📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Türkiyə qapılarını Ermənistanın üzünə bağlamayacaq, bir şərtlə ki...”

2022-02-23 17:40:00

Ərdoğan: “Türkiyə qapılarını Ermənistanın üzünə bağlamayacaq, bir şərtlə ki...”

“Biz bütün bu prosesləri bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanla yaxın koordinasiya içərisində həyata keçirməyə davam edəcəyik”.

“Əgər Ermənistan hazırda xüsusi nümayəndələrlə başlanan prosesi davam etdirməkdə qərarlı olarsa, bizim qapıları bağlı saxlamağımızdan söhbət gedə bilməz”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Afrika səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verib.

Türkiyə Prezidentinin barəsində danışdığı mövzulardan biri  Ermənistan-Türkiyə münasibətləri olub.

Ərdoğan deyib: “Bildiyiniz kimi, mən Ermənistanın müsbət addımlarına eyni şəkildə qarşılıq verəcəyimizi əvvəllər də söyləmişdim.

Bu bölgənin sülh, sabitlik və rifaha ehtiyacı vardır. Bu anlayışla da ölkəmiz ilə Ermənistan arasında normallaşdırma prosesini başlamaq üçün səmimi səy göstərməyə başlamışıq. Azərbaycan Prezidenti İlham (Əliyev) qardaşım da bunu faydalı hesab edir. Ermənistanın da bu normallaşdırma istiqamətində göstərdiyi iradədən məmnunuq. Bu prosesi davam etdirmək üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin eləmişik və onlar yanvarın 14-də Moskvada ilk görüşü keçirdilər. Fevralın 24-də də, bu səfər Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi bəzi konkret gözləntilərinin olduğunu da bilirik. Əgər Ermənistan hazırda xüsusi nümayəndələrlə başlanan prosesi davam etdirməkdə qərarlı olarsa, bizim qapıları bağlı saxlamağımızdan söhbət gedə bilməz. Bəşəri münasibətlərin güclənməsi üçün aramızdakı birbaşa uçuşların yenidən başlanmasını da qərara aldıq.  İstanbul ilə İrəvan arasında müntəzəm uçuşlar bu ayın əvvəlində açılıb. Ermənistandan da müsbət yanaşmanın davamlı olacağını gözləyirik. 6 tərəfli platformanı yaratmaq surəti ilə də Türkiyə ilə Ermənistan arasındakı bu problemləri arxada qoymaq niyyətində olduğumuzu bildirmişdik. Biz bu platformanın açılmasının tərəfdarıyıq.

Təbii ki, bütün bunlar bir boşluqda yaranmır.

Bu mənada Azərbaycan-Ermənistan münasibətləri ilə Türkiyə-Ermənistan normallaşma prosesi bir-birini dəstəkləyərək irəliləyə bilər. Həmçinin, regional əməkdaşlıq ideyamız da bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu ikitərəfli proseslərdən bəhrələnəcək. Bu tarixi fürsətdən yaxşı istifadə etmək üçün hər kəsin konstruktiv davranması lazımdır. Biz bütün bu prosesləri bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanla yaxın koordinasiya içərisində həyata keçirməyə davam edəcəyik”.

Hürr Tərcüman