📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ERMƏNİ MEŞƏSİ” – Şamil yazır…

2023-01-25 13:08:00

“ERMƏNİ MEŞƏSİ” – Şamil yazır…

Vətənimiz tarixən meşələrlə, dağlarla, çaylarla o qədər bol olmuşdur ki, sanki bu bolluqdan onların bəzisinə ad qoymağı da unutmuşuq. Bəlkə də ata-babalarımız vaxtında adlandırmışsa da, gələn nəsillər sonralar "zatən bizimdir" deyib, arxayınçılıqdan, yaxud da laqeyidlikdən, tənbəllikdən bu isimləri hallandırmamışlar.

Bu gün vətənimin hər bir tərəfdən, qədim dədə-baba torpaqlarımızla sərhəd olmasında bu xasiyyətlərimizin böyük rol oynaması, faciəmizin acı reallığıdır desəm, yanılmaram.

Cənub rayonlarından olan Masallının bir kəndində, müəllim ailəsində doğulub, boy-başa çatmışam. Kəndimizin şimal tərəfindəki qonşu kəndinin ərazisində “Dəmirağacı”, “Nilağacı” deyilən nadir ağaclarla zəngin bir meşə yerləşirdi. Uşaqlıqdan göbələk, qaragilə, bənövşə yığmağa getdiyimiz bu meşənin adını oynadığım, oturub-durduğum tay-tuşlarımdan ara-sıra "Erməni meşəsi" deyə eşidirdim. Nə yalan deyim, bəzən mən də bu adı işlədirdim.

Bir gün məktəbdə müəllim işləyən anamın-atamın, meşəni bu cür adlandırdığıma, “biz erməniyik ki, meşəmizi belə adlandırırsan?” demələri sanki məni ayıltdı. “Qonşu kəndin adı ilə bağlıdır əsl adı, “Alvadı meşəsi””, - dedi atam..

Sonralar qoca kişilərə, yaşlı nənələrə, bu adı sual verdikdə, aldığım cavab bu olurdu ki, bala, o meşənin adı “Alvadı meşəsidir”, buralarda ermənilərin izi-tozu olmadığı halda, sonralar haradan bu ad ortaya çıxdı, biz də bilmirik.

Özləri, izləri belə olmadığı yerlərə əvvəlcə adlarının nədən, necə gəldiyinin, illər əvvəl və illər sonr millətimizin başına gətirdiyi faciələrdən nahayət, gec də olsa anladıq. Bunları yaşamağımıza səbəbin laqeyidlik, unutqanlıq olmaqla yanaşı, həm də savadsızlığın da ayrıca dəst-xətti olduğunun şahidi oluraq.

ŞAMİL