Erməni hərbi ekspertdən AÇIQLAMA: Azərbaycanın hərbi gücünə qarşı durmaq asan məsələ deyil
Sentyabrın 13-14-də Azərbaycanla döyüşlər nəticəsində Ermənistan tərəfinin ağır itki verməsi bir sıra amillərlə, məsələn, təmas xəttinin təchizat səviyyəsi, lazımi silahların olub-olmaması, təşkilati problemlər və s. ilə bağlıdır. Bu cür itkilərə səbəb olan səbəblərin təhlili əsaslı və qərəzsiz qiymətləndirmə tələb edir. Bu fikri hərbi ekspert Narek Nersisyan erməni mətbuatına müsahibəsində bildirib.
Sentyabrın 13-14-də sərhəddə genişmiqyaslı eskalasiyanın insan itkiləri baxımından erməni tərəfi üçün çox ağır nəticələri oldu. İki gün davam edən döyüşlərdə həlak olan və itkin düşənlərin sayı, sonradan məlum olduğu kimi, 207 nəfər təşkil edib. Bu rəqəmlər bir çox ekspert və siyasətçilərin diqqətini çəkib. Belə ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, təmas xətti effektiv şəkildə təchiz edilsəydi və əsgərlər müdafiə olunsaydı, belə ağır itkilərin qarşısını almaq olardı. Onun fikrincə, Ermənistan hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra heç bir nəticə çıxarmayıb.
Hərbi ekspert bu arada vəziyyətə daha geniş prizmadan baxmağa çağırıb və hesab edib ki, istehkamların kifayət qədər səviyyəsi heç bir halda əsas səbəb deyil.
“Ola bilsin, ikinci prezident itkilərimizin əsas səbəbi kimi mövqelərin kifayət qədər təchiz olunmamasını hesab edirsə, müasir müharibənin xüsusiyyətlərini tam başa düşmür. Təbii ki, müdafiə xəttinin daha yaxşı təşkil oluna biləcəyinə şübhə yoxdur. Lakin düşmən-indiki halda Azərbaycanın istifadə etdiyi silahlardan istifadə edərsə, hətta ən qorunan müdafiə xətti də sizi ciddi itkilərdən xilas etməyəcək”, deyə Nersisyan bildirib. Onun sözlərinə görə, eskalasiya zamanı Azərbaycan Silahlı Qüvvələri təkcə minaatanlardan və iriçaplı atıcı silahlardan deyil, həm də uzaqmənzilli top və raket artilleriyasından, həmçinin zərbə ebndirən PUA-lardan və kamikadze dronlarından da istifadə edib.
Ülviyyə, Hurriyyet.az