📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistan-İran əlaqələrində yeni böhran başlaya bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-12-27 15:15:49

"İran xarici işlər nazirinin Ermənistan səfəri uğurlu olmayacaq, çünki Paşinyan hakimiyyəti siyasi kursunu dəyişməyəcək"

"İranın xarici işlər naziri Hüseyn Abdullahian Ermənistana səfər edəcək. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovla danışdıqdan sonra iranlı nazirin Ermənistana səfəri Moskva ilə kordinasiyalı şəkildə davam edir". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə, Moskva və Tehran Ermənistanın yürütdüyü Qərbyönümlü siyasətdən, həmçinin, regionda ABŞ və Avropa İttifaqının geosiyasi mövqelərinin gücləndirməsinə şərait yaratmasından narahatdır: "Bir neçə gün bundan əvvəl Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutmuşdu. Rəisinin telefon söhbətində Paşinyana Qərbyönümlü siyasət həyata keçirməsindən narahatlığını ifadə etməsi istisna deyil. Görünür, Abdullahianın səfərində Tehranın "qırmızı xətti" İrəvana başa salınacaq. Qeyd edim ki, Ermənistan və İran arasında siyasi problemlər yeni müstəvidə davam edəcək".

Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması istiqamətində atdığı addımlar, Zəngəzur dəhlizinin maneəsiz istifadəsi ilə bağlı müzakirələr və Qərbə inteqrasiya siyasəti Abdullahianın səfəri zamanı müzakirə ediləcək: "İran Ermənistanın yürütdüyü siyasətdən narazıdır. Amma Paşinyan İran və Rusiyanın təzyiqlərinə rəğmən, Qərblə əməkdaşlığı davam etdirəcək. Paşinyan Qərblə inteqrasiyanı davam etdirəcəksə, Rusiya və İran Ermənistan hakimiyyətini cəzalandırmaq siyasətinə əl ata bilərlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşması fonunda Qərbə inteqrasiya İran üçün gözlənilməz bir prosesdir. Tehran Ermənistanın 3+3 formatında əməkdaşlığında maraqlıdır. Baş verən siyasi proseslər fonunda İran xarici işlər nazirinin Ermənistan səfəri uğurlu olmayacaq. Çünki Ermənistan öz siyasi kursunu dəyişməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az