📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Rusiya-Ukrayna nümayəndə heyətləri ilə görüşdü - YENİLƏNİB + VİDEO

2022-03-29 12:22:00

Ərdoğan Rusiya-Ukrayna nümayəndə heyətləri ilə görüşdü - YENİLƏNİB + VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. Danışıqların Bakı vaxtı ilə 11:30-da başlayacağı gözlənilir.

Hurriyyet.az-ın “TASS”a istinadən məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi Dolmabaxça sarayına gəlib.

Görüş mətbuata qapalı olacaq.

***

Rusiya nümayəndə heyəti də Dolmabaxça sarayına gəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri ilə görüşüb.

O,  ilk olaraq nümayəndə heyətlərini salamlayıb: “Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün danışıqlar prosesinə fayda verəcəyinə ümid edir. Ukraynadakı vəziyyət Rusiya və Ukraynanın qonşu və dostu olan Türkiyəni dərindən kədərləndirir”.

Bununla yanaşı, Türkiyə Prezidenti tərəfləri atəşkəs rejiminin tətbiq edilməsinə çağırıb. 

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin işinin asanlaşdırılması üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

“Münaqişənin uzadılması heç kəsə faydalı deyil. Müharibədə qalib tərəf olmur”, - deyə Ərdoğan vurğulayıb.