Ərdoğduya tərəf deyil, Ərdoğana tərəf baxmalı...
Türkiyənin siyasi palitrası rəngarəngdir, biz Azərbaycan haqda hər bir əhəmiyyətsiz iddialara Bakıdan qarşılıq versək, etiraz bildirsək, hətta üzrxahlıq tələb etsək, bu ümumi işin faydasına olmaz...
CHP-li deputat Aykut Ərdoğdunun fevralın 1-də öz sosial şəbəkə hesabından yazdıqlarına Bakıdan istənilən səviyyədən verilmiş reaksiya, cavab zənnimcə, siyasi baxımdan yanlışdlır. Xüsusilə bu sözünü bilməzə Azərbaycan XİN-in sözçüsü səviyyəsində münasibət gərəksiz göründü. Kimdir axı bu deputat ki, onu dövlətin bir ciddi strukturu reaksiya versin?
Yəqin ki, deputatın bu iddiaları Şuşa Bəyannaməsinin Türkiyə Böyük Millət Məclisində təsdiqi ərəfəsinə təsadüf etməsi səbəbindən diqqət çəkdi. Türkiyənin siyasi gündəmini izlədiyim üçün deyim ki, partiyada sözünün xüsusi çəkisi olmayan birisinin dediklərini heç yerli media diqqətə almadı. Halbuki Türkiyədə hərdən adi bir replikanın gündəmə çevrildiyi də olur. Ərdoğdunun yazdıqları isə xüsusi diqqətə layiq olmadı. Müxalifət Tayyib Ərdoğan iqtidarını ittiham edəndə hərdən çox absurda gedir, obyektivlik hissini itirirlər, yalanlar uydurular. Yeri gəlmişkən, bu yalanlara görə həmin deputatı AKP bir neçə dəfə məhkəməyə də verib...
Türkiyə medasında Ərdoğdunun milli kimliyi haqda müxtəlif iddialar var- kürd, hətta erməni olduğu da deyilir. Amma lap erməni olsa belə, onun Azərbaycanla Türkiyə arasında enerji razılaşmalarını təftiş edərək ağlına gələni ictimailəşdirməsinə Bakıdan reaksiya verməmək olardı. CHP-li deputatın enerji alanı kimi həssas bir sahədə “malı-mala” qatdığı aşikardır, statuslarında Ərdoğdunun çəkdiyi bəzi adlar da yazılanların aşağı səviyyəli dedi-qodu olduğuna sübutdur.
![]()
Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmuş ilk sənəd deyil, əlbəttə, sonuncusu da olmayacaq. TBMM-də Azərbaycana daima güclü dəstək olub. Elə CHP-də bu sırada istisna deyil. Bu, yanlış üslublu açıqlamanın yayılması “iqtidar olacağıq” deyən bir partiyanın əlbəttə ki, həm də yanlış siyasəti hesab olunmalıdır. Ərdoğana müxalifət olan CHP-nin bir deputatının Azərbaycan hakimiyyətinə də dil uzatmasının, ittiham hədəfinə çevirməsinin anlamı nədir? Axı iqtidarda kimin olmasından asılı olmayaraq, imzalanmış sənədlər dövlətlərarası sənəd kimi tarixə düşür. Sabah CHP və ya başqa bir partiya iqtidara gəlsə, bu müqavilələrlə davam etməli olacaq. Dövlətlərarsı müqavilələri təftiş etmək olar, düzəliş də etmək mümkündür, amma onları hansısa cılız maraqlara görə şübhə altına almaq CHP kimi tarixi siyasi quruma yaraşmır.
![]()
Bu, təəssüf ki, CHP-li deputatların Azərbaycan əleyhinə ilk çıxışları deyil. Kılıcdaroğlunun rəhbərlik etdiyi partiyada daxili demokratiya çox ola bilər, amma bu o demək deyil ki, kimsə ağzına və ağlına gələni danışmalıdır. Xüsusilə mövzu dövlətlərarası sazişlər, əlaqələr, konkret halda isə Azərbaycandırsa...
Sirr deyil ki, Türkiyədə Azərbaycanı hələ də “kiçik görən” qüvvələr var. Bu birliyi, qardaşlığı qısqanclıq altına alanlar da həmişə olub və olacaq da... Amma güclü Türkiyənin regionda Azərbaycanla birgə addımlamasının əhəmiyyətini anlayanlar da çoxdur.Həmin qüvvələr isə indi iqtidardır...
![]()
Türkiyənin siyasi palitrası rəngarəngdir, biz Azərbaycan haqda hər əhəmiyyətsiz iddialara Bakıdan qarşılıq versək, etiraz bildirsək, hətta üzrxahlıq tələb etsək, bu ümumi işin faydasına olmaz...
Dövlətlərası əlaqələr, imzalanmış sənədlər dövlət rəhbərliyi tərəfindən yönləndirilir. Yəni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət rəhbəri Tayyib Ərdoğan tərəfdən. Onların gördükləri iş isə ortadadır. Azərbaycan və Türkiyə inamla, həm də israrla bütün sahələrdə ittifaq dövlət modelinə doğru gedir...
![]()
O səbəbdən Ərdoğduya tərəf deyil, Ərdoğan tərəfə baxmalı. İşıq gələn tərəfə yəni...
Musavat.com