Ərdoğanı dəstəkləyən Sinan Oğanın bədən dili nə deyir? - Videoizah
Xəbər verdiyimiz kimi, ötən gün ATA İttifaqından olan Sinan Oğan Türkiyədə prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, türkiyəli bədən dili mütəxəssisi Aşkım Kapışmak Sinan Oğanın dəstəkləyəcəyi namizədi açıqladığı anların görüntülərini şərh edib:
"Bütün mətni kağızdan oxuyur, bu da bədən dili göstəricilərini məhdudlaşdırır. Kağızdan oxuması, göz təmasını azaldır. Bu, göz təmasını azaltmaq üçün qəsdən atılmış bir addım ola bilər.
Mətnin oxunduğu vərəqi izləyicilərin görə bilməyəcəyi formada, məsələn, kürsünün arxasında tutmaq hər zaman daha pozitiv təəssürat yaradır.
Qırmızı qalstuk seçimi güc göstəricisidir. Gələn alqışlara "dayan" deməsi, bu qərarı ilə fəxr etmədiyinin bir göstəricisi ola bilərmi?
Nitqi boyunca su içdiyi anların artması və dərin nəfəslər alıb-verməsi stres səviyyəsinin yüksək olduğunu göstərir. Vərəqdə əvvəlcədən yazılanlardan əlavə hər hansı bir şey deməməsi və sual-cavaba razılaşmaması sizcə nə mənaya gəlir?", - deyə mütəxəxsis qeyd edib.
Qeyd edək ki, bir çox siyasi analitiklər Sinan Oğanın seçiminin Türkiyənin hazırkı Prezidenti R.T.Ərdoğan olacağını əvvəlcədən proqnoz edirdilər.