"Ərdoğanın səfərindən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorika dəyişib" - SAMİR HÜMBƏTOV
"Hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinə kimin qarşı çıxmasından asılı olmayaraq bu dəhliz mütləq açılacaq"
"26 oktyabr 2021-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra artıq 3-cü səfəri gerçəkləşdi. Bu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdilər və təqribən İran sərhədindən 10 kilometr məsafədə yerləşən Zəngilan raynunun Ağalı kəndində birgə mətbaut konfransında iştirak etdilər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Siyasi ekspert hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı İlham Əliyevlə birgə hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsinin özü siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş olurlar: "Bu o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçrilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin daha da asanlaşmasına şərait yaratmış olur. Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılamasına kimin qarşı çıxmasından asılı olmayaraq bu dəhliz mütləq açılacaq. Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək baş tutan görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer baxımından və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər".
Samir Hümbətov onu da əlavə edib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir: "Bu aqqressiya içərsində əsas yeri Dağlıq Qarabağ termininin işlədiləməsi tutur".
Vazeh BƏHRAMOĞLU