"Ermənistan hakimiyyəti Moskvanın orduya təsir imkanlarını zəiflətməyə çalışır" - SİYASİ ŞƏRHÇİ
"Paşinyanın sərhəddəki son hadisədən sonra erməni ordusunda kadr dəyişiklikləri etməsi onu göstərir ki, Ermənistan açıq şəkildə yeni müharibə istəmir"
"Azərbaycan Ermənistan sərhəddində baş vermiş hərbi gərginlik barıt çəlləyi yaxınlığındakı qığılcım kimi təhlükəli bir insident oldu. Çünki bu cür olaylar indiki şəraitdə geniş miqyaslı, daha qanlı toqquşmalara yol aça bilər. İki ölkə arasında sülh müqaviləsinin imzalanması səylərinin bu günə qədər baş tutmaması və buna mane olan amillərin regionda güclü təsirə sahib olması onu göstərir ki, hərbi münaqişə ehtimalını göz ardı etmək olmaz". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
Siyasi şərhçinin fikrincə, Ermənistan ərazisindən Azərbaycanın sərhəd postuna atəş açılmasınının arxasında Rusiyanın durduğu şübhə doğurmur: "Baş vermiş insidentdən dərhal sonra Paşiniyanın ordunun Baş Qərargah rəisini, onun müavinlərini, idarə rəislərini dəyişməsi onu göstərir ki, Ermənistan hakimiyyəti də bu təxribatın arxasında Rusiya amilinin olması faktını qəbul edir və baş vermiş hadisədən istifadə edərək ciddi kadr dəyişiklikləri yolu ilə Moskvanın orduya təsir imkanlarını zəiflətməyə çalışır. Azərbaycan tərəfinin bu cür təxribatlara qarşı reaksiya vermək haqqı var, ancaq onu da nəzərə almaq lazımdır ki, əgər Ermənistan hakimiyyəti bu cür halların baş verməsində maraqlı deyilsə, hərbi vasitələrə əl atmazdan öncə qarşılıqlı təmas yolu ilə yeni qanlı toqquşmaların yaranmasını da önləmək olar. Moskva görməlidir ki, istədiyi vaxt sərhəddə təxribat törətməklə tərəfləri münaqişəyə cəlb etmək, sülh prosesinə zərbə vurmaq və Paşinyan hakimiyyətini fərsiz duruma salıb erməni ictimai rəyi ilə toqquşdurmaq cəhdi alınmayacaq. Bu çox vacib və hər zaman diqqətdə saxlanılması lazım olan bir məqamdır".
Fuad Qəhrəmanlı bildirib ki, sərhəddə baş vermiş son olay təkcə hərbi məsələ deyil, bunun siyasi təsiri öncədən sifarişçi və ya sifarişçilər tərəfindən nəzərə alınıb: "Nəyə görə Rusiyanın bu təxribatı məhz Münhen təhlükəsizlik konfransı ərəfəsi də baş tutdu? Maraqlıdır deyilmi? Diqqət etsək görərik ki, bu hadisə yeni münaqişə təhlükəsini bir daha aktuallaşdırıb Azərbaycandakı seçki ilə bağlı səslənən tənqidləri də arxa plana keçirməklə, diqqəti daha çox iki ölkə arasında münaqişənin önlənməsi məsələsinə yonəltdi. Bu isə Qərb siyasi dairələrini hazırkı sülhü qorumaq üçün Münhen təhlükəsizlik konfransında İlham Əliyevlə daha yüksək səviyyədə təmaslara keçməsini zərurətə çevirir. Tətikçi bilməsə də, tətiyi çəkdirən bütün bu nüansları yaxşı hesablayıb. İndi əsas sual doğuran məsələ budur ki, qarşıdakı mərhələdə Azərbaycan və Ermənistan arasında yeni böyük miqyaslı hərbi toqquşmalar ola bilərmi? Paşinyanın sərhəddəki son hadisədən sonra erməni ordusunda kadr dəyişiklikləri etməsi onu göstərir ki, Ermənistan açıq şəkildə yeni müharibə istəmir. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanla müqayisədə hərbi baxımdan daha zəif hərbi imkanlara sahib olduğuna görə hərbi yolla əldə edəcəyi bir məqsədi də yoxdur. Paşinyan çox gözəl başa düşür ki, daha zəif Ermənistan ordusu hər dəfə Azərbaycanla lokal münaqişəyə cəlb olunduqca, verilən sərt cavab nəticəsində yaranan əsgəri itkilər onun imicinə və siyasi kursuna zərbə vurur. Bunu Azərbaycanla sərhəddə məhz bu cür halların önlənməsi üçün öz müşahidəçilərini yerləşdirən Avropa Birliyi və onunla bərabər ABŞ da heç bir halda istəmir. Ümumiyyətlə, Qərb hər hansı silahlı münaqişəni Rusiyanın və onun maraqlarına xidmət edənlərin sülh danışıqlarına mane olmaq planı kimi qiymətləndirir. Azərbaycan isə başa düşür ki, hər hansı hərbi esklalasiya təkcə hərb meydanında Ermənistanla toqquşmaqla bitməyəcək, bu mütləq İrəvanı Rusiyanın hərbi təzyiqindən qorumaq istəyən Qərblə də böyük gərginliyə yol aça bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, müttəfiqimiz Türkiyə də regionda yeni bir hərbi esklalasiyanı qəbul etmir, bunu ötən ili Naxçıvanda İlham Əliyevlə keçirilən görüşdə Ərdoğan açıq mətnlə ifadə etdi. İndiki halda sülh prosesinə zərbə vuracaq yeni bir münaqişə Rusiyanın yerini tutmaqda maraqlı olan Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə ancaq mane ola bilər. Ona görə də Azərbaycan onsuz da Qərblə gərginliyi daha da artırıb özünü çətin duruma salmamaq üçün geniş miqyaslı hərbi münaqişəyə istəkli deyil".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az