"Ermənistan gələcəkdə rəsmi formada KTMT-dən çıxdığını elan edəcək" - KƏNAN NOVRUZOV
"Bu isə ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də Cənubi Qafqada yeni reallıqlar yaradacaq"
"Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub və görüşlərdə iştirak etmir. "Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb", - hökumət başçısı söyləyib". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.
Ekspertin sözlərinə görə, Nikol Paşinya Ermənistanın KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamayıb, bununla belə, o, bunun yeni ilədək ola biləcəyini istisna etməyib: "Məlum olduğu kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb. Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq Nikol Paşinyana baha başa gələ bilər. Rəsmi İrəvan son zamanlar KTMT-dən çıxmaqla bağlı fikirlər səsləndirir. Bu, Ermənistanın, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşması fonunda baş verir. Ehtimal etmək olar ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı tapşırıq Qərbdən gəlib. Əks halda Paşinyan bu cür riskli addımlar atmazdı. Hətta istisna deyil ki, Qərb İrəvana təhlükəsizlik təminatı verib. Ermənistanın KTMT-dən çıxmasında və İrəvanla Moskva arasında gərginliyin artmasında əsas məqsəd Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəiflədilməsidir. Üstəgəl, Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhənin açılması məsələsi gündəmdədir. Belə ki, İrəvanın Moskvaya qarşı qıcıqlandırıcı addımlarının Rusiyanın Ermənistana hərbi müdaxiləsi ilə nəticələnməsi istisna deyil. Bu zaman Qərb fürsətdən istifadə edərək Cənubi Qafqazda Ukrayna ssenarisini təkrarlaya bilər".
Kənan Novruzov hesab edir ki, Kremldə bu versiyanı nəzərə alırlar, ona görə də Rusiya Ermənistanla bağlı hələ ki, təmkinli davranır: "Yəqin ki, Paşinyan hakimiyyəti bundan sonra da rəsmi Moskvanın "damarına basmağa" davam edəcək. Bu nöqteyi - nəzərdən Ermənistanın Rusiya və KTMT ilə bağlı tənqidi fikirləri davam edəcək. Yəqin ki, Ermənistan gələcəkdə rəsmi formada KTMT-dən çıxdığını elan edəcək. Bu isə ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də Cənubi Qafqada yeni reallıqlar yaradacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az