Erməni ombudsman Azərbaycanla sərhəddə bufer zonanın yaradılmasının zəruri olduğunu iddia edir-Zəngəzurdan köçün başlanması panika yaratdı
Son günlərdə Zəngəzur bölgəsindən ermənilərin kütləvi şəkildə köçünün başlanması Ermənistan içində narahatlıq yaradıb. Belə ki, Ermənistanın Ombudsman ofisi Azərbaycanla sərhəd ərazilərdə təhlükəsizlik zolağının zəruri olmasından bəhs edib. “Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın Ombudsmanı Arman Tatoyan bildirib.
“Biz əsaslandırdıq ki, təhlükəsiz zonaya ehtiyac var, kəndlərimizə bitişik ərazilərdən, yaşayış məntəqələrini birləşdirən yollardan Azərbaycan hərbçiləri, bayraqları, müxtəlif növ texnikası çıxarılsın. Bunlar olmadan sərhədyanı icmaların sakinlərinin hüquqlarının bərpası, onların normal həyatının bərpası ola bilməz. Üstəlik, bu bizim hesabımıza olmasın, amma getsinlər. Xüsusi hesabatda onların yerləşdirilməsinin qanunsuz olduğu bildirilir. Onlar müharibə təhlükəsi altında, peşəkar təhlil olmadan kəndlərimizin bilavasitə yaxınlığındadırlar", Arman Tatoyan deyib.
O vurğulayıb ki, delimitasiya və demarkasiya proseslərinin olmadığı şəraitdə heç bir beynəlxalq kriteriya qəbul edilməyib. “İnsanlara verilən torpaqlarla bağlı məsələləri təhlil etmək, kadastr sənədlərini öyrənmək lazım idi. Elə hallar var ki, Azərbaycan silahlı qüvvələri sovet dövründən insanlara aid olan torpaqlarda yerləşiblər. Əgər sərhədlərin delimitasiyası və demarkasiyası insan hüquqlarına riayət olunmasını təmin etmirsə, demokratiya qaydalarına, insan haqlarına uyğun gəlmirsə və insanların normal yaşayışını təmin etmirsə qanuni sayıla bilməz və bu beynəlxalq tələbin açıq şəkildə pozulmasıdır”, - deyə Arman Tatoyan yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az