Erməni separatçısı: “İnteqrasiya mümkün deyil. Qan tökmək atəşi ilə yanırıq”
“Azərbaycan qanunvericiliyinə görə, biz cinayətkarlarıq”
Hurriyyet.az “newsarmenia.am” saytına istinadla xəbər verir ki, Xankəndindəki separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan 25 avqust tarixli videomüraciətində öz tərəfdarlarının Azərbaycana inteqrasiyasının mümkün olmadığını söyləyib.
Azərbaycanın sülh çağırışılarını, qanuni vətəndaşlıq təklifini dərk eləməyən Nersisyan deyib: “Son 30 ildə qarşılıqlı şəkildə bir-birini öldürən insanlar necə birgə yaşaya bilərlər? Hər bir ailədə müharibədə ölənlər var və onların qanlı intiqam atəşi ilə yanan qohumları var”.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük müharibəyə qədər Qarabağdakı erməni separatçılarının bir neçə nəsli azərbaycanlılara qarşı silah qaldırıb, döyüşlərdə yaralananlar, əlil olanlar çoxdur. Nersesyan deyib: “Bizim qəhrəman bildiklərimiz Azərbaycanda cinayətkarlar hesab edilirlər”.
Nersesyan başda olmaqla, separatçıların mövqeyini belə ifadə eləmək olar:
Biz “can” dedik, “çor” söylədi,
Sülh istədik, “zor” söylədi.
Hürr Tərcüman