"Erməni diasporu özü üçün nəticə cıxartmalıdır ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil"
Aydın Mirzəzadə: "Çox çəkməyəcək ki, keçmiş məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtmalarının şahidi olacağıq"
İlyas Hüseynov: "Azərbaycan "Qisas" əməliyyatını keçirməklə nümayiş etdirdi ki, qarşışına qoyduğu bütün məqsədlərə çatmaqda qətiyyətlidir və bundan sonra da prinsipial, ardıcıl addımlar atılacaq"
Son günlər ermənilərin təxribat törədərək Laçından çıxması geniş səs-küyə səbəb olub. Belə ki, Laçını tərk edən ermənilər, evləri yandıraraq növbəti barbarlıq, vəhşilik əməllərini yerinə yetirirlər. Qeyd edək ki, evlərini yandırmaq istəyən ermənilərə ölkə rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. Bildirilib ki, evləri yandıranlara kompensasiya verilməyəcək.
Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən millət vəkili Aydın Mirzəzadənin fikrincə, mümkündür ki, bunun arxasında xahişlər və yaxud da elə Ermənistanın özündə müəyyən qüvvələr dayanır: "Erməni millətcikləri növbəti dəfə Azərbaycana qarşı təxribat törətməyə cəhd edirlər: "İl yarım bundan əvvəl imzalanmış üçtərəfli bəyamnaməyə əsasən, Laçın yoluna alternativ yol çəkildikdən sonra, Laçın şəhəri və onun ətrafında olan kəndlər Azərbaycanın tam nəzarəti altına keçir. Orada qeyri-qanuni yaşayan ermənilər isə Azərbaycan ərazisini tərk etməlidirlər. Ancaq son dövrlərdə həmin ailələrə Ermənistana qayıdacaqları halda pensiya şəklində konpensasiya verəcəklərinə dair söz verilmişdir. Bununla belə, bəzi erməni ailələri yaşadıqları evləri yandırmağa, özlərinə xas barbarlığı və vəhşiliyi nümayiş etdirməyə calışıblar, hətta bununla bağlı video görüntülər də soial şəbəkələrdə yayılmışdır. Çox təəssüf ki, Azərbaycan belə düşüncə mədəniyyətində olan bir toplumla üz-üzədir. Erməni millətindən olanlar 200 il bundan əvvəl qeyri-qanuni Azərbaycan torpaqlarına köçürülürdü. 100 il bundan əvvəl Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikası yaradıldı və həmişə yerli əhaliyə qarşı zorakılıq törətməyə, tariximizi, mədəniyyətimizi, torpağımızı əlimizdən almağa çalışırdılar. Ancaq bütün bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyi olmadığı dövrdə baş verib. Ən yeni tarix sübut etdi ki, dövlət müstəqilliyimiz olduğu şəraitdə, ermənilərin Azərbaycana qarşı iddialari baş tutmur. Bu baş tutmadıqda isə onlar evləri yandırmağa, özlərindən sonra viran bir yer qoyub getməyə çalışıblar. Mümkündür ki, bunun arxasında xahişlər və yaxud da elə Ermənistanın özündə müəyyən qüvvələr dayanır. Onlar evlərini yandıran erməni ailələrinə sertifikatda göstərilən vəsaitdən çox məbləğ vəd etdiklərinə görə, evləri yandırmağa cəhd edirlər. Bu əslində onların vəhşiliyinin, sivilizasiyadan uzaqlığının göstəricisidir. Bununla onlar, Azərbaycana psixoloji təsir göstərməyə, Azərbaycan xalqında qorxu, inamsızlıq yaratmağa çalışırlar. Ancaq etdiklərinin heç bir faydası yoxdur. Azərbaycan xalqı prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi. Bir hissə ərazimiz isə müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altındadır".
Millət vəkili hesab edir ki, həmin ərazilər də uzaq olmayan bir dövrdə Azərbaycanın nəzarəti altına keçəcək: "Ermənilərin Azərbaycana qarşı etdikləri istənilən təxribata qarşı Azərbaycan artıqlamasıyla cavab verir. Azərbaycanın təzyiqi nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidən çox sayda erməni hərbçiləri həmin ərazini tərk etmişlər. Ermənistanın istənilən təxribatına qarşı Azərbaycanın prinsipial mövqeyi, milli maraqlarımıza uyğun addımları vardır. Ermənilərin bu cür təxribat törətmələri Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməyə heç bir halda mane olmayacaqdır".
Aydın Mirzəzadənin sözlərinə görə, xaricdəki erməni diaspor nümayəndələri özləri üçün nəticə cıxartmalıdırlar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil: "Azərbaycan öz dövlət müstəqilliyinin imkanlarından istifadə edərək, milli maraqlarımıza uyğun olaraq ciddi addımlar atır və istənilən təxribata cavab vermək iqtidarındadır. Çox çəkməyəcək ki, Azərbaycan bayrağı Laçında, Zabuxda, Şuşada dalğalanacaq və çox çəkməyəcək ki, biz oradan olan keçmiş məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtmalarının şahidi olacağıq”.
Politoloq İlyas Hüseynov isə “Hürriyyət”ə açıqlamasında bildirib ki, tərəflər arasında düşmənçiliyi, nifrəti daha da genişləndirmək və inkişaf etdirmək düşmənin əsas məqsədidir və bu cür cılız addımlar atmaqla onlar öz məqsədlərinə çatmağı ehtimal edirlər. İlyas Hüseynov həmçinin, qeyd edib ki, burada kənar güclərin, kənar təsirlərin olması ehtimalları güclənir: "Təbii ki, kənar təsirlər, kənar maneələr regionda daha çox siyasi gərginliyin artırılmasında marağı olan tərəflərdir. Onların müdaxiləsi təbii ki, təhlükəsizliyə və sülhə də böyük zərbə vurur. Qeyd etmək lazımdir ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtətəfli birgə bəyanata uyğundur. Digər tərəfdən, bəyanatın 6-cı maddəsində qeyd olunur ki, Laçın şəhərinə daxil olmadan alternativ yol 3 il ərzində inşa ediləcək. Azərbaycan tərəfi cəmi il yarım ərzində dünya standartlarına cavab verən yol inşa etdi. Hazırda Laçın şəhərinin mərkəzi, xüsusilə Zabux kəndləri də Azərbaycana təhvil verilməlidir. Bu onu deməyə əsas verir ki, artıq Azərbaycanın göstərdiyi siyasi iradə, qətiyyət və prinsipiallıq özünü əyani şəkildə nümayiş etdirir və bu xüsusda həmin ərazilərdə yerləşən ermənilərin də addımları böyuk maraq doğurur. Cəmi il yarım öncə Laçın, Kəlbəcər və Ağdam üçtərəfli birgə bəyanat nəticəsində hərbi siyasi yollarla düşməndən təmizləndi. Həmin dövrdə də ermənilər evlərinə od vurur, ağacları kəsir, mal-qaranı tələf edir və maksimum dərəcədə ziyan vurmağa çalışırdılar. Baxmayaraq ki, həmin evləri azərbaycanlılar min-bir əziyyətlə tikmişdilər. Lakin ermənilər onları yandıraraq xüsusi zövq alırdılar. Hazırda isə Ermənistan rəhbərliyi evləri yandırmamaqla bağlı xüsusi göştəriş verib və göstəriş əsasında qeyd olunur ki, həmin şəxslər Ermənistan tərəfindən konpensasiya almayacaqlar. Bu Azərbaycanın siyasi əzmini və qətiyyətini nümayiş etdirən bir yanaşmadır. Lakin biz bir sıra neqativ halları da görürük. Burada isə kənar güclərin, kənar təsirlərin olması ehtimalları güclənir. Tərəflər arasında düşmənçiliyi və nifrəti daha da genişləndirmək, inkişaf etdirmək onların əsas məqsədidir və bu cür cılız addımlarla öz məqsədlərinə çatmağı ehtimal edirlər. Lakin Azərbaycan tərəfi "Qisas" antiterror əməliyyatını keçirməklə nümayiş etdirdi ki, qarşışına qoyduğu bütün məqsədlərə çatmaqda qətiyyətlidir və bundan sonra da prinsipial, ardıcıl addımlar atılacaq. Eyni zamanda, cənab prezident son çıxışı zamanı həm də Ermənistanın havadarlarına çox ciddi mesajlar verdi. Bu mesajlar ondan ibarətdir ki, heç bir status, müstəqillik, muxtariyyət məsələləri siyasi gündəlikdə yoxdur və bu məsələləri “diriltmək” istəyənlərində bir nəticəyə müvəssəl olmayacağı gün kimi aydındır”.
Nərmin Məmmədli,
Hurriyyet.az