📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan iki istiqamətdə hərbi eskalasiyaya hazırlaşır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-16 14:29:00

"Azərbaycan prosesləri qabaqlamalı və düşmənin dayaq məntəqələrinin, döyüş postlarının dağıdılmasına başlamalıdır"

"Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətində artilleriya və zirehli texnika cəmləşdirir. Ermənistan rəhbərliyi sülh danışıqlarında maraqlı olsaydı bu istiqamətdə hərbi qüvvələr cəmləşdirməzdi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan iki istiqamətdə hərbi eskalasiyaya hazırlaşır: "Birinci şərti sərhəddə, ikincisi isə Qarabağda saxladığı hərbi birləşmələr vasitəsilə. Artıq Qarabağda da hərbi birləşmələr artilleriya və zirehli texnikaları döyüş mövqelərinə cəmləşdirir. Azərbaycana qarşı humanitar şoudan istifadə edərək beynəlxalq təzyiqin formalaşdırılmasına nail olduqdan sonra hərbi təxribatlara gedə bilər".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Azərbaycan prosesləri qabaqlamalı və düşmənin dayaq məntəqələrinin, döyüş postlarının dağıdılmasına başlamalıdır: "Danışıqlar prosesi ilə Ermənistan sülh müqaviləsinin bağlanmasına getməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az