Erməni deputat Bakıya gəlmək istəyir - İrəvandan yeni SİYASİ ŞOU
Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Lilit Qalstyan Bakıya gəlməyə hazır olduğunu bəyan edib.
Hurriyyet.net News.am-a istinadən xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasına (PA) ünvanladığı məktubunda bildirib:
"ATƏT PA-nın payız sessiyası ərəfəsində Bakıya səfərin təşkil olunması tələbi ilə quruma müraciət göndərmişəm".
Bu missiyanın sülh naminə əməkdaşlığın təşviqinə, münaqişələrin dinc yolla həllinə yönəldiyini iddia edən deputat Bakıda hərbi cinayətlərdə və terrorçuluqda təqsirləndirilən erməni məhbuslarla görüşmək istədiyini gizlətməyib.
Qalstyan Azərbaycanda qanunvericiliyə və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilən məhkəmə proseslərini kölgədə qoymağa çalışaraq, məhbusların vəziyyəti ilə bağlı qərəzli iddialar irəli sürüb.
Erməni deputat Bakıda saxlanılan şəxslərin yanına beynəlxalq müşahidəçilərin buraxılmadığını iddia edərək, qurumun nümayəndə heyətinin Bakıya səfərinin təşkil olunmasını xahiş edib.
Öz siyasi şousunu davam etdirən Qalstyan təhlükəsizlik zəmanəti istəyərək absurd iddia ilə çıxış edib:
"Şəxsən və təkbaşına da Bakıya səfər etməyə hazıram. Xüsusilə vurğulamaq istəyirəm ki, bu, siyasi təşəbbüs deyil, etimadın formalaşması və real sülh prosesi istiqamətində mühüm və konkret addım kimi qiymətləndirilə biləcək humanitar gedişdir. Eyni zamanda, təhlükəsiz daxil olma, təhlükəsizliyin təmin edilməsi və geri qayıtmaq üçün lazımi zəmanətlərin alınmasında şəxsi dəstəyinizə ümid edirəm".