📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ERMƏNİLƏRİN BRÜSSEL PANİKASI... – “Danışıqlar prosesində Qarabağın statusu barədə bir kəlmə də yoxdur!”

2022-05-24 11:54:00

ERMƏNİLƏRİN BRÜSSEL PANİKASI... – “Danışıqlar prosesində Qarabağın statusu barədə bir kəlmə də yoxdur!”

“Qarabağ problemilə bağlı danışıqlar mütləq şəkildə Minsk Qrupu çərçivəsində keçirilməlidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın müxalif Daşnaksutyun partiyası Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı rəhbəri və Ermənistan Baş naziri arasında keçirilən son üçtərəfli görüş barədə yaydığı bəyanatda bildirib.

Bununla da hazırda Nikol Paşinyan hökumətinə qarşı keçirilən etirazların əsas təşkilatçılarından olan və həm də digər rusiyapərəst müxalifətin mövqeyini əks etdirən sözügedən partiya Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən görüşlərə və həmin görüşlərdə qəbul olunan qərarlara, razılaşmalara qarşı çıxdığını göstərib.

Erməni müxalifətinin öz mövqeyinin izahı zamanı Minsk Qrupuna istinad etməsi isə sifarişin haradan gəldiyini açıq şəkildə ortaya qoyur. Belə ki, Ukraynadakı işğalçılıq müharibəsi səbəbindən Rusiyanın ABŞ və Fransa ilə birgə iştirakını nəzərdə tutan hər hansı beynəlxalq format mümkünsüzdür. Yaxın müddətdə də bu dövlətlərin, xüsusilə də ABŞ və Rusiyanın münasibətlərinin normallaşması qeyri-mümkün görünür. Belə olan təqdirdə zatən Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra əhəmiyyətini itirmiş Minsk Qrupunu yenidən gündəmə gətirmək cəhdi bir yandan axmaqlıq, digər yandan isə sadəcə, Rusiyanın əlinə oynamaq məqsədi daşıyır. Bu, həm də o deməkdir ki, Moskva əvvəlki görüşlər kimi, son Brüssel görüşünə də qətiyyən şad deyil və orada əldə olunan razılaşmalara qısqanclıq və narazılıqla yanaşır. Bu yanaşmanın Ermənistandakı “missionerləri” isə Paşinyan hökumətinə müxalifətdə duran və günü-gündən hakimiyyətə qarşı təzyiqləri artırmağa çalışan rusiyapərəst müxalifətdir.

Son Brüssel görüşüylə bağlı narazılığını bildirən təkcə Daşnaksutyun partiyası deyil və erməni müxalifətinin böyük qismi eyni fikirdədir. Həmçinin, bu görüşdə əldə olunmuş son razılaşmalar, eləcə də Şarl Mişelin yayımladığı bəyanat müxtəlif rakurslardan şərh edilərək, erməni cəmiyyətində az qala panika yaratmağa çalışılır.

 

Məsələn, erməni türkoloq Varujan Geqamyan son Brüssel görüşünün ermənilər üçün az qala faciəvi sonluqlar gətirəcəyini iddia edir. Onun “news.am” saytında dərc edilən fikirləri belədir: “Danışıqlar prosesində Qarabağın statusuyla bağlı bir kəlimə də yoxdur. Yalnız “Qarabağ regionunda etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən” söhbət gedir ki, bu da ən yaxşı halda ermənilərin Azərbaycanın tərkibində milli azlıq kimi yaşayışını nəzərdə tutur. Bu, Qarabağın ermənisizləşdirilməsi anlamını verir”.

Erməni türkoloq bununla da Ermənistanın Qarabağın “statusu” tələbindən vaz keçdiyini qeyd edərək, hakimiyyəti təslimçilikdə günahlandırır: “Bu da azmış kimi, Brüssel bəyanatında əsasında “Dağlıq Qarabağ muxtar vilayəti” ideyası dayanan “Dağlıq Qarabağ” terminindən ümumiyyətlə istifadə olunmur. Brüssel bəyanatında yalnız “Qarabağ regionu” ifadəsindən istifadə olunur ki, bu da Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına uyğundur və ayrıca ststusu nəzərdə tutmur”.

Azərbaycanla Ermənistan arasında hazırlanan sülh müqaviləsinə də toxunan Geqamyan bu müqavilənin Azərbaycanın ərazi bütövlüyünün tanınması demək olacağını bildirib: “Azərbaycanla sülh müqaviləsi hazırlanır ki, onun da açar müddəası Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Sadəcə, Qarabağın heç bir statusu olmayacaq, ermənilərin “hüquqları və təhlükəsizliyinin təminatı” da yalnız bu razılaşma kontekstində müəyyən ediləcək”. Erməni mütəxəssis bildirir ki, Azərbaycan özünün Ermənistandakı Tavuş və Ararat rayonları ərazilərində yerləşən anklavlarına sahib çıxaraq, Gorus-Qafan yolunda olduğu kimi, Ermənistanın ayrı-ayrı bölgələrini birləşdirən bir sıra yolları və hətta İranla Gürcüstanı birləşdirən yolu nəzarətə götürə biləcək.

Göründüyü kimi, Brüssel görüşləri Moskvanın vasitəçiliyi ilə keçirilən danışıqlardan fərqli olaraq, daha məhsuldar və obyektiv xarakter alır. Bu isə təbii ki, Rusiyanın etirazı və əks həmlələri ilə müşaiyət olunur. Ermənistandakı Rusiya əlaltısı siyasi qüvvələrsə mümkün qədər Brüssel görüşlərini və razılaşmalarını Ermənistan cəmiyyətinə Paşinyanın satqınlığı və təslimçiliyi kimi təqdim edir. Onların “missiyaları” da zatən budur.

Onu da unutmayaq ki, son 30 illik münaqişə tarixində buna bənzər situasiyalar bir neçə dəfə yaşanıb. Hər dəfə tərəflər sülh razılaşmasına yaxınlaşanda, Moskvanın dəstəklədiyi qüvvələr Ermənistanda ya terror, ya da hakimiyyət dəyişikliyi həyata keçiriblər. Hazırda İrəvan küçələrində və siyasi səhnəsində baş verənlər eyni ssenarinin təkrarlanacağı ehtimalını qətiyyən istisna etmir...

“AzPolitika.info”