"Ərəb çoğrafiyasında ən arzuolunmaz adam Fələstin pasportu daşıyan şəxsdir" - XAQANİ CƏFƏRLİ
"Ərəblər Fələstindən, xüsusilə HƏMAS-dan məsafə saxladığı bir zamanda türklər bu prosesin qurbanına çevrilirlər"
"Livanın paytaxtı Beyrutun ən böyük ticarət mərkəzi ABC Mall-da Fələstinlə əlaqəli malların satışı rəsmi olaraq qadağan edilib. Bundan başqa, ticarət mərkəzinin əməkdaşlarına Fələstinlə bağlı geyim və ya aksessuarlardan, xüsusilə də “Ərəfat yaylıqları”ndan istifadə qadağan olunub. Ticarət mərkəzinin əməkdaşlarına qonşu ölkədə baş verən hadisələr, xüsusən İsrailin Qəzada keçirdiyi antiterror əməliyyatı ilə bağlı münasibət bildirmək də qadağan olunub". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloqun sözlərinə görə, ABC Mall-ın rəhbərliyi hesab edir ki, ticarət mərkəzinin əməkdaşları iş yerində siyasi mövqe nümayiş etdirməməlidirlər: "Bu hal sadəcə Livan üçün xarakterik deyil. Bütün ərəb çoğrafiyasında ən arzuolunmaz adam Fələstin pasportu daşıyan şəxsdir. Ərəblər Fələstindən, xüsusilə HƏMAS-dan məsafə saxladığı bir zamanda türklər bu prosesin qurbanına çevrilirlər. Almaniya hökuməti ölkəyə qanunsuz yollarla daxil olan türkləri deportasiya etməyə başlayıb. Bir neçə min avro xərcləyərək Şərqi Avropa ölkələrindən keçməklə meşə yolları ilə Almaniyaya keçən türklər deportasiya olunur. Oktyabrın 16-dan noyabrın 20-dək ən azı beş min türk deportasiya olunub. Sərhədi qanunsuz keçən suriyalı və əfqanların 90 faizi Almaniyada qalmaq hüququ qazandığı halda türklərin yalnız 13 faizi sığınacaq ala bilir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan HƏMAS-a sahib çıxaraq İsrail və Qərbə qarşı ritorikasını sərtləşdirdikçə bütün Avropada türklərə qarşı münasibət pisləşir. Diaspor təşkilatları türklərin Avropada ən arzuolunmaz xalqa çevriləcəyindən narahatdırlar".
Xaqani Cəfərli əlavə edib ki, Türkiydə isə 12-15 min dollar xərc çəkib Kanadaya, 8-10 min avro xərcləyib Almaniya getmək istəyənlərin sayı isə hər ötən gün daha da artır: "Avropadan gələn depotasiya xəbərləri belə, türklərin ölkələrini tərk edərək xoşbəxtliklərini yad ellərdə axtarmaq istəyini azaltmır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az