Erməni rəsmidən AÇIQLAMA: Ermənistanın Gorus-Qafan yolunda israrı məntiqsizdir
Gorus-Qafan yolunun Azərbaycana verilməsi qərarının alınmasının ardınca 2021-ci il 11 noyabrda İrəvanda mitinq baş tutdu. Bu ölkənin ombudsmanı dünənki mitinqdə səslənən bəyanatlar ruhunda açıqlama verir.
Belə ki, Ermənistanın ombudsmanı Facebookda Azərbaycanın hərəkətləri nəticəsində Sünikdə-Zəngəzurda ciddi humanitar problemlər haqda paylaşım edib. Paylaşımda bildirilir ki, Azərbaycanın "qanunsuz hərəkətlər"i nəticəsində avtomobillərin hərəkətinə maneə yarandığından Gorus, Vorotan, Şurnux, Bərdzrəvan və digər yaşayış məntəqələri arasında əlaqə çətinləşib. Ombudsmanın dediyinə görə, bu şəhər və kəndlərdə artıq ərzaq və ilkin tələbat mallarına, səhiyyə və xidmətlərə çıxışa ciddi məhdudiyyətlər qoyulub. Noyabrın 12-də Vorotan, Şurnux və Bərdzrəvan kəndlərində çörəyin çatdırılması böyük çətinliklə təşkil olunub. Verilən məlumata görə, "Gorus hakimiyyətinin əlavə səyləri ilə çörək bu kəndlərə saat 16:00-dan sonra çatdırılıb”, - deyə məlumatda bildirilir. Ombudsman məktəblərdə uşaqların təhsilini təşkil etməyin də mümkün olmadığı haqda məlumatları yayır. Bunlar azmış kimi ombudsman ofisi yaranan müxtəlif problemlərin həllində çətinlikləri vurğulayaraq bildirilir ki, bu gün Şurnuxda hava şəraiti ilə əlaqədar evlərdən birinin dam örtüyünün təmirinə təcili ehtiyac yaransa da, lazımi tikinti materiallarını əldə etmək mümkün olmayıb. Ermənistan içində olan qurumların birinin sözü digərininki ilə üst-üstə düşmür. Belə ki, bu gün "Ermənistanın alternativ yolları var və Gorus-Qafan yolundan istifadə etməyin məntiqi yoxdur" deyə açıqlama verilib. Bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, bu yoldan istifadə etmək zərurəti yaranarsa, Azərbaycan Ermənistana sözügedən proseslə bağlı məlumat verəcək: “Azərbaycan tərəfi hələ bu, yoldan istifadəyə görə hansı ödənişlərin yığılması yaxud hansı sənədlərin yoxlanılması barədə açıqlama verməyib. Biz güzgü effektiylə cavab verəcəyik və gömrük məntəqəsi quracağıq. Belə bir fikir var ki, Azərbaycan bu yoldan istifadə etməyəcək. Amma azərbaycanlılar, məsələn, Sanasardan Eyvazlıya qədər bu yoldan istifadə edə bilərlər ki, onun bir hissəsi də Ermənistan ərazisindən keçir və bu hissədən istifadə olunarsa, biz də gömrük nəzarətini həyata keçirəcəyik və Azərbaycan vətəndaşlarından gömrük rüsumunu alacağıq".
Armen Qriqoryan əlavə edib ki, bir dənə də olsun erməni kəndi təcrid olunmayacaq: “İndiki mərhələdə biz diqqətlə yolların təmiri ilə məşğul oluruq. Xot kəndindən torpaq yol artıq hazırdır. Digər yollarda da intensiv işləyirik”, deyə TŞ katibi sözünü yekunlaşdırıb.
Ombudsman isə Sünikdəki vəziyyətlə bağlı beynəlxalq strukturlara, eləcə də Ermənistanın dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına hesabatlar göndərəcəyini bildirir. Ermənistan ombudsmanının qaldırdığı hay-həşir Azərbaycana qarşı yönəlsə də, ilk növbədə bu qərarın bir il əvvəl Ermənistanın məğlubiyyətini təsbit edən Sülh Bəyannaməsinin yaratdığı durumla şərtlənməsini anlamır. Eləcə də hər ölkədə insan hüquqlarının qorunması kimi vəzifəsi olan Ombudsman qurumunun Ermənistandakı ofisi bu hüquq institutunun fəaliyyətinin unikal üslübunu ortaya qoyur. Hər sahədəki kimi burada da erməni dəsti-xətti seçilməlidir. İnsan hüququ qorumaqdan çox ölkəsinin verdiyi qərardan bixəbərcəsinə işinin mahiyyəti başqa ölkəyə qarayaxma kampaniyasını təşkil etmək olan erməni ombudsmanının çalışma tərzi erməni xəstəliyinin sağalmaz olduğunu göstərməkdədir.
Ülviyyə, Hurriyyet.az