Erməni separatçılarının QARABAĞDAN KÖÇÜ BAŞLAYIB
Elxan Şahinoğlu: "Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələrini sürətləndirməliyik"
Kənan Novruzov: "Qarşıdakı 1 həftə - 10 gün ərzində provokasiyalar yenə də təkrarlanarsa, Azərbaycan ciddi hərbi tədbirlər görə bilər"
Rusiyanın Qarabağdakı emissarı, Rusiyada qazandığı “çirkli pullar”la milyarder olan Ruben Vardanyanın Xankəndindəki qondarma rejimə rəhbərlik uğrunda "mübarizəsi" kəskin hal alıb. "Hürriyyət" azpolitika.info-ya istinadən xəbər verir ki, o, bu prosesdə Qarabağın ermənilər yaşayan ərazilərində guya mövcud olan “humanitar böhran”dan və separatçıların rəhbərliyinin nüfuzunun getdikcə daha da azalmasından istifadə etməyə çalışır. Belə ki, Vardanyan Ermənistan mətbuatına növbəti açıqalmasında Xankəndindəki separatçı rejimin başında duranlardan istefaya getməyi tələb edib.
Xatırladaq ki, Vardanyanın iddiasına görə, Araik Arutunyan Qarabağım məlum hissəsində qalan erməniləri ruhlandırmaq, “mübarizəyə” səsləmək əvəzinə onları ruhdan salır. Vardanyan hətta bildirib ki, Arutunyan ermənilərin Qarabağ ərazisini tərk etməli olduqlarını deyir və bunun üçün zəmin yaradır: “İnsanları hər gün qorxutmaq, demək ki, biz heç nə edə bilmirik, biz getməliyik (Qarabağdan-red.), eləcə də tez-tez əhval-ruhiyyənin dəyişdirilməsi vəziyyəti ağırlaşdırır. Belə vəziyyətdə təkbaşına bütün qərarları vermək mümkün deyil. Birinci şəxs insanlara ümid, inam və etibar aşılamalıdır, o, hər dəfə deməli deyil ki, mən bilmirəm nə edəcəm, özünüz qərar verin və indi biz çox ağır böhran içərisindəyik...”
Bu arada, Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanı da ittiham edib. O, deyib ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması “böyük taktiki və strateji səhvdir” və bu səhv düzəldilməlidir. Onun fikrincə, Paşinyan Azərbaycanla danışıqlarda özünü məğlub tərəf kimi aparır və “məğlubiyyət təfəkkürü” ilə çıxış edir: “Əgər sən zəifsənsə, səninlə imzalanan sənəd heç bir dəyər daşımır”.
Göründüyü kimi, Vardanyan Moskvanın narrativlərini can-başla həyata keçirməkdə və Xankəndindəki separatçı rejimin rəhbərliyinə can atmaqda davam edir. Ancaq o da məlumdur ki, Azərbaycanın mövqeyi qətidir və rəsmi Bakı heç zaman Vardanyan və onun kimiləri tərəf müqabili qismində qəbul etməyəcək, onlarla danışıq aparmayacaq.
"Vardanyan Arutunyana ultimatum elan edib və ona qarşı təzyiqi artıracağını vurğulayıb"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Vardanyan Arutunyanı devirmək istəyir: "Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı".
Politoloq qeyd edib ki, Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi: "Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı. Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O son video müraciətində separatçıların lideri Araik Arutunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, Siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqlli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri Sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”. Ruben Vardanyan faktiki Araik Arutunyana ultimatum elan edib. “İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutunyana “istefa verməmək üçün” Ermənistanın baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib?"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin qənaətincə, Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o bu yükdən qurtulmaq istəyir: "Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi var. Bütün hallarda Araik Arutunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq, birincisi Bakı onunla dialoqa getməyəcək, ikincisi yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur".
Elxan Şahinoğlu onu da əlavə edib ki, Qarabağı 3 qrup erməni tərk edə bilər və birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir: "Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər. İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar". Politoloqun sözlərinə görə, axtarışda olan caniləri çıxmaq şərtilə bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır: "Bəli, köç başlayıb, ancaq bu hələ ki, kütləvi şəkil almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin".
"Zaman rəsmi İrəvanın əlehinə işləyir, odur ki, Paşinyan təxribatların dayandırılması üçün çalışmalıdır"
Son zamanlar Ermənistanın hərbi təxribatlarının intensivləşdiyini vurğulayan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Nikol Paşinyanın ölkəsinin sülh gündəliyinə sadiqliyinə dair bəyanatlarını şübhə altına qoyur: "Və bu, belə bir nəticəyə gəlməyə imkan verir ki, hökumət başçısının bu səpkili açıqlamaları sadəcə daxili auditoriya üçün hesablanıb. Məsələ ondan ibarətdir ki, bu cür sabotaj cəhdləri sülh gündəliyinə xələl gətirir və etimad mühitinə kölgə salır. Əvvəl də dediyimiz kimi, provokasiyaların sülhdə maraqlı olmayan üçüncü qüvvələr tərəfindən törədilməsi istisna deyil. Lakin bu, indiki halda bizim üçün əhəmiyyətsizdir. Çünki hazırda Azərbaycanın tərəf müqabili Ermənistan hərbi - siyasi hakimiyyətidir. Deməli, istənilən təxribata görə məsuliyyəti rəsmi İrəvan daşıyır. Bu isə o deməkdir ki, Paşinyan siyasi iradə göstərməlidir. Ermənistan hərbi - siyasi hakimiyyəti üçüncü qüvvələrin pozuculuq fəaliyyətinin qarşısını almalıdır. Beləliklə, həm də öz səmimiliyini nümayiş etdirə bilər".
Zamanın rəsmi İrəvanın əlehinə işlədiyini deyən siyasi ekspetin fikrincə, Paşinyan təxribatların dayandırılması üçün çalışmalıdır: "Əks halda bunu Azərbaycan ordusu edəcək. Əgər qarşıdakı 1 həftə - 10 gün ərzində provokasiyalar yenə də təkrarlanarsa, Azərbaycan ciddi hərbi tədbirlər görə bilər. Növbəti əməliyyatın başlanması da tamamilə gözləniləndir. Çünki söhbət təhlükəsizlikdən və siyasi prioritetlərimiz üçün yaranan təhdiddən gedir".
Vazeh BƏHRAMOĞLU