"Ermənilərin başlatdıqları "etnik təmizləmə kampaniyasının" siyasi perspektivi yoxdur" - FUAD QƏHRƏMANLI
"Qərb çox gözəl başa düşür ki, Qarabağda erməni separatizminin məğlubiyyəti Rusiyanın regionda qalma səbəbini aradan qaldırıb və Azərbaycan-Ermənistan arasında sülhün yolu açılıb"
"ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ermənilərin "etnik təmizləmə" iddialarına münasibət bildirərkən "biz bunu təsdiq edə bilmərik" deyib. Bu, onu göstərir ki, ermənilərin beynəlxalq mediada başlatdıqları "etnik təmizləmə kampaniyasının" siyasi perspektivi yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Qarabağa səfər etmiş BMT missiyasının da bu məsələ ilə bağlı ehtimal olunan müsbət rəyindən sonra məsələ ictimai rəy üçün də əhəmiyyətini itirəcək və heç bir hüquqi perspektivi olmayacaq: "Sonda ermənilərə isə bir az pul verib təskinlik verəcəklər. Qərb çox gözəl başa düşür ki, Qarabağda erməni separatizminin məğlubiyyəti Rusiyanın regionda qalma səbəbini aradan qaldırıb və Azərbaycan-Ermənistan arasında sülhün yolu açılıb. Bunu Nikol Paşinyan da gözəl başa düşür və o, əslində, müxalifətin və Rusiyanın Qarabağ kartı ilə ona etdiyi təzyiqlərdən yaxasını qurtardığına görə məmnundur".
Fuad Qəhrəmanlının sözlərinə görə, indi ermənilərin həyəcanı yatana qədər millətçi ruhda nələrsə danışmaqla, deməklə prosesin sakitləşməsini gözləmək lazımdır: "Paşiniyan indi məsələni belə yola verməklə məşğuldur. Ermənilərin Qərbdə qaldırdığı hay küydən istifadə edib Azərbaycanda ictimai rəyi anti - Qərb ritorikasına köklənməyə çalışanların isə dərdi nə dövlət maraqları, nə də ki, milli mənafelərdir. Onların bir qismi bu yolla Azərbaycanın demokratikləşməsinə qarşı avtoritarizmin vəkilliyini edirlər və digərləri də Rusiyanın "5-ci kalon"u kimi ölkəmizi Qərbə inteqrasiya prosesinə mane olmağa çalışırlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az