"Ermənistan əhalisi yeni sərhədlərə alışmalı, bunu həzm edib sülh üçün çalışmalıdır" - NATİQ CƏFƏRLİ
"Böyük sülh sazişinə mane olanlar İrəvanda Azərbaycan bayrağını hər dəfə yandırdıqca, bayrağımız İravana daha yaxında dalğalanacaq"
"Ermənistanda sülh əlehdarları, revanşistlər, Kremldən gələn əmrləri yerinə yetirərək böyük sülh sazişinə mane olanlar İrəvanda Azərbaycan bayrağını hər dəfə yandırdıqca, bayrağımız İravana daha yaxında dalğalanacaq – necə ki, indi, məsələn, Qafanın 2 km-də, və ya Laçın yolunun girişində dalğalanır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq hesab edir ki, Ermənistan əhalisinin müharibə tərəfdarları, revanş istəyənlərinin bir qisminin davranışlarını psixoloji cəhətdən izah etmək olar: "2020-ci il 44 günlük müharibəyə qədər Ermənistanda ölkənin sərhədlərinin Ağcabədi, Beyləqan, Tər-Tərdən, Horadizdən başladığına, sərhədlərin daim belə olacağına 30 ildir inanan psixotiplər yaranıb. İndi isə Azərbaycan Əsgəri Qafan şəhərindən 2-3 kmdə, həmin şəhərin hava limanından cəmi 300 metr məsafədə dayanıb, bayrağı sərhəddimizə sancıb. Onlar üçün əsas psixoloji problem budur".
REAL-ın icra katibi qeyd edib ki, Ermənistan əhalisi yeni sərhədlərə alışmalı, bunu həzm edib sülh üçün çalışmalıdır: "Bölgəmizdə sülhün təməli Ermənistanın yeni sərhəd reallıqlarını qəbul-həzm etməsindən keçir. Ümid edirəm ki, "həzm" prosesinə Əsgərimizin yeni müdaxilələrinə ehtiyac qalmayacaq. Cənubi Qafqaza sülh və əminəmanlıq gəlsin artıq, bunun üçün tarixi fürsət yetişib".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az