Ərdoğanın Azərbaycana səfərinin detalları: Yeni yol xəritəsi cızılır
“Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Azərbaycana etməsi, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Müasir dünyada Türkiyə ilə Azərbaycan qədər qardaşlıq əlaqələrinə malik ikinci bir dövlət tapmaq mümkün deyil. Heç şübhəsiz, bundan sonrakı dönəmdə əməkdaşlıq daha da sürətlə inkişaf edəcək və genişlənəcək. Qarşıda çox böyük vəzifələr, planlar var. Türk Dövlətləri Birliyi Təşkilatının təkmilləşməsi, güclü beynəlxalq təsisata çevrilməsi, Türk dövlətlərinin siyasi, iqtisadi, mədəni, elmi, texnoloji cəhətdən bir-birinə inteqrasiyası kimi məsələlər durur”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlaması zamanı deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, sülhün əldə olunmasının əleyhinə çıxış edən qlobal güclərə qarşı vahid mövqe sərgilənməlidir.
“Müharibədə qalib gəlmişik. Ancaq diplomatik mübarizə, informasiya müharibəsi davam edir. Ermənistanla sülh müqaviləsi imzalanmayıb.
Prezidentlər İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına, beynəlxalq nüfuzunun artmasına səbəb olub, xalqlarımızı daha da yaxınlaşdırıb. Münasibətlərimizin dərinləşməsi, taleyin hökmü və zamanın tələbidir”,- o deyib.
Politoloq Sultan Zahidov Türkiyədəki qeyri-müəyyənlik dönəminin başa çatmasından sonra münasibətlərin inkişafından danışıb. O qeyd edib ki, hər iki dövlət rəhbəri qətiyyətli şəkildə yeni mövqe ortaya qoyublar. Türkiyə- Azərbaycan münasibətlərində dərinləşmə, yaxınlaşma daha da davam edəcək: “Fərqli sahələrdə işbirliyi, əməkdaşlıq, həyata keçiriləcək. Buraya hərbi sənaye sahəsi və kosmosda əməkdaşlıq sahəsi daxildir. Bundan başqa, rabitə, nəqliyyat, kommunikasiya və digər sahələrdə əməkdaşlıq daha da dərinləşəcək. Eyni zamanda, sözsüz ki, siyasi platformalarda beynəlxalq təşkilatlar səviyyəsində də Azərbaycan və Türkiyənin daim bir-birinə siyasi dəstək verməsi daha da möhkəmlənəcək.

Sözsüz ki, Türkiyə-Azərbaycan münasibətləri artıq son illərdə nəinki dostluq, hətta qardaşlıq səviyyəsinə gəlib. Bu münasibətlər həm strateji, həm də müttəfiqlik səviyyəsindədir. Qeyd etmək lazımdır ki, 2021-ci ilin 15 iyun Şuşa Bəyannaməsi Azərbaycan- Türkiyə münasibətlərində yeni bir səhifə açıb. Bu münasibətlər daha da dərinləşəcək. Hər il yeni, müştərək işlər, layihələr həyata keçirilir. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Türkiyə rəhbəri ilə hər görüşdə biz görülən işləri yekunlaşdırır və artıq növbəti fəaliyyətlər üçün yol xəritəsini cızırıq”,- deyə o yekunlaşdırıb.
Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Türkiyə liderinin ölkəyə səfəri sırf ənənəyə əsaslanır.
.jpg)
“Amma burada rusların nəzarətində olan ərazilərdəki, həm də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə edildi. Şübhəsiz ki, hər bir halda bu görüşdən sonra səslənən bəyanatlar Ermənistan və onu dəstəkləyən ölkələrə qarşı ciddi bir mesaj kimi dəyərləndirilə bilər”.