📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni deputat öz rahatlığı üçün küçəyə qadağa qoyub? – QALMAQAL

2026-09-16 21:33:12

Erməni deputat öz rahatlığı üçün küçəyə qadağa qoyub? – QALMAQAL

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Lüdviq Gülnazaryanın evi qarşısında avtomobillərə səs siqnalı verməyi qadağan edən yol nişanlarının quraşdırılması qalmaqala səbəb olub.

Hurriyyet.media  xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Parakar icmasının sakinləri sözügedən nişanların qanunsuz şəkildə quraşdırıldığını iddia edirlər. Yerli sakin və bloqer Onik Arutyunyan bildirib ki, ərazidə ümumilikdə üç “səs siqnalı vermək qadağandır” nişanı aşkar edilib.

Onun sözlərinə görə, belə bir məhdudiyyət zəruridirsə, müvafiq yol nişanı qanunla müəyyən edilmiş qaydada səlahiyyətli qurum tərəfindən quraşdırılmalıdır. Arutyunyan deputatı vəzifə imkanlarından istifadə edərək nişanları öz evinin qarşısında yerləşdirməkdə ittiham edib.

“Qanun hamımız üçün birdir. Belə getsə, bir gün yolu da bağlayıb hərəkəti məhdudlaşdıracaqlar?” – deyə bloqer bildirib.

Bununla belə, Arutyunyan məsələ ilə bağlı hələ yerli administrasiyaya və ya digər səlahiyyətli dövlət qurumlarına rəsmi müraciət etmədiyini də etiraf edib.

“Pastinfo”nun yazdığına görə, sakinlərin təqdim etdiyi foto və videogörüntülərdə deputatın evinin yerləşdiyi ərazidə üç qadağanedici nişanın olduğu görünür.

Deputat Lüdviq Gülnazaryanın ittihamlara münasibəti materialda təqdim edilməyib.