📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Erməni dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb" - ELXAN ŞAHİNOĞLU

2023-10-18 13:55:25

"Bu yolla İranda və bir sıra ərəb ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar"

"Ermənistanın və erməni lobbisinin dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb. Erməni saytlar İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayımlayırlar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satmasının məlum fakt olduğunu vurğulayan politoloq bildirib ki, bu, bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var: "Erməni saytları buna əlavə olaraq guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərin fəaliyyət göstərdiyi barədə saxta “analizlər” yayırlar. Erməni lobbisi bu cür saxta “analizləri” xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur. Məqsəd aydındır. Bu yolla İranda və bir sıra ərəb ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar".

Elxan Şahinoğlu əlavə edib ki, bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir: "Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik və Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az