ERMƏNİ DEPUTAT BAKIDA YAŞAMAQ İSTƏYİR... - Simonyan və digərləri niyə “sülh göyərçini”nə çevrilib?
Son günlər Ermənistanın hakim dairələrində ən yüksək səviyyədə Azərbaycanla münasibətlərin normallaşdırılması, hətta birgə yaşayış barədə bəyanatlar səsləndirilir.
Bu baxımdan Ermənistan parlamentinin sədri Alen Simonyanın dünən söylədiyi fikirlər erməni cəmiyyətində və mətbuatında, elə bizim mediada da ciddi əks-səda doğurub: “Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar. Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, eləcə də bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”.
Məsələ ondadır ki, bu cür düşünən təkcə Simonyan deyil və artıq “estafeti” ondan qəbul edənlər var.
Hurriyyet.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Vilen Qabrielyanla apardığı söhbəti dərc edib.
Həmin müsahibədə Bakıda doğulmuş Qabrielyan Azərbaycan paytaxtında yaşamağa hazır olduğunu deyib: “Dünən Bakıda doğulmuş Vilen Qabrielyan parlamentdə "Bakıda erməni tarixi-mədəni izi" adlı sərginin açılması təşəbbüsü ilə çıxış edib. Biz ondan soruşduq ki, Bakıda yaşamağa gedərsinizmi?
Cavab: “Əgər Azərbaycan hakimiyyəti tərəfindən təhlükəsizlik şəraiti təmin edilərsə, bəli! Azərbaycan aydın təminat verməlidir ki, 100 min erməni öz hüquqlarını bərpa etsin, doğulduğu yerdə, Azərbaycan Respublikasında köçüb yaşasın”.
Bəs, Ermənistan hakimiyyəti də azərbaycanlılara təhlükəsizlik zəmanəti verməlidirmi? Cavab: “Ermənistan demokratik dövlətdir, təbii ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilər”.
Həlak olanların yaxınlarının fikrini nəzərə alacaqsınız?
Cavab: “Dünya bu yaxınlarda yaranmayıb, bir-biri ilə vuruşan, sonra sülh şəraitində yaşayan, sonra yenidən müharibəyə gedən və s. dövlətlər var”.
Bəs oğlanlarımızı öldürən, vətənimizi əlimizdən alan(?) insanların yanında yaşamaq olarmı?
Cavab: "Əlbəttə ki, faciəvi bir vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə, cəmiyyətlər bir-biri ilə barışmağa çalışmalıdırlar."
“Vətəndaş müqaviləsi” fraksiyasının deputatı hesab edir ki, qaçqınların geri qaytarılması məsələsi hər iki tərəfdə müzakirə olunmalıdır.
Göründüyü kimi, Paşinyan komandasının təmsilçiləri “sülh göyərçini” rolunda çıxış etməyə başlayıblar. Xüsusilə də vaxtilə Azərbaycanda ən yaxşı bölgələrdə, o cümlədən paytaxtda yaşamış, vəzifələr tutmuş, maddi imkanları yüksək olmuş ermənilərin yenidən Azərbaycanda yaşamağı arzulaması təbiidir. Ancaq zamanında nankorluq etdikləri Azərbaycan xalqının, cəmiyyətinin onlara yenidən və tezliklə belə bir fürsət tanıyacağı yumşaq desək, şübhəli görünür...
Məsələ ondadır ki, son 44 günlük müharibənin və bundan əvvəlki 30 ildə davam etmiş münaqişənin yaraları olduqca dərindir. Bu yaraları qısa müddətdə sağaltmaq mümkün deyil, hətta mümkündürsə də belə, olduqca çətindir. Azərbaycan və erməni cəmiyyətlərinin buna hazır olduğunu iddia etmək reallıqdan uzaq olardı. Digər yandan, bu gün də tərəflərin bir-birinə qarşı siyasi hakimiyyət də daxil omaqla, müxtəlif səviyyələrdə ittihamları davam edir. Qarşılıqlı məhkəmə iddiaları, təzminat tələbləri, beynəlxalq təşkilatlara müraciətlər və s. qalmaqdadır. Nə konkret sülh müaviləsi imzalanıb, nə də sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilib. Anklav məsələləri, eləcə də Zəngəzur dəhlizi ilə bağlı problem həll edilməmiş qalır və maraqların toqquşduğu məqamlar yalnız bunlarla da bitmir...
Əlbəttə, istənilən xalq, toplum, cəmiyyət sülh və əminamanlıq içərisində yaşamaq, düşmənçilikdən uzaq olmaq istəyir. Lakin xüsusilə də daim beynəlxalq güclərin “barmağı” olan bizim regionun xalqları üçün buna nail olmaq asan deyil. Əksər mütəxəssislərin fikrincə, ermənilərlə azərbaycanlıların münasibətlərinin normallaşması üçün ən azı bir yeni nəsil dəyişikliyi olmalıdır...
Bütün bu və sadalamadığımız digər problemlərin fonunda Paşinyan hakimiyyəti tərəfindən səsləndirilən “sülh və birgə yaşayış” tezisləri kifayət qədər şübhəli görünür. İstər-istəməz sual yaranır ki, Ermənistan tərəfindən Azərbaycanla birgə yaşayış barədə səsləndirilən bəyanatlar səmimidirmi, yoxsa hansısa siyasi konyukturaya, məqsədlərə xidmət edir? Təəssüf ki, erməni tərəfinin özünü “sülh göyərçini” libasında təqdim etməsi daha çox beynəlxalq arenada İrəvanı sülhpərvər, Bakını isə davakar, irticaçı tərəf kimi göstərmək məqsədinə xidmət edir. Ən azı ona görə ki, bu bəyanatlarla paralel olaraq, sülh danışıqları yubadılır, İrəvanın özünə daha güclü, yeni himayədarlar axtarışı davam edir.
Yəqin ki, bu situasiyada Azərbaycan tərəfi də incə oynaya bilər, qarşılıqlı gedişlər edərək, həm erməni tərəfinin “səmimiliyini” yoxlaya, həm də bu çağırışların arxasındakı gerçək məqəsədləri ifşa edə bilər.
AzPolitika.info