Erməni fərarilərin statistikası dəqiqləşdirilir: “11 min nəfər ola bilər”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan parlamentinin müvafiq komissiyasının sədri Andranik Koçaryan İkinci Qarabağ müharibəsi zamanı Ermənistandakı fərarilərin sayının həqiqətən də 11 min nəfərə qədər ola bildiyini söyləyib. O, bu rəqəmin komissiyanın araşdırması zamanı dəqiqləşdiriləcəyini qeyd edib.
Koçaryan Ermənistanın Baş nazirinin həyat yoldaşı və “Haykakan jamanak” qəzetinin ba redaktoru Anna Hakopyanın bununla bağlı açıqlamasından danışarkən deyib: “İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrindəki fərarilərin sayı 11 min nəfər və hətta daha artıq da ola bilərdi. Problem həqiqətən də kəskin idi. Tələsik qismən səfərbərlik aparıldı, çox vaxt heç də hamı təyinat yerinə gedib çatmırdı. Həmin məntəqəyə çatanların isə hamısını bir yerə toplamaq olmurdu. Bununla bağlı əlimizdə minlərlə cinayət işi var. Problem hazırda təhqiqat qurumlarında araşdırılır”.
Bununla belə, deputat Anna Akopyanın bu məlumatları haradan götürdüyünü bilmədiyini də etiraf edib. O bildirib ki, Ermənistan Respublikasının Milli Şurasının İkinci Qarabağ müharibəsinin araşdırılması ilə məşğul olacaq kamissiyası bu məsələni aydınlaşdıracaq fərarilərin əslində nə qədər – 11, yoxsa 12 min nəfər olduğunu müəyyənləşdirəcək.
Deputatın sözlərinə görə, əksər hallarda səfərbərliyə cəlb edilənlər hazırlıq keçməyə macal tapmadan döyüş zonasına göndəriliblər və bu da kütləvi panikaya və digər mənfi hadisələrə səbəb olub.