Ermənistan 3+3 formatından yayınır – Paşinyan öz nümayəndəsini Tehrana göndərəcəkmi?
İran tərəfi Ermənistanın xarici işlər nazirini “3+3” regional formatında danışıqlar aparmaq üçün Tehrana dəvət edir. Xarici işlər nazirinin müavini Vahan Kostanyanın sözlərinə görə, İrəvan bu görüşdə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib.
“Mümkün görüş Tehranda baş tutmalıdır və biz İran tərəfdən görüşə dəvət almışıq. Hazırda tərəfdaşlarımızla müzakirələr aparılır. Yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacaq”, - o, jurnalistlərə müsahibəsində bildirib.
Ötən həftə Ermənistanın Baş naziri İctimai Televiziyanın efirində İrəvanın Tehranda planlaşdırılan “3+3” formatında müzakirələrə hazır olduğunu bəyan edib və bunun əlavə müzakirələr tələb etdiyini vurğulayıb.
Rusiya və Azərbaycan xarici işlər nazirləri dünən apardıqları telefon danışığı zamanı “3+3” formatının inkişaf etdirməkdə maraqlı olduqlarını bildiriblər. Moskvadan verilən rəsmi açıqlamaya görə, tərəflər “3+3” platformasının fəaliyyətinə yanaşmalarını müqayisə edib və təmasları davam etdirmək barədə razılığa gəliblər.
İkinci Qarabağ müharibəsindən sonra bu regional formatı ilk elan edən rəsmi Ankara olub. 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazın üç dövlətinin üç böyük qonşu ölkənin iştirakı ilə regionun perspektivlərini və problemlərini müzakirə etmək üçün yeni platforma yaratmağı təklif etdi.
Bu formatda və gürcü tərəfi olmadan cəmi bir görüş baş tutub. 2021-ci ilin dekabrında Moskvada Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri regional məsələləri müzakirə ediblər.
Azərbaycan prezidenti bu yaxınlarda Tiflisdə Qranadada keçirilən beştərəfli görüşdə iştirakdan imtina etdikdən sonra bildirib ki, Bakı Gürcüstanda Ermənistanla danışıqlara hazırdır, lakin bunun üçün İrəvanın razılığı lazımdır.
Ermənistan xarici işlər nazirinin müavini Kostanyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə Tiflisidə görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur
Vahan Kostanyan təsdiqləyib ki, İrəvan bu yaxınlarda Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakının cavabını alıb.
“Biz hələ yeni yazılı təklif təqdim etməmişik, müzakirələr aparırıq, bunlar Qranadada qəbul edilmiş bəyanatda təsbit edilən prinsiplərlə eynidir”, - nazir müavini deyib.