Ərdoğan: “Türkiyənin hədəfi dünyanın 10 ən güclü iqtisadiyyatından biri olmaqdır”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyanın ən güclü 10 iqtisadiyyatına daxil olmağı hədəfə aldığını bəyan edib.
Xəbər verildiyi kimi, bu gün Türkiyənin şərqində onu Gürcüstan və ümumilikdə Cənubi Qafqaz ilə birləşdirəcək yeni avtomobil tunelinin açılış mərasimi keçirilib. 2246 metrlik “Pırınkayalar” tuneli Ərzurum vilayətini Artvin şəhəri ilə birləşdirir. Ərdoğan açılış məraimində videokörpü vasitəsi ilə çıxış edib. O, yeni tunelin Anadolunun mərkəzi regionları ilə Türkiyənin Qara dəniz bölgəsinin əlaqəsini rahatlaşdıracağını bildirib. “Pırınkayalar” tuneli həm də Gürcüstan ilə sərhəd istiqamətindəki yolun mühüm həlqəsinə çevrilərək, Türkiyənin şimal-şərqindəki dağlıq rayonlardan yük daşınmasını asanlaşdıracaq.
Prezident qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı Türkiyə hökumətinin prioritetlərindən biri olacaq.
Ərdoğan çıxışına davam edərək deyib: “Son illər ərzində Türkiyədə aeroportların sayı 56-ya çatıb, liman infrastrukturu əhəmiyyətli dərəcədə genişlənib. Müasir Türkiyə inkişaf eləməkdə olan və inkişaf eləmiş ölkələr arasında öz infrastrukturunun miqyasına və səviyyəsinə görə seçilir. Bizim hədəfimiz – Türkiyəni dünyanın 10 aparıcı iqtisadiyyatı sırasına çıxarmaq və bununla da ölkəmizin qlobal idarə sistemindəki mövqeyini möhkəmləndirməkdir”.
Hürr Tərcüman