəli məsələləri sırasına daxildir. Ərdoğan Putinlə görüşərkən Qarabağ məsələsi Suriya qədər əhəmiyyətli məsələ olacaq. Hətta ola bilsin ki, Suriyadan da önəmli olan məsələdir. Fürsət düşmüşkən, bu məsələni müzakirə etməmək mümkünsüz görünür. Çünki həm Türkiyə, həm də Azərbaycan üçün müharibənin başa çatmasından keçən bir il ərzində kifayət qədər problemlər toplanıb. Bu problemlər həm Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi, eyni zamanda Rusiyanın bölgədəki sülhməramlı kontingentinin davranışlarıyla bağlı yaranmış fikirlərdir. Bunların müzakirəsi gözlənilir. Türkiyə bütün bu məsələlərdə Azərbaycanın mövqeyini bölüşür. Həmin məsələni Putinlə müzakirə etmək niyyətində olması qətiyyən şübhə doğurmur”.

Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması və bölgəni tək etməyəcəyi ilə bağlı iddialar səsləndirilir. Görüşdə bu məsələ müzakirə olunacaqmı?

Politoloq hesab edir ki, Ərdoğan bu məsələni qaldırmaya bilər: “Ola bilsin ki, Ərdoğan bu məsələni qaldırmasın. Çünki bu artıq Azərbaycanla Rusiya arasında olan münasibətlər konteksinə daxildir. Bu gün sülhməramlı qüvvələrin bölgədə nə qədər qalacağıyla bağlı fikirlər səsləndirmək o qədər də ciddi fikirlər olmaya bilər. Hamı yaxşı bilir ki, Azərbaycan beş ildən sonra sülhməramlı qüvvələrin bölgədə qalmasına qətiyyən razı olmayacaq. Xüsusən, Rusiya tərəfdən bu fikirləri sülhməramlıların komandanı olmuş Muradov səsləndirirdi. Belə fikirlərin qaldırılması məhz konyuktura məqsədləri güdürdü. Mən onlara “sülhməramlılar” demək istəmirəm. Onlar rus qoşunlarıdır. Biz rus qoşunlarının bölgədə qalmasına razı olmayacağıq. Hətta deyərdim ki, beş il çatmamış, Rusiya sülhməramlı qüvvələrinin bölgədən çıxarılması məsələsi gündəmə gələ bilər. Amma birmənalı şəkildə deyə bilərik ki, rus sülhməramlıları beş ildən artıq bölgədə qala bilməyəcək.

“Ümumiyyətlə, Qarabağda antiterror əməliyyatı və ya üçüncü Qarabağ savaşının keçiriləcəyi ehtimalı varmı” sualını cavablandıran Q. Hüseynli belə bir ehtimalın mümkün olduğunu söylədi: “Bu ehtimal qalır. Mütləqdir ki, antiterror əməliyyatlarını həyata keçirəcəyik. Hələ ki, yüksək ehtimallı antiterror əməliyyatlarının keçiriləcəyini demək çətindir. Amma bu məsələ gündəmdən də çıxarılmayıb. Azərbaycan ola bilsin ki, məhz o istiqamətdə təlimlər keçərək hərəkət edir. Ola bilsin ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə ordusunu yenidən qurur. Keçirilən təlimlər və təlimlərə xüsusi təyinatlı hərbçilərin cəlb edilməsi, eyni zamanda təlimlərdə qardaş Pakistanın iştirakı Azərbaycanın ciddi niyyətlərindən xəbər verir. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənib. Buna da nail olacağıq”.

“Tərəflər Zəngəzur dəhlizi ilə bağlı mümükün razılığa gələ bilər"

Politoloq Məhəmməd Əsədullazadə isə Rusiyanın Türkiyə ilə mümkün hərbi-texniki əməkdaşlığını qorumaqda maraqlı olduğunu bildirib: "Sentyabrın 29-da baş tutacaq Putin-Ərdoğan görüşündə İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq. Bir müddətdir Rusiya tərəfi Türkiyənin Ukraynaya hərbi-texniki dəstəyindən narahatdır. Putinin bununla bağlı cənab Ərdoğandan belə bir dəstəyi kəsməsini istəməsi mümkündür. Təbii ki, Ankara Ukraynaya dəstəylə bağlı Rusiyanın istəklərini yerinə yetirməyəcək. Çünki Ukrayna, Qara dəniz hövzəsi Türkiyənin əlində ciddi rıçaqdır.

Suriyada İdliblə bağlı gərgin vəziyyət hökm sürür. Rusiya İdlibə və Afrinə havadan hərbi əməliyyatlar həyata keçirir. Artıq Türkiyə də idlib və Afrin isitiqamətinə yeni hərbi birliklər göndərir. Göründüyü kimi, hər iki tərərf görüş öncəsi öz güclərini nümayiş etdirir. Bunun da məqsədi güzəştə getməməkdir. Türkiyənin bu qərarlılığı, Moskvanı güzəştə məcbur etməsi mümkündür.

Türkiyə tərəfi İdlibdən o halda geri çəkilə bilər ki, YPG-yə qarşı hərbi əməliyyatlarda Rusiya dəstək versin. Bu görüşdə əsas müzakirə predmeti də bu istiqamətdə olacaq.

Soçi görüşündə tərəflərin ortaq məxrəcə gəlməsi mümükün ola bilər. Hər iki ölkənin dərin böhrana getməsi gözlənilmir. Bu, nə Rusiyaya, nə də Türkiyəyə lazımdır. Xüsusilə, Rusiya Türkiyə ilə mümkün hərbi-texniki əməkdaşlığı qorumaqda maraqlıdır. Zəngəzur dəhlizi ilə bağlı tərəflər mümükün razılığa gələ bilər. İdliblə bağlı bu görüşdə müsbət razılıq əldə edilsə, Zəngəzur dəhlizi və Ermənistanla münasibətlərin normallaşmasına təsir edəcək".

Məhəmməd Əsədullazadə daha sonra əlavə edib ki, Soçi görüşündə qarşılıqlı güzəştlər vasitəsilə əməkdaşlıq və tərəfdaşlığın davam etməsi gözlənilir: "Qeyd edim ki, əgər bu danışıqlarda razılaşma olacaqsa, Türkiyə bu danışıqlardan sonra Rusiyadan növbəti dəfə "S-400" havadan müdafiə sistemlərini ala bilər. Bu məsələdə artıq ABŞ-ın mövqeyi Türkiyə üçün maraqlı deyil. Soçi görüşündə qarşılıqlı güzəştlər vasitəsilə əməkdaşlıq və tərəfdaşlığın davam etməsi gözlənilir. Çünki, cənab Ərdoğan və Putin anlaşa bilirlər".

YƏHYA