📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni güzəşt etmədi, xoşbəxt oldu?

2021-10-30 14:06:00

Erməni güzəşt etmədi, xoşbəxt oldu?

1994-cü ildən 2020-ci ilin sentyabrına qədər davam etmiş “erməni maksimalistliyi”, deyəsən, indi də bizə sirayət edib.

İctimai-siyasi fəallar arasında get-gedə bir fikir hakim qənaətə çevrilməkdədir ki, nə Qarabağ ermənilərinə, nə də ümumiyyətlə, Ermənistana heç bir güzəşt ola bilməz, anlaşmadan, barışıqdan söhbət getməməlidir.

Belə çıxır ki, biz bu millətlə ömür boyu düşmən olmalıyıq, əllərində olan əraziləri (Zəngəzur, Göyçə, Vedibasar) də basıb almalıyıq. Hətta gələcəkdə regionda Ermənistan adlı dövlətin mövcud olmayacağından danışanlar var.

Nə qədər qeyri-populyar, xalqa coş gəlməyəcək türdən olsa da, demək lazımdır ki, elə şey mümkün deyil, əbəs yerə eyforiyaya qapılmayaq, yanlış illüziyalara dalmayaq.

Ermənistanın da daxil olduğu beynəlxalq birlik və onun qanunları, eləcə də xristian dünyası və onun elan olunmamış prinsipləri bizə bu dövləti yox etməyə imkan verməz.

Hətta bütün ermənilər, onlara xas olan “harda günüm xoş keçir, ora mənə vətəndir” prinsipi ilə regiondan köçüb getsələr də, Avropa dövlətləri Ermənistanı “xristian bastionu” kimi qoruyub saxlayar.

İkincisi, “bir dövləti yox etmək”, “bölgədən qovmaq” kimi iddialar özündə hərbi və antibəşəri cinayət elementləri daşıyır və bu, niyyətdən əmələ keçdikdə beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunur.

Ona görə də bir fikir, iddia irəli sürərəkən, onun beynəlxalq qanunlara, konvensiyalara uyğun olub-olmamasına baxmaq lazımdır.

Biz ermənilərlə sovet dövründəki kimi dost-mehriban olmaya bilərik və yəqin ki, bu indiki nəsillərin həyatda olduğu sürəcdə baş tutmayacaq, ancaq sülh şəraitiində yaşayan, heçi-köçü ayrı olan iki qonşu dövlət olmağa məhkumuq.

Tarixi təcrübə göstərir ki, köhnə düşmənliklər hələm-hələm unudulmasa da, zamanla aktuallığını, şiddət və ehtirasını itirir. Məsələn, 210 il əvvəl fransızlar Avropanın bütün dövlət qurmuş xalqlarıyla (ingilislər, almanlar, macarlar, ruslar, italyanlar, ispanlar, hollandlar) düşmən idilər, hamısının torpağını işğal etmişdilər. 105 və 80 il öncə hamıyla düşmən olmaq estafeti almanlardaydı. Bu müharibələrdə on milyonlarla insan öldü, yüz milyonlarla adam yaxınlarını itirdi, ölkələr, şəhərlər dağıldı, bütün Avropa iztirab çəkdi. Ancaq indi Avropa dövlətlərinin əksəriyyəti bir arada yaşayır, aralarında dövlət sərhədi və ədavət yoxdur, vahid valyuta işlədirlər, vahid parlamentləri var.

Bu ölkələr öz aralarındakı ərazi problemlərini həll ediblər və müəyyən qədər köhnə intriqanı məxməri şəkildə yaşatsalar da, dinc, yanaşı yaşaya, anlaşa bilirlər.

Biz də əvvəl-axır ermənilərlə anlaşmalıyıq. Çətindir, uzun çəkəcək, amma bu, belə olmalıdır.

İndi mütləq kimsə düşünür və deyəcək ki, ermənilərlə anlaşmaq çətindir, çünki çox maksimalistdirlər, kompromiss deyilən şeydən xəbərləri yoxdur, şüurlarına “hamısı mənim” qənaəti hakim kəsilib.

Bəli, indilikdə elədir. İndiki ermənilər məhz o cür düşünürlər və onların “2020-oktyabr-noyabr faciəsi”nin mayasında bu düşüncə tərzi dayanır. Vaxtında yola gəlsəydilər, qarşılıqlı güzəşt yolu ilə ərazi, muxtariyyat və digər problemləri həll edə bilsəydik, bu günə düşməzdilər.

Ancaq gələcək ermənilərin şüurunda mütləq yaxşılığa doğru dəyişiklik baş verməlidir ki, düşdükləri ağır durumdan çıxsınlar. Əslində onlar da hesab edir ki, Azərbaycan tərəfi heç nədə güzəştə getmək istəmir, bütün fikri-zikri erməniləri əvvəlcə Qarabağdan, sonra isə Qafqazdan qovmaqdır. Bu fikir erməni mətbuatında get-gedə daha artıq ehtirasla tirajlanır.

Bu isə Azərbaycanın dövlət siyasətinin prioritet xətti deyil. O kimi fikirlər yalnız bəzi ictimai-siyasi fəalların dilindən səslənir və onun da əsas səbəbi 30 il boyunca erməniləri yolagəlməzliyi, güzəştsizliyi olub. Düşüncə belədir ki, o vaxt ermənilər bizə güzəştə getmirdi, indi də biz getmirik.

Bu, yuxarıda dediyimiz kimi, yanlış mövqedir. Ermənilər 30 il güzəştə getmədilər, eyzən “güclü ordu”dan, “şanlı zəfər”dən, “qalib zinvor”dan danışdılar, sonu nə oldu, xoşbəxt oldularmı? 44 günün içində acı və rüsvayçı məğlubiyyət yaşadılar.

İndi belə çıxır ki, biz bu cür davam edəcəyik, ermənilər də açıq-gizli formada silahlanacaq, güclənəcək, Avropadan dəstək alacaq, bir gün revanşa qalxacaqlar...

Bu müharibə əbədi ola bilməz. Qarşılıqlı güzəştlər əsasında münaqişə birdəfəlik həll olunmalıdır. “Çomağı əldən yerə qoymamaq” məsələsi isə bizlikdir.

Musavat.com