📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan Azərbaycana hücum etmək üçün ƏLVERİŞLİ MƏQAM GÖZLƏYİR"

2022-09-27 12:11:00

Məhəmməd Əsədullazadə: "Təbii ki, bu, Paşinyan üçün arzuolunmaz nəticələrə gətirəcək, məğlub olub hakimiyyətini itirəcək"

Kənan Novruzov: "Nikol Paşinyan və komandası anlamalıdır ki, hər bir təxribat onların işini daha da çətinləşdirir, onsuz da az olan şanslarını minimallaşdırır"

Bugünlərdə BMT Baş Assambleyasının 77-ci yığıncağında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan əsassız, cəfəng uydurmalarla Azərbaycanı ittiham edib. Belə ki, Ermənistanın Azərbaycanla bölgədə "uzunmüddətli sabitlik və təhlükəsizliyi" təmin edən sülh sazişi imzalamağa hazır olduğunu iddia edən Paşinyan ölkəmizi Ermənistanın bəzi ərazilərini "işğal etməkdə" suçlayıb.

Düşmən ölkənin baş nazirinin sözlərinə görə, Azərbaycan Ermənistanla sülh sazişi, sərhədlərin demarkasiyası, regional kommunikasiyaların açılması gündəmindən istifadə edərək, özünü bölgədə, Ermənistanla sülhə nail olmağa səy göstərən ölkə kimi təqdim etməyə çalışır: "Sülh sazişinin ən əsas müddəalarından biri Ermənistan və Azərbaycan arasında qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınmasıdır. Biz artıq bunu etməyə hazır olduğumuzu bəyan etmişik, lakin Azərbaycan indiyədək bunu etməyib. Əksinə, Azərbaycan açıq bəyan edir ki, Ermənistanın bütün cənub və şərq hissələri, hətta paytaxt Yerevan Azərbaycan torpağıdır. Əgər Azərbaycan Ermənistan ərazisini tək nəzəri deyil, konkret olaraq beynəlxalq səviyyədə tanınmış 29 min 800 kvadrat kilometr təşkil edən ərazisini tanısaydı, bu, o demək olar ki, biz hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyaraq, sülh sazişini imzalaya bilərik".

Şübhəsiz ki, Nikol Paşinyanın BMT Baş Assambleyasının tribunasından dünya birliyinə müraciəti, Azərbaycana qarşı ünvanladığı əsassız ittihamlar nəticəsiz qalacaq, rəsmi İrəvanın gözlədiyi effekti verməyəcək. Məhz elə bu səbəbdən də Paşinyan daha təsirli dəstək əldə etmək məqsədiylə Ermənistanın "böyük bacısı" Fransaya işgüzar səfər edib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə ABŞ-a üz tutub.

"Siyasi burulğana düşən Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyan BMT Baş Assambleyasındakı çıxışı ilə sülhdə maraqlı olmadığını etiraf edib: "Onu da qeyd edim ki, ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyi günü münasibəti ilə Nikol Paşinyana təbrik məktubunda "Dağlıq Qarabağ xalqı" və Azərbaycanı Ermənistana hücum etməkdə ittiham etməsi, həmçinin Minsk qrupunun fəaliyyətinə ehyam vurması, sərhəddə son hərbi eskalasiya fonunda Vaşinqtonun prosesləri qızışdırmaq siyasətidir. Paşinyan bu kimi siyasi "dəstəkdən" istifadə edib, Azərbaycana qarşı  yeni silahlı təxribatlara əl atır. Təbii ki, Vaşinqton Ermənistana silah və lojistik yardım etməyəcək, amma siyasi mövqeyini ortaya qoymaqla İrəvanı Kremlin orbitindən uzaqlaşdırmağa çalışır. Məhz buna görə də Ermənistana siyasi dəstək xətti götürülüb".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Ağ Evin sərgilədiyi siyasi kurs Ermənistanda ciddi böhrana yol açacaq və ölkə daxilində toqquşmaların baş verməsi ilə nəticələnə bilər: "Artıq Rusiyayönümlü müxalifət toparlanıb Paşinyanın anti-Rusiya siyasətinə qarşı cavab addımları hazırlanır. Eçmiədzində Ermənistanın baş keşişi II Qareginin vasitəçiliyi ilə rusiyayönlü eks-prezidentlər bir araya gəlir. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi proseslərin qarşısını almaqdır. Düşünürəm ki, məhz Eçmiədzinin də bu prosesdə olması, kilsənin və Rusiyayönümlü siyasilərin bir araya gələrək Paşinyana qarşı yeni cəbhənin açılması ilə nəticələnəcək. Onun BMT Baş Assambleyasındakı çıxışına qayıtsaq, deməliyəm ki, Paşinyan bir daha qeyri-obyektiv mövqe sərgilədi. Çıxışında Azərbaycanla sülh müqaviləsinin bağlanması və ərazi bütövlüyü ilə bağlı qeydlər etsə də, həmçinin Qarabağla bağlı "müqəddərat" kəlməsini işlətməsə də yekun sülh müqaviləsinin bağlanmasında bu tezisləri ortaya atır, 10 noyabr Birgə Bəyannamənin maddələrini təhrif edərək beynəlxalq ictimaiyyəti çaşdırır. Bir sözlə, Paşinyanın çıxışı ilə praktiki addımları ziddiyyət təşkil edir. Bu isə onun səhv siyasətinin məntiqi nəticəsidir".

Bu gün Ermənistanın siyasi burulğana düşdüyünü vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, rəsmi İrəvan Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır: "Amma bunun Ermənistan üçün mənfi nəticələri olacaq. Odur ki, Nikol Paşinyan dilemma qarşısındadır, ya sülh müqaviləsinə imza atıb Azərbaycanla münasibətləri normallaşdırıb, regionda iqtisadi inteqrasiyada iştirak edəcək, ya da yenidən məğlub olub hakimiyyətini itirəcək. Onu da bildirim ki, Ermənistanın növbəti dəfə atəşkəsi pozması və üç hərbçimizin yaralanması göstərir ki, bu ölkə danışıqlarda real nəticələrdən çəkinir. Belə ki, Ermənistan Azərbaycana hücum etmək üçün əlverişli məqam gözləyir. Lakin bu, onun üçün arzuolunmaz nəticələrə gətirəcək".

"Əgər Ermənistan hakimiyyəti həqiqətən də sülh və sabitlik istəyir, dövlətinin və millətinin gələcəyini düşünürsə, onda bunu əməldə göstərməli, sülh üçün tələsməlidir"

Rəsmi Bakının İrəvana növbəti xəbərdarlıq etdiyini deyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bu qənaətdədir ki, Ermənistan iqtidarı yekun sülh məsələsində, sərhədlərin müəyyənləşdirilməsində maraqlı ola bilər: "Bunun üçün ən vacib faktor Türkiyədir. Şərqi Avropada davam edən müharibə, Qərblə Kreml arasında mübarizənin güclənməsi Ermənistanı narahat edir. Həmişə kiminsə diktəsi ilə xarici siyasət yeridən bu dövlət bir azdan sonra "ortalıqda qala bilər". Ona görə də İrəvan Ankara ilə diplomatik münasibətləri mümkün qədər tez bərpa etmək, onun "çətiri altına" keçmək istəyir. Türkiyənin qırmızı xətti isə məlumdur: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi. Ermənistanın müxtəlif rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan bir neçə dəfə Cənubi Qafqazdakı sabitlikdə maraqlı olduğunu deyiblər. Buna baxmayaraq, təxribatlar davam edir. Qeyd etmək lazımdır ki, Ermənistan iqtidarının qərarlarına təsir edə biləcək kifayət qədər qüvvə var. Bunlar həm daxildəki müxalifət, həm də Qərb və Kremldir. Provokasiyaların məhz onların diktəsi və ya iştirakı ilə baş tutması istisna deyil".

Siyasi ekspertin fikrincə, hazırda rəsmi İrəvandan ən çox tələb olunan siyasi iradədir: "Əgər Ermənistan hakimiyyəti həqiqətən də sülh və sabitlik istəyir, dövlətinin və millətinin gələcəyini düşünürsə, onda bunu əməldə göstərməli, sülh üçün tələsməlidir. Təxribatları Ermənistan hakimiyyətinin törətməsinin və ya üçüncü qüvvələrin iqtidarı buna məcbur etməsinin bizim üçün heç bir fərqi yoxdur. Paşinyan və komandası anlamalıdır ki, hər bir sabotaj onların işini daha da çətinləşdirir. Provokasiyaların davam etməsi Ermənistan iqtidarının onsuz da az olan şanslarının minimallaşması deməkdir. Odur ki, Paşinyan bunu anlamalı və tez bir zamanda sülh gündəliyinə qayıtmalıdır. Əgər sabotajlar gələcək günlərdə də davam edərsə, bu, düşmənə baha başa gələcək. Bizim təhlükəsizliyimiz naminə həm Qarabağda anti-terror əməliyyatı keçirməyə, həm də müəyyənləşdirilməmiş dövlət sərhədində düşmən təxribatlarına tutarlı cavab verməyə haqqımız var. Ermənistan şanslarını minimallaşdırmaq istəmirsə, gərək bizi bu hüquqlarımızdan istifadə etməyə məcbur etməsin".

Vazeh BƏHRAMOĞLU