"Erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib" - POLİTOLOQ
Elxan Şahinoğlu: "Səfirlərimiz fəallıqlarını artırmalıdırlar, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazarlarıyla görüşməli, fikir mübadiləsi aparmalı və haqlı mövqeyimizi onlara izah etməlidirlər"
"Erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artıb. Buna fikir verməmək də olar, Qarabağın tamamını nəzarətə götürmək məsələsində hələ ki, bizə əngəl yaradacaq ciddi amil yoxdur. Buna baxmayaraq, Ermənistan hökuməti + Qarabağ separatçıları + erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına da seyrçi qalmaq mümkün deyil". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir: "Ancaq bu yalnız Hikmət Hacıyevin işi olmamalıdır, səfirlərimiz indiki həssas dövrdə fəallıqlarını artırmalıdırlar, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazarlarıyla görüşməli, fikir mübadiləsi aparmalı və haqlı mövqeyimizi onlara izah etməlidirlər. Bundan da nəticə çıxmayacaqsa, özləri məqalə hazırlayıb müxtəlif nəşrlərdə və saytlarda yayımlanmasına nail olmalıdırlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az