📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan 1920-ci il aprelin 28-nə qədər olan Qafqaz xəritəsini unutmamalıdır" - ZAUR MƏMMƏDOV

2023-10-13 11:17:32

"Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur"

"Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar 1975- 76-cı ilin olmayan xəritələrinə istinad etməkdədir. Düz 1 il bundan qabaq isə Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan bəyanatında iki ölkə arasında qüvvədə olan delimitasiya haqqında "sənəd" kimi 1929-cu il tarixini göstərmişdi və qeyd etmişdi ki, 1991-ci ildə SSRİ dağılarkən 1929-cu ilin 29.800 kvadratkilomert ilə Ermənistan SSR müstəqillik əldə etdi. Maraqlıdır, niyə məhz 1929? Çünki əgər söhbət delimitasiya, demarkasiyadan və ərazilərin rəqəmlərlə sahəsindən gedirsə, o zaman Ararat Respublikasının sonunda və Ermənistan SSR qurulduğu dövrdəki tarixi hüquqi sənədlərə nəzər yetirmək lazımdır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, hazırda Nikol Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir: "Ona görə də Ermənistan tərəfi SSR xəritələrinə istinad etmək istəyir. Son variant kimi İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək istəyir. Halbuki, 1884-cü ilə istinad etmək də yalnışdır. Çünki o dövrdə də sərhədlər delimitasiya və demarkasiya edilməmişdi. Maraqlıdır ki, hazırda Ermənistan iki il bundan əvvəl tərəfində olmadığı 1970-ci illərin xəritələrinə də istinad etməyə etiraz etmir. Lakin burada da boşluq var. 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə 1984-86-cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi. Qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməmişdir. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi".

Bakı Politoloqlar Klubunun rəhbəri əlavə edib ki, 1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9000 kvadratkilometr əraziyə malik idi: "Buna görə də hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az